Uşaqlar 1-ci sinifə qəbulda niyə elektron sistemdən keçə bilmir?

17:03 | 18.05.2022
Uşaqlar 1-ci sinifə qəbulda niyə elektron sistemdən keçə bilmir?

Uşaqlar 1-ci sinifə qəbulda niyə elektron sistemdən keçə bilmir?

2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ancaq bu il proses zamanı qaydadan narazı qalan valideynlər olub. Bu mövzu ilə bağlı sosial şəbəkələrdə də bir çox şikayətlərlə rast gəldik. Övladını birinci sinfə yazdırmağa çalışan valideynlərin sözlərinə görə, sistem açılar-açılmaz, məktəblərdə yerlərin dolduğu müşahidə edilib.
 
Əli Hacıyev(ad anonimdir) anews.az-a açıqlamasında bildirib ki, onun da övladı məktəbəqədər hazırlaşdığı müəllimin sinifinə qəbul oluna bilməyib.
 
"Qızım bir ildir ki, hazırlaşdığı müəllimin sinfinə qəbul ola bilmədi. Sistem açılan kimi həmin müəllimin qəbuluna yer doldu. Hər halda uşaq öyrəşdiyi müəllim ilə tədirsə başlasa daha doğru olardı. Qəribədir ki, kənar yerlərdən gələn uşaqlar həmin müəllimi seçə bilib,biz isə həmin ərazidə yaşadığımız halda bu imkandan məhrum olduq. Məsələni böyütmək istəmirəm ki, uşağımı məktəb başlayanda incitməsinlər. Belə baxıram ki, Azərbaycanda elektron sistem prosesi belə deyəsən, rüşvətlə idarə olunur", - şikayətçi bildirib.
 
Eks deputat Etibar Hüseynov da elektron sistemdən keçmək üçün 2 proqramçı tutsa da övladını istədiyi müəllimin sinfinə sala bilməyib.  
 
"Özümə arxayın olmayıb, hərəsinə 25 manat verməklə  2 proqramçı tutdum. Sonunda məlum oldu ki, elektron sistemdə 2 dəqiqəyə bütün yerlər "dolubmuş".  Biz, o cümlədən də yüzlərlə (minlərlə) adam da qalmışıq "ofsayt"da. Azərbaycan Respublikası Təhsil nazirliyi, yoldaş gənc nazirimiz Emin Əmrullayev! Mənim nəvəm 1 ildir ki, "HƏDƏF" kurslarında hazırlıq keçib, bundan əlavə rəqs və rəssamlıq kurslarına da gedib. Sonda sizin "islahatlarınız" sayəsində Allahın Xırdalan məktəbinə belə qəbul olunmadı . İndi mən neçə vaxtdan bəri məktəbə getmək arzusu ilə yaşayan, buna görə həsrətlə günləri sayan bu 6 yaşlı uşağa nə deyim? Niyə bu uşağın psixikasını elə əvvəlcədən zədələyib, ona sarsıntı yaşadırsınız? Niyə uşaqları mənəvi şikəst edirsiniz?",  - Hüseynov vurğulayıb.
 
Təhsil Nazirliyi məsələyə münasibət  bildirərək b ki, 2022-2023-ci il tədris ili üçün  Azərbaycan bölməsi üzrə  əvvəlcə məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların təhsil aldıqları ümumi təhsil müəssisəsində 1-ci sinfə yerləşdirilməsi aparılmış, daha sonra isə proqnozlara uyğun olaraq digər yerlər qəbul üçün açılıb. Rus bölməsi  üzrə müsahibədən uğurla keçmiş uşaqlar üçün ümumi təhsil müəssisələrinin seçimi 11 iyun tarixindən aktivləşdiriləcək. Bu halda, həmin bölmə üzrə yerlərin tutulması məsələsi aktual deyil. 
 
Təhsil məsələləri üzrə ekspert Kamran Əliyevin sözlərinə görə sistemə müdaxilə etmək mümkündür.
 
"Hər il eyni problem baş verir, eyni "oyunu" oynayırıq və yenə də fərqli nəticə gözləyirik. Bu sistemə görə valideynlər uşaqlarını istədiyi məktəbə qoya bilmir. Sıxlıq yaşanır. Amma digər tərəfdə kimlərsə rahat şəkildə uşağına qəbul alır, lazım olanda sistemdə yer də seçə bilir. Sistemə süni müdaxilə var. Bəzi hallarda sistem bağlanır ki, həmin məktəblərə çox müraciət olmasın. Bu il 160 mindən çox uşağın məktəbə getməsi nəzərdə tutulub. Onların 90 mini hazırlıq qrupundan gələn uşaqlardır, bəs yerdə qalan 70 min uşağın taleyi necə olacaq?",- Əsədov bildirib.

Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz hesab edir ki, proqramın sahibi sayılan Təhsil Nazirliyi araşdırma aparıb rəsmi açıqlama verməlidir.
 
"Bu cür sistemlərə botların girişi mümkündür. Oxşar halı biz MİDA-nın evləri satışı prosesində gördük. Sistemdə müraciətlərin izi qalır. Araşdırmaq lazımdır ki, ilk müraciət nə zaman olub, proses necə saniyəyə başa çatıb. Sistemə kənar müdaxilələr olubmu? Nazirliyin botlara qarşı dayanıqlı bir vasitəsi olubmu? Bu suallar barəsində kənardan nəsə demək çətindir".
 
Osman Gündüz bildirir ki, bu cür proseslərin şəffaflığını araşdırmaq üçün audit yoxlamalar olmalıdır.
 
"Xüsusi Rabitə və İnformasiya Təhlükəsizlik Dövlət Xidməti var. Həmin qurum dövlət qurumlarını auditor edir. Sadəcə indi qanunda boşluq var və bu proses könüllü əsaslarla olur. Məsələn Təhsil  Nazirliyi özü deməlidir ki, gəlin bizi audit edin. Bu cür məsələlərdə isə müstəqil auditləri cəlb etmək doğru olar. Nazirlik audit işləri ilə və bu prosesin şəffaflığı ilə bağlı ümumi bir açıqlama versə çox yaxşı olar", - Osman Gündüz deyib.
 
Mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılayıb. 
 
6 may 2022-ci il tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start verilib. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq. Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.  
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb