Əsrlərdir saflığını qoruyan kənd-"Təbiət muzeyi"ndən reportaj

01:06 | 19.10.2021
Əsrlərdir saflığını qoruyan kənd-

Əsrlərdir saflığını qoruyan kənd-"Təbiət muzeyi"ndən reportaj

Azərbaycanın cənub-şərq ətəklərində, xəritədə ən sonuncu nöqtədə yerləşən Astaranın Sım adlı bir kəndi var. Yayda qonaqlarla dolub-daşan, payızda isə öz qınına çəkilən, açıq səma altında təbiət muzeyi hesab edilən Sım kəndi.
 
Qayalıqlar arasında olan Sım kəndinin adının mənası talış dilində "böyük daş” deməkdir. Astara şəhərinin mərkəzindən 45 km uzaqlıqda yerləşən Sıma getmək üçün ilk öncə Bakıdan Astaraya gedən avtobusla yola çıxdıq. Bunun üçün təqribi 10 manata yaxın xərciniz çıxacaq. Astarada diqqətimizi çəkən əsas məsələ velosipedlərdən nəqliyyat vasitəsi kimi geniş istifadə edilməsi idi. Şəhərin küçələrində hər addımbaşı velosiped və motosikl sürənləri görmək olurdu. Kimi harasa qonaq gedirdi, kimi isə işə tələsirdi. 
 



Axşam saatları olduğu üçün şəhərin mərkəzindən kəndə taksi ilə gəlmək üçün nə az, nə çox 40 manat pul ödədik. Astaradan Ağ körpü adlanan kəndə qədər yollar çəkildiyinə görə, istənilən nəqliyyat vasitəsilə rahat gəlmək mümkündür. Amma həmin kəndi keçdikdən sonra yağışlı-palçıqlı, daş-kəsəkli yollar sizi gözləyəcək. Bu yollar isə yüksəkliyə qalxa bilən nəqliyyat tələb edir. Amma bəxtimizdən hava ilıq olduğuna görə, yağış suları qurumuşdu. Yerli camaat deyir ki, səhər və ya günorta saatlarında gəlsəniz, "qazel” adlanan avtobusla 3-4 manata kəndin yarısına kimi gedə bilərsiniz..
 
Astara təndir çörəyi ilə məşhur olduğu üçün yol kənarında dayanıb təzə bişmiş təndir çörəklərdən alıb, daha sonra yolumuza davam edirik.

 
Kəndə girəndə isə sanki "Qızıl payız” adlı nağıllar aləminə səyahət edirsiniz.  Hündür, qırmızı və sarı rəngli ağaclar,onların arasında gizlənən rəngli,başı tüstülü kiçik evlər, xəzana bürünmüş yollar, yollarda qaçan mal-qara, keçilər və qoyunlar sizi müşayiət edəcək.


Payız-qış aylarında havanın tez qaraldığını nəzərə alıb, kəndi sizinlə tanış edəcək bələdçi tapmağınız məsləhətlidir. Bələdçilər isə elə sizin günlük kirayə tutduğunuz ev sahibləri də ola bilər. Burada hotel və ya hostel yoxdur. Əgər bir neçə gün Sımda olacaqsınızsa, 10-a yaxın ev sahibləri sizə öz evlərini kirayələyəcək. Kirayə evlərin qiyməti isə 25 manatdan 50 manata kimi dəyişir. Bizi də evində qonaq edən Sım sakini Elman Yusibov və həyat yoldaşı Əsmər xanım oldu.
 
 
Onların evi Sımın "Ute” adlanan məhəlləsində yerləşir. Ute sözünün mənası çökəklik deməkdir. Bir qisim sakinlər inanır ki, bu sözün mənası utilərdən gəlib. Məhəllə isə özü adından göründüyü kimi çökəklikdə yerləşir.
 
Elman bəy deyir ki, onlar gələn qonaqlara konkret qiymət demir. Deyir, qonaq onların xidmətindən nə qədər məmnun qaldısa, öz ürəyindən keçən qədər ödəniş edə bilər.
 
" Əgər evimizə gələn insanlar bizdən razı qalırsa, deməli, işimiz davamlı, qonaqlarımızın sayı da bol olacaq. Əgər 5 manatlıq xidmətə 100 manat oxusaq, o qonaq bir daha bizim qapımızı açmaz”.
 

 
Axşam 9 radələridir. Kənd evlərinin damlarının tüstüsü firuzəyi rəngli səmaya qarışıb. İnternet olmadığından bir saata yaxın bu mənzərəni seyr etməklə vaxt keçirdik. Əsmər xanımın bizi qonaq etdiyi Astara çayından içib bir az söhbətləşdikdən sonra dincəldik.
 
İlıq havalı, oktyabr səhəridir. Kəndi gəzdikcə ayağının altında xırçıldayan rəngli yarpaqlar, yol kənarlarında bitən rəngli çiçək və göbələklər, mandalin, alma ağaclarından meyvələr dərən insanlar, hündür təpələrdə uşaqlarla birgə oynayan keçilər Sımın payızını təsvir edən ən yaxşı nümunə idi.
 
Elman bəy və Əsmər xanım bizi səhər yeməyinə səsləyir. Ev sahibləri deyir ki, süfrədə gördüyümüz hər şey-bal, yağ, pendir,mürəbbə, süzmə, çörək və çay orqanik məhsullardır. 
 


 
Kəndin eyniadlı şəlaləsinə gəldik. Qaldığımız evdən şəlaləyə 15 dəqiqə piyada getməli olduq. Ümumiyyətlə, Sım çoxlu bulaqları və şəlaləsi ilə məşhurdur.
 
Sımda yerləşən "Gəlin qayası", "Ballı qaya", "Şah daşı" adlı bir sıra nəhəng daşlar var ki, onlarla bağlı rəvayətlər nəsildən nəsilə ötürülərək qorunub saxlanılır. 
 



 
Utilər məhəlləsində futbol meydançası adlanan bir yer var. Bizi burada vaxtilə Sım futbol komandasının futbolçusu olmuş Ruslan Əliyev qarşılayır. Deyir, sənəddə 52 yaşı olsa da, ruhu 15 yaşındadır.
 
" Futbol bizim dövrümüzlə birgə getdi. Vaxtilə biz Astarada meydan oxuyan komanda olmuşuq. Stolüstü oyunları da bacarıram, futbol və voleybolla da məşğul olmuşam. Bu meydança əvvəllər belə deyildi, bura yerli camaat sərmayə qoyub. Bir traktorla buranı ərsəyə gətirmişik. Bizim vaxtımızda da sponsorumuz olsaydı, biz indi daha irəliyə getmişdik. İndi də arada futbol oynasam da, hazırda Sım kənd folklor evində işləyirəm.”,-deyə R.Əliyev gülümsəyərək öz xatirələrini bölüşür. 

 
 
Ruslan bəyin sözlərinə görə, soyuq aylarda odunla işləyən peç gələn qonaqlar üçün romantik görünür.
"Amma odunla evləri qızdırmaq həm də çətindir.Hər otaqda bir peç olur. Bir sezon ərzində bir otağı isindirmək üçün bir maşın odun kifayət edir. Amma qonaq gəlsə, 3 peçi qalamaq üçün mənə 4 maşın odun lazımdır. Onu da kəndə gətirmək çətindir. Çünki yol infrastrukturu qurulmalıdır”,-deyə o bildirib.
 
Kənd sakini deyir, burada həll edilməli olan 3 vacib məsələ var: Yol,qaz və internetə çıxış imkanı. O düşünür ki, əgər bu məsələlər həll edilsə, payız və qış aylarında bu kənd insanlar tərəfindən unudulmaz.
 

 
Həmsöhbətimiz Sımın turizm potensialının inkişaf etdirilməsi ilə bağlı təkliflər də verdi. O deyir ki, kənddə turizm sahəsi ilə bağlı ofis yaradılıb qonaqların qəbul edilməsi ilə bağlı işləri sivil şəkildə icra etmək olar. Həmin ofisdə turistlərin qəbulu, onların bələdçilərlə təmin edilməsi və yerləşdirilməsi işləri həyata keçirilə bilər. Sımda kütləvi turizm deyil, individual ailə turizmi, ekoturizmin əksər növləri (atçılıq marşurutları, hiking), mədəni turizm, aqroturizmlə bağlı çoxlu işlər görülə bilər.
 
Ruslan bəy bizi öz evinə aparıb illərdir torpağından qazıb tapdığı qədimi əşyaları göstərdi. Deyir, evinə ziyarət edən xarici qonaqlar bu mirasları əldə etmək üçün növbəyə düzülürlər:
" Neçə illərdir mən bu əşyaları yığmışam. Biz əkinçiliklə məşğul oluruq. Hər dəfə torpağı əkib becərdikcə, hər dəfə torpağa kürək vurduqca bir əşya tapırdım. Bu əşyalar bizim keçmişimizdir. Yəni vaxtilə burada yaşamış insanlar bu əşyalara əmək sərf edib. Çox insan istədi ki, məndən satın alıb öz məmləkətinə aparsınlar. Amma mən çox istəyirəm ki, bir muzey yaradım. Məhz Sıma məxsus bir muzey. Tariximiz bu muzeydə əks olunsun”.


 
Ruslan Əliyevin xanımı Aliyə Xalıqova (Sımlı) şairədir. Aliyə xanım deyir ki, evinə gələn qonaqları üçün öz əlləri ilə talış mətbəxindən yeməklər bişirir, yazdığı şeirlərdən söyləyir.
 

 
" Talış mətbəxinin əgər plov növlərindən başlasaq, 10-a yaxın plov növü var. Süzmə plov, daşma plov, süd plovu,qara plovu,boranı plov, lərgə plov əsas plov növləridir. Başqa bölgələrdə plov sözünə aş deyirlər. Biz isə aş sözünü sulu yeməklərdə istifadə edirik. Talış mətbəxinin tacı isə ləvəngi hesab edilir. Ləvəngi sözünün mənası qarından boğazacan dolu deməkdir. Deməli, bu yeməyin balıq, toyuq, müxtəlif ev quşları və badımcan növləri var. Biz ləvənginin içliyini qoz ləpəsi, soğan və alça turşusu ilə düzəldirik. Bizim mətbəximizdə bir xüsusi yemək də var ki, o talışca "patə” adlanır. Patə sözünün mənası bişmiş deməkdir. Bu yeməyi müxtəlif tərəvəzlər- badımcan, boranı,bitki və göyərtilərdən bişiririk. Əsasən heyvan əti yeməyənlər patə yeməyinə üstünlük verir. Qonaqlarımızın biri bir dəfə söyləmişdi ki, sizin cənub mətbəxini yalnız italiya mətbəxi ilə müqayisə etmək olar, bənzərsiz təamlarınız var”.
 
Aliyə xanım deyir ki, Sıma gələn qonaqları çay daşlarından tikilən, divarları palçıqdan olan evlər cəlb edir. " Bizim evə gələn xarici qonaqlar bu sadə daxmamıza möcüzə kimi baxırlar. Bizə deyirlər ki, siz keçmişi qoruyub saxlamısınız. Bəlkə də yerli qonaqlar düşünür kibu yoxsulluqdan xəbər verir. Amma xaricilər üçün bu təbiiliyi ehtiva edir. Astara şəhərinin özündən fərqli olaraq Sımda rütubətlilik yoxdur. Ona görə də evlərimiz bir başa torpağın üzərində tikilib”,- deyə qadın sözlərinə davam edir.
 

 
Ruslan bəy alma ağacından dərdiyi almalardan verib dedi ki, kənd camaatı ancaq bayramdan-bayrama bazardan meyvə alırlar.
 
" Bizim kəndimizdə bazar yoxdur. Bazar üçün Astaranın özünə getmək lazım gəlir. Amma ət kəsmək lazımdırsa özümüz edirik, meyvə-tərəvəz lazımdırsa özümüzün həyətində əkib-becərdiklərimizlə qidalanırıq. Əgər kiminsə həyətində həmin meyvə ağacı yoxdursa, qonşudan ala bilər. Bir-iki dükan var. Orada da müxtəlif ərzaqlar əldə etmək olar. Amma həmin dükanlardan tapa bilmədiyimiz nəsə olarsa, kəndə Astaranın özündən maşınlar, qazellər gəlir. Onlara zəng edirik, kəndə gələndə bizim üçün gətirirlər”.
 

 
Əhalisi 600-ə yaxın olan Sımda yaşayanların hamısı talış etnik qrupuna aiddir. Bu kənddə yaşayanların demək olar ki, hamısının qohumluq əlaqəsi var. Yerli əhalinin təbirincə desək, hamı bir kişinin övladıdır.
 
Kənd camaatı əsasən əkinçilik, maldarlıq və arıçılıqla məşğul olur. Barmaqla sayıla biləcək qədər ailə isə turizm sahəsi ilə məşğuldur. Elə ailələr var, öz evlərini burada qonaqların istismarına versə də, özləri Bakıda yaşayır. Elə ailələr də var ki, dədə-babadan qalma evlərinin yanında iki mərtəbəli ev tikib Sıma qonaq gələn turistləri qonaq edir.
 
Onlar inanır ki, kənddə hotellər tikilərsə, Sımın adət-ənənələri, milli mətbəxləri zamanla itəcək. Beləliklə, cənnət muzeyi olan bu kənd dağılmağa başlayacaq. Şəhərləşən kəndlərdən fərqli olaraq, əsrlərdir Sımın dəyişməyən tək sirri isə buranın saflığının qorunub saxlanıla bilməsindədir.
 










 
Samirə Əli

Material Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb