Taleyə azərbaycansayağı kor baxış - 3 REAL HEKAYƏ

17:20 | 26.01.2015
Taleyə azərbaycansayağı kor baxış - 3 REAL HEKAYƏ

Taleyə azərbaycansayağı kor baxış - 3 REAL HEKAYƏ

Son iki gündə bir-birindən fərqli 3 hekayə dinlədim. Məzmunca bir-birindən fərqli, amma mahiyyətçə eyni olan bu hekayələri mənə nəql edənlər bir-birilərini tanımayan, tam fərqli insanlar idi. Hekayələri dinləyərkən onların uyğunluğu məni heyrətə saldı və onları qələmə aldım. Bu hekayələrlə sizləri də tanış edirəm: "Kor tale”yə azərbaycansayağı yanaşma. Yox, bəlkə də taleyin gərdişinə manyakcasına baxış...
Hekayələri oxuyun və özünüz nəticə çıxardın.

 
Birinci hekayə
 
Keçən ilin payız ayında tanışlarımdan biri işlə bağlı Nabrana getmişdi. Öz işini həll etdikdən sonra geri qayıdarkən yol kənarındakı kafelərdən birində yemək yeməyə qərara alır. Bir neçə müddət keçdikdən sonra həm o, həm də kafedə olan digər qonaqlar bir dənə "yeddiliyin”  yol boyunca yüksək sürətlə irəli-geri şütüdüyünün şahidi olurlar.  
 
"Bunun axırı yaxşı qurtarmayacaq” - fikirləşən tanışım bir neçə dəqiqə sonra küçədəki adamların yolun sol istiqamətinə doğru qaçdığını görür.
 
Kafedən çıxanda o, maşının başı üstə çevrildiyini, ətrafdakıların isə sürücünü kabinədən çıxarmaq üçün  kömək etdiyini görür. Xoşbəxtlikdən sürücüyə heç nə olmayıb. Tanışım elə maşının özünün də işlək durumda  olduğunu görür. Heç bir xəsarət almayan sürücünün kefi də yerində olur. Ətrafda onun uçün əndişə keçirən adamlara mahal qoymayan sürücü kafeyə doğru qaçır və maşını kafenin həyətində saxlanılması üçün sahibini razı salır. Daha sonra o, maşının nömrələrin çıxardır.
 
Hadisə yerində çox dayanmayan tanışım maşınına minib Bakıya doğru yön alır. Ancaq 100 metr getməmiş  "yeddiliyin” gənc sürücüsü onun qarşısını kəsib Bakıya getmək istədiyini və onu da aparmağı xahiş edir.

Təxminən, 50 yaşlarında olan tanışım razı olur. Yolda o, öyrənir ki, 20-23 yaşlarında olan bu gənc Azərbaycanın hansısa rayonlardan birində icra başçısının müavini işləyən məmurun yeganə oğul övladıdır. O, tanışıma lovğa-lovğa danışırmış ki, Bakıdakı evlərinin həyətində bu "yeddiliy”ə bənzər daha bir maşını var.

Yaşca gəncdən böyük olduğunu nəzərə alan tanışım ürək qızdırırmış kimi gəncə öyüd-nəsihət verməyi özünə borc bilir. Məmur övladına deyir ki, əsas məsələ nə maşındır, nə də digər adamlar: "Əsas məsələ odur ki, sən evin tək övladısan. Əsas məsələ valideynlərindir. Bax, bir özün düşün, onların səndən başqa heç kimi yoxdur. Əgər növbəti bir qəza olarsa və sən ölərsənsə, onlar necə olar? Valideynlərinə yazığın gəlsin”
 
Cavan oğlanın tanışıma verdiyi cavab çox qısa olur: "Alın yazısı nədirsə,  o da olacaq...”


İkinci hekayə


Qonşu həyətdə yas çadırı quraşdırılmışdı. Həmin həyətdən olan tanışımdan kimin öldüyünü soruşuram.  

Cavabında qonşu bu hekayəni mənə nəql edir: Bu həyətdə 20 yaşlarında cavan oğlan yaşayırmış. Uşaqlıqdan çox ərköyün və davakar biri imiş. Bir gün tanışım onun həyətdə  kiminləsə dalaşdığını və dava əsnasında cibindən bıçaq çıxardığını görür. O, yoldaşına bıçaq zərbəsi atsa da, xoşbəxtlikdən zərbə hədəfə dəymir. Tanışım onlara doğru qaçıb aralayır və özünü yaşca böyük hesab etdiyindən hərəsinin sifətinə bir şillə çəkir.

Oğlanlar aralaşıb öz evlərinə gedirlər. Bir müddət sonra bıçağı əlindən alınan oğlanın atası tanışımın qarşısını kəsib oğlunu nə üçün vurduğunun haqq-hesabını soruşur. Tanışım oğlanın atasına deyir ki, oğlunuz adam öldürə bilərdi və buna görə ömürlük həbsə düşərdi. Yaxud bıçaq onun özünə dəyərdi və başqa fəlakətlər olardı. Oğlanın atası tanışıma təşəkkür əvəzinə nə desə yaxşıdır: "Kişi həbsxanada oturar da... əgər bu onun alın yazısıdırsa... Bir də mənim oğluma əl qaldırma...”

Bir neçə il sonra bu oğlan kimisə öldürür və həbsxanaya düşür. Uzun müddət həbsdə yatandan sonra azadlığa buraxılır. Amma həbsxanadan çıxan gün onu heç kim qarşılamır və o, evlərinə özü gəlir. Heç qapıdan içəri keçməmiş kimsə onu arxadan bıçaqlayıb öldürür. İndi onu kimin öldürdüyü də bilinmir. Kimisi deyir ki, yas çadırı quraşdırılan bu bədbəxtdən intiqam alınıb; ya əvvəl öldürdüyü adamın yaxınlarıdır bunu edən, ya da həbsxanada kiməsə sataşıb və o da belə qisas alıb.
 
Üçüncü hekayə

Sonuncu hekayəni mənə danışan tanışım isə uzun illər Bakının ən məşhur şadlıq saraylarından birində, daha doğrusu yaxınlığında taksi sürücülüyü edib, hər axşam evinə gedən toy adamlarına xidmət göstərib, ailəsinə çörəkpulu qazanıb.

Tanışımın sözlərinə görə, həmin şadlıq evinin sahibəsi bir qadın olub. Qadın həddindən artıq varlı olub. Onun eyni zamanda 3 övladı – 2 oğlu və 1 qızı varmış.Tanışım bildirir ki, həmin bu şadlıq sarayı vaxtilə paytaxtın ən məşhur toy-büsat yerlərindən biri olub. Qadının şəhərdə ailəsinə məxsus çoxlu evləri də varmış. Var-dövlətinin çox olmasına baxmayaraq, övladlarının hamısı narkomana çevriliblərmiş. İlk illərdə ana bununla mübarizə aparır və hətta onları müalicə üçün xaricə göndərir. Ancaq heç nə kömək etmir. Sonra o, vəziyyətlə barışır və yaxın qohumlarına deyir ki, yəqin bu onun taleyidir.  

İki il ərzində o, yeddi evini satır. Çünki rahatlığa öyrəşən, əməklə pul qazanmaq nədir bilməyən uşaqlar durmadan narkotik maddə əldə etmək üçün pul istəyirlər. Hətta tanışımın eşitdiyinə görə, satılan evlərdən birinin pulunu oğurlayan oğlanlardan biri Almaniyaya qaçır.

Qalan uşaqları ilə qadın idarə etdiyi şadlıq sarayının zirzəmisində yaşamağa başlayır. Bir neçə müddət sonra onun ikinci oğlu narkotik maddənin təsiri altında olduğu halda qəza törədir, ümumilikdə yeddi avtomobili əzir. Həmin vaxtda anasının nə bankda hesabı, nə artıq evi və nə də bahalı daş-qaşı olmur. Avtomobil sahiblərinin şikayətlərini təmin etmək üçün o, şadlıq sarayını satmağa məcbur olur. Bu hadisədən sonra qadın və uşaqları bir də gözə dəymir. Artıq kimsə onların başına daha nələrin gəldiyini və harada yaşadıqlarını bilən yoxdur...

P.S. Bu, təkcə həyatları fərqli insanların eyni tale ilə qarşılaşması nümunəsi deyil, bu, həm də bizim müasirlərimizin həyatda hansısa məqsədə görə və nəyəsə qarşı mübarizə aparmaqdan imtina faktıdır. Bu, göstəricidir və hər yerdə, hər şeydə...

Həmid Həmidov

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti