"Vətənə dönmək üçün gec qalmışam" - Türkiyədə yaşayan peşəkar tərcüməçi həmyerlimiz

10:17 | 16.02.2015

"Vətənə dönmək üçün gec qalmışam" - Türkiyədə yaşayan peşəkar tərcüməçi həmyerlimiz

Ötən əsrin 90-cı illərindən indiyədək Türkiyədə yaşayan və burada özünə karyera quran müsahibimiz peşəkar sinxron tərcüməçidir. Həmyerlimiz gülərüzlü, pozitiv bir xanımdır. Həyat yoldaşı azərbaycanlı olan və bir oğul sahibi Təranə Əliyeva ilə söhbətə İstanbula gəlmə tarixçəsindən başladıq.

- Təranə, Türkiyəyə necə gəldin?

- 1992-ci ildə İstanbulda yaşayan türk rəfiqəmə qonaq gəlmişdim.  O, həkim idi. Həmin vaxt İstanbul çox xoşuma gəlmişdi, heyran qalmışdım bu şəhərə. Rəfiqəm "bir halda ki, buranı sevdin, o zaman sənə burada iş tapaq, qal işlə” dedi və elə özü qəzetdəki elanlara baxıb mənə iş axtarmağa başladı. Daha sonra elandakı 3 yerə özü zəng vurub anlaşdı. Ən maraqlısı o idi ki, məni hər üç iş yeri qəbul etdi. Seçim etməli idim və mən də karyera qura biləcəyim böyük holdinq şirkətini seçdim.

- Nə iş idi?

- Xarici ticarətlə məşğul olan şirkətlər qrupu idi. Rusca bilən və iqtisadi məsələlərdən anlayan tərcüməçiyə ehtiyacları vardı. Türklərin mentalitetini, ölkədaxili vəziyyəti öyrənib biliklərimi artırdıqdan sonra işimlə paralel olaraq tərcüməçilik karyeramı daha da inkişaf etdirmək qərarına gəldim. O zaman Moskvada Asiya-Afrika Xalqları İnstitutu türkologiya fakültəsində sinxron tərcümə kursu açılmışdı.  Mən Moskvada bu kursu bitirib Bakıya döndüm. Evimi satdım və İstanbulda yaşamaya qərar verdim. Və 20 ildən çoxdur İstambuldayam.
 
 
 
 
- Əsas ixtisasın nədir?

- Teatrşünaslığı bitirmişəm.  O zamankı İncəsənət İnstitutunun (hazırda Mirzağa Əliyev adına İncəsənət Akademiyası) teatr tənqidi və tarixi fakültəsinin məzunuyam.

- Sən Bakıdan gedəndə Azərbaycan çox qarışıq bir dönəmdən keçirdi...


- İstanbula köçməyimin səbəbi o vaxtkı qarışıqlıq deyildi. Çünkü Bakıda da yaxşı işim vardı. Mən AzTV-də o zaman kinolarla bağlı proqramın aparıcısı idim. Eyni zamanda məqalələrlə çıxış edirdim, "Baku” qəzeti ilə əməkdaşlıq edirdim. Həmçinin "Gənclik”, "Vışka”, "Bakinskiy raboçiy”də  "Təranə Balayeva”, "Təranə Oktayqızı” imzası ilə yazırdım. Həmin ərəfələr tam da yəhudi və ermənilərin Bakıdan köçdüyü zamanlar idi. Məni "Baku” qəzetinə ştata götürdülər. Ona qədər bizim kimi gənclərin qəzetlərdə ştata alınması mümkün deyildi. Onlar gücləri çatdıqı gədər bizə əngəl olurdular. Şöbə müdürüm Orxan Vəlixanlı idi. O işdən ayrılanda məni onun yerinə təyin etdilər. Xarici səfərlərə göndərilirdim, beynəlxalq tədbirlərə qatılırdım. Daha sonra "Avrasiya”  xəbər agentliyində bir müddət işlədim. Bunları sadalamaqda məqsədim odur ki, bir karyeram vardı. Bura gəldiyimi eşidənlərin çoxu tezliklə Bakıya dönəcəyimi düşünürdü, amma burada 1 il çalışdıqdan sonra dönməyəcəyimi anladım. Doğrusu, şərqə lap əvvəldən böyük marağım yox idi. Heç vaxt Türkiyədə qala biləcəyimi də düşünməzdim. Yaşamaq üçün Avropanı fikirləşə bilərdim, amma Türkiyəni əsla. Amma heç demə Avropa burada imiş əslində.
 
 
 
 
- Təranə, tənqidçilik, jurnalistika sahəsində çalışdıqdan sonra tərcüməçilik üzrə işləməyə qərar verdin. Buna məcbur qaldın?

- Tərcüməçilik məcbur olduğum bir peşə idi. Burada jurnalistlik və teatr tənqidçiliyi ilə məşğül ola bilməzdim. Bu yerlər yetərincə dolu idi, yəni bu kadrlara ehtiyac yox idi. Buna görə də hətta bir daha mənə gərək olmayacağını düşündüyüm rus dilindən istifadə etməyə başladım. Yoxsa, mən artıq azərbaycanca öyrənib azərbaycanca yazmağı düşünürdüm.

- Təxminən sənin buraya gəldiyin vaxtlardan Azərbaycanda əksəriyyət belə fikirləşirdi ki, rus dili artıq bizə gərək deyil, amma sən həmin vaxtdan məhz bu dil vasitəsilə çörək qazanmağa başlamısan, özünə karyera qurmusan. Yəni "Ruslar sağ olsun!” deyək?


- Yox, rus dili sağ olsun. Ümumiyyətlə, xarici dil bilmək Allahın böyük hədiyyəsidir.

 
 
 
- Burda yenidən karyera qurmaq, sıfırdan başlamaq çətin olmadı ki?

- Yox, asan oldu deyə bilərəm. Çünki burada da rus dilinin perspektivləri yaranan başlanğıcı yaxalamışdım. Hər zaman mənim bir alternativim vardı, hər zaman məni gözləyən və daha çox maaş təklif edən yer vardı.

- Tərcümə etmək çox asan bir iş deyil məncə. Hələ söhbət sinxron tərcümədən gedirsə…


- Tərcüməçilik sadəcə tərcümə etməklə bitmir. Siyasətcil, diplomat olmaq lazımdır. Bunları bacarmasan işlərin pozula bilər, qarşı tərəflə inam problemi yaşaya bilərsən. Bu zaman isə keçmiş jurnalistlik praktikam mənə kömək oldu.

Artıq 7 ildir sərbəst işləyirəm. Heç bir şirkətə bağlı deyiləm. Sadəcə Türkiyə Konfrans Tərcüməçiləri Assosiasiyasının üzvüyəm. Türkiyədə rusca tərcümə etmək lisenziyası qazanan iki nəfər var - biri mən, biri də Qazaxstandan olan həmkarım. Bu mərtəbəyə qalxmaq asan başa gəlməyib - çox sayda imtahanlardan keçmişəm - namizədliyə namizəd olmaq,  sonra namizəd olmaq var, keçmək gərəkən çox ciddi komissiya var. Həmin komissiyanın tərkibindəki üzvlər Bogaziçi, Hacettepe, Bilkənt kimi universitetlərin müəllimləridir. Çalışdığın heç bir konfransdan şikayət almaman əsas şərtdir. Biri "mən bununla çalışdım, yaxşı deyil” desə, əngəllənə bilərsiniz.

- Demək sən burada türklər üçün "tapılmayan ipəksən” deyə bilərik...


- Təvözökar olmayacağam. Türkiyədə rusca yetərli olduğunu deyə biləcəyimiz üç nəfər var. Bir o qədər də yetərli olmayan var. Amma dövlət səviyyəsində, diplomatik səviyyədə üç nəfər var və mən onlardan biriyəm.
 
 
 
 
 
- Rusca danışan ölkələr çoxdur. Kimləri tərcümə etməyi sevirsən?

- Mənim könlüm türksoylu ölkələrin problemlərindən bəhs edən işlərdən ibarətdir. Belə tədbirlər həm könlümə xitab edir, həm də pul qazanmış oluram.

- Bu zamana qədər tərcüməçilik beynəlxalq  və ya diplomatik tədbirlərdən yadında qalan "kabus” anlat desəm...

-  Belə bir toplantı təxminən 3 il əvvəl olub. Hər iki tərəf dirənmiş və bir ortaq nöqtəyə gəlmək istəmirdilər. Rus və türk tərəflər xeyli mübahisə havasına girmişdilər. Millət vəkilləri, dövlət məmurları da vardı tədbirdə. Çox önəmli bir toplantı idi.  Siyasi bir məsələni sonra fərdiləşdirdilər, çox gərgin bir ortam yarandı.  Hər iki tərəfin qırıcı sözlərini və hətta söyüşlərini mən olduğu kimi tərcümə etsəydim, böyük bir skandal yaranardı. Mən deyilənləri yumşaltaraq diplomatik bir dilə çevirirdim. Toplantı bitdikdən sonra tərəflərin əl sixaraq bir-birlərindən ayrıldıqlarını görəndə özümlə qürur duydum.  

- Tərcüməçi barışdırıcı missiyasını yerinə yetirə bilir demək ki...

- Təbii ki, yorumdan qaçarsa və də bunu etik davranış çərçivəsində edərsənsə, barışdırıcı olur. Tərcüməçinin özünü gəliştirməsi önəmlidir. Stress təsiri altında ağzından çıxacaq söz çox önəmlidir. Çünki qarşı tərəf bir-birini tam olaraq eşitmir, tərcüməçi vasitəsiylə eşidir. Tərcüməçinin səs tonu, vurğuları və hətta o andakı ruh halı qarşı tərəfə təsirsiz ötüşmür.
 
 
 
 
- Bəs əyləncəli bir şey xatırlasan ...

- Toplantıların birində tərəflər danışıb qurtardıqdan sonra rus nümayəndəyə vidalaşmaq üçün imkan verildi. O da toplantıya dəxli olmayan məsələlərdə uzun-uzadı danışmağa başladı. Mən də səbrlə tərcümə edirdim. Hər kəs artık ayaqda, getmək həvəsində, amma adam susmaq bilmir. Sonunda bitirdi və türklərdən biri "arkadaş, sazı əlinə almış, bırakmaz” deyə bir zarafat elədi. Mən özlüyümdə fikirləşdim ki, rus nə bilir saz nədir, ona görə də "saz”ı sözünü "balalayka” ilə əvəz elədim. Bu dəfə də ruslardan biri zarafat elədi ki, "tərcüməçi uydurur, türk nə bilir balalaika nədir?” Çox güldük.
 
 
 
 
 
-  Azərbaycan üçün darıxırsan?

- Darıxıram...

- Ən çox?


- Evim və yaşadığım məhəllə üçün , dostlarım üçün darıxıram. Onlarla burda da görüşürəm, amma mənə o zövqü vermir. Məhz orada, o mühitdə görüşmək üçün darıxıram.

- Ən son Bakıda nə zaman olmusan?

- 7 il əvvəl...

- Uzun müddət deyil?

- Çoxdur.

- Niyə getmirsən?

- Qışda daha çox işlərim olur. Yayda sağlık səbəbindən nəm ortamı yüksək yerlərdə olmamalıyam. Ürək problemim var. 7 il əvvəl gedəndə çox problem yaşadım. Tibbi müdaxilə lazım oldu və heç kimlə əməlli-başlı görüşə bilmədən geri döndüm.

-  Bəs təməlli dönmək istərmisən nə zamansa?

- Yox istəmirəm, bunu dəqiq bilirəm ki, istəmirəm.

- Səbəb?


- Azərbaycan dəyişikliklər olan dönəmi, keçid dövrünü çox sürətlə yaşadı. Mən o dəyişikləri yaşamadım, kənarda qaldım. Bəlkə də indi Azərbaycanda hər şey çox yaxşıdır, amma mənim alışa biləcəyim bir mühit deyil. Bir də insan bəlli bir yaşa gəldikdən sonra fərqli şəraitə uyğunlaşa bilmir. Mən çox gerikmişəm, vətənə dönmək üçün gec qalmışam.
 
 
 
 
 
- O zaman Azərbaycan sənin üçün yadlaşıb...

-  Çox. Azərbaycanda həyatın çox yavaş tempdə getməsi məni dəli edir. Bəlkə əvvəl mən də fərqliydim,  amma indi beləyəm.

- Bəlkə Bakıda çox sıxlıq var, rayonlardan gələn, məcburi qaçqınlar. Belə deyək ki, bütün Azərbaycan Bakıdadır... Bəlkə bu təsir edir?

- Yaxşı ki bütün Azərbaycan Bakıdadır. Yoxsa ermənilər və ya bir başqaları Bakını tutacaqdı. Mən Bakının, Azərbaycanın daha çox inkişaf edəcəyinə inanıram.

Şəhla Əbusəttar Yaman
İstanbul
ANN.az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM