"Tələbə krediti üçün şərtlər çox ağırdır" - Ekspert

17:25 | 05.01.2017

"Tələbə krediti üçün şərtlər çox ağırdır" - Ekspert

Azərbaycanda dövlət hesabına təhsil alan tələbələrə təhsil kreditləri verilə bilər. 

"Maarifçi" Tələbə Kredit Fondundan verilən məlumatına görə, bakalavrlar təhsil haqqı kreditinə daha çox ehtiyac duyduqlarından növbəti elan sessiyası zamanı bakalavr pilləsində təhsil alan tələbələr üçün kreditlərin ayrılması nəzərdə tutulur.

"Fond tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. kimi ehtiyac və təyinata görə kreditlər təqdim etməyi planlaşdırır. Amma hazırda təhsil haqqı kreditləri daha prioritet hesab olunur”, - deyə Fonddan bildirilib.

Təhsil eksperti Kamran Əsədov ANN.Az-a açıqlamasında bildirib ki, 2016-cı ildə bu Fonddan yararlananların sayı çox təssüf ki, cəmi 20 nəfər olub: 

 
 
"Çünki fondun tərtib etdiyi şərtlər kifayət qədər çoxdur. Ən ağır şərtlərdən biri ondan ibarətdir ki, valideynlərinin illik gəlirləri rəsmi şəkildə 10 min manatdan çox olmalıdır. Azərbaycan reallığında müəyyən etsək ki, kiminsə gəliri bu məbləğdən çoxdursa, onun kredit almağa heç bir ehtiyacı yoxdur. Ötən ilə qədər yalnız dövlət universitetlərində oxuyan tələbələrin təhsil haqlarının verilməsini "Maarifçi" Tələbə Kredit Fondu həyata keçirirdi. Bu ildən etibarən isə həm də xaricdə oxuyan tələbələr də bu kreditdən yararlana biləcəklər. Əsas şərtlərdən biri ondan ibarətdir ki, onlar oxuduqları müddətdə təhsil haqlarını bu fond vasitəsi ilə ödəyirlər. Təhsillərini başa vurduqdan sonra bir il müddətinə onlara vaxt verilir. Sonradan isə tələbələr mütləq şəkildə işlə təmin olmalıdırlar ki, aldıqları kreditləri faizlə geri qaytarsınlar. Əlbəttə digər kredit müqavilələrilə müqayisədə bunun şərtləri kifayət qədər yaxşıdır. Məsələn, qonşu Türkiyədə hər kəs bu kreditlərdən istifadə edir. Ancaq həmin fondun bizimkindən fərqli olaraq, bir çox özəllikləri var. Türkiyədə kreditin verilməsində belə bir şərt var ki, xanım tələbə bu kreditdən istifadə etdiyi müəddətdə ailə həyatı qurarsa, fond tərəfindən həmin kredit bağışlanır. Azərbaycanda isə nə dövlət, nə də özəl sektorda kreditlərin bağışlanması kimi təcrübə yoxdur. Bu baxımdan, "Maarifçi" Tələbə Kredit Fondunun bəzi güzəştləri olarsa, daha yaxşı olar".

 
 
"Fonddan kredit verilməsi üçün müəyyən etdiyi tələblər ağırdır. Sənədləşmə prosesində tələb olunan sənədlərin çoxluğu müraciət edənlərdə xeyli problem yaradır. Məsələn, Fondun tələbində göstərilir ki, müraciət edən tələbələrin akademik göstəricisi 71 baldan yüksək olmalıdır. Nəzərə alsaq ki, bu gün Azərbaycanda 160 min tələbə var, onların yalnız 33%-nin akademik göstəricisi 70%-in üzərindədir. Hesab edirəm ki, bu göstərinin 71 baldan çox olması düzgün yanaşma deyil. Digər yalnış tələb isə valideynlərin illik gəlirinin 10 manatdan çox olmasıdır. Əgər şərtlər yumşaldılarsa, kreditlər üçün müəyyən edilən faiz dərəcələri azaldılarsa, müraciət edib uğur qazananların da sayı artacaq. Ötən ilki statistikaya baxsaq, görərik ki, müraciət edənlərin sayı 12 mindən çox olub, ancaq onlardan cəmi 20 nəfərə kredit verilib. Bu, heç də ürəkaçan göstərici deyil. Son üç il ərzində beş min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsil almaqdan məhrum ediliblər. Əgər bu kreditlər normal şəkildə verilsəydi, yəni yüngül şərtlərlə hər kəsə şamil edilsəydi, biz bu qədər tələbəni itirməzdik”, - deyə K.Əsədov əlavə edib.
 
 
"Maarifçi" Tələbə Kredit Fondundan ANN.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun təhsil kreditləri tələblərində güzəştlə bağlı hər hansı dəyişiklik yoxdur:

"Kredit növlərində və şərtlərində dəyişiklik yoxdur. Yaxın günlərdə Fondun nəzarət orqanı olan Himayəçilər Şurası ilə yığıncaq keçiriləcək və dəyişikliklər olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Fonddan həmçinin bildirilib ki, təhsil kreditləri aşağıdakı şərtlərlə verilir:

 
 
"Təhsil haqqı krediti tələbələrin illik təhsil haqqı məbləğində təqdim olunan uzunmüddətli kreditdir. Standart və güzəştli paketlərdə verilir”.

Standart təhsil krediti:

- Tədris ili üzrə cəlb oluna biləcək borcun üst həddi: 4,000 AZN
- İllik faiz dərəcəsi: 8.0%
- Güzəşt müddəti (məzun olduqdan sonra): 12 ay*
- Qaytarma müddəti (məzun olduqdan sonra maksimum): 60 ay
- Cəmi cəlb oluna biləcək borcun üst həddi: 20,000 AZN
- Ödəmə dövrülüyü: Aylıq
- Ödəmə növü: Dövr sonu
- Kreditin qaytarma növü: Annuitet
- Faizin hesablanma dövrü: İllik
- Zamin və ya girov tələbi: Yoxdur

Digər şərtlər:

- Tədris və güzəşt müddətində əsas məbləğ üzrə ödənişlər edilmir.
- Tədris müddətində faizlər ödənilmir və borc məbləğinə əlavə olunur.
- Güzəşt müddətində faizlər ödənilmir və borc məbləğinə əlavə olunur.
 
Güzəştli təhsil krediti: 

Standart təhsil krediti şərtləri eynilə qalır, lakin aşağıdakılar fərqlənir.

- llik faiz dərəcəsi: 6.0%

- Güzəşt müddəti (məzun olduqdan sonra): 24 ay*

- Qaytarma müddəti (məzun olduqdan sonra maksimum): 120 ay
 
* Güzəşt müddəti, hərbi xidmətdə olduğunu təsdiq edən sənəd təqdim edildiyi təqdirdə, əlavə 1 il uzadılır.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb