Vəkil həkimlərlə bağlı vəsatətin təmin olunmamasını qanuna zidd hesab etdi

12:12 | 22.12.2015
Vəkil həkimlərlə bağlı vəsatətin təmin olunmamasını qanuna zidd hesab etdi

Vəkil həkimlərlə bağlı vəsatətin təmin olunmamasını qanuna zidd hesab etdi

Mərhum jurnalist, ANN.TV-nin reportyoru Rasim Əliyevin ölüm faktını araşdıran istintaq qrupu həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı vəkil Əsabəli Mustafayevin qaldırdığı vəsatəti təmin etməyib.

ANN.Az xəbər verir ki, jurnalistin ölüm faktı üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə qaldırılan cinayət işinin istintaqı bitib, hazırda tərəflərin iş materialları ilə tanış olma prosesi gedir. 

Mərhum Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. 
 
 
Vəkil Əsabəli Mustafayev 

Vəkil Əsabəli Mustafayev ANN.Az-a açıqlamasında mərhum jurnalist Rasim Əliyevi müayinə və müalicə edən həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinin qanuna zidd olduğunu deyib: "Həmin vəsatətdə iddialarımızın nəyə istinad olunduğunu, hansı şərtlər əsasında qaldırıldığını göstərmişik. Buna baxmayaraq, istintaq əsassız olaraq, o vəsatəti təmin etməyib. Halbuki, iş materiallarından da mərhum jurnalistin ölümündə həkimlərin səhlənkarlığının olduğu görünür. Tibb mütəxəssisləri xəstəliyin dinamikasını nəzarətdə saxlamayıblar. İstintaq bu dinamikaya kimin nəzarət eləməsini, kimin buna dair göstəriş verməsini müəyyən etməyib. İstintaq tomoqrafiya müayinəsini kim keçirməli idi, hansı səbəbə keçirilməyib və s. məsələləri araşdırmayıb. Bu və ya digər suallar qaldırdığımız vəsatətdə göstərilmişdi”.

Vəkil vurğulayıb ki, əslində istintaq sual olaraq vəsatətdə qaldırdığı məsələləri araşdırmalı idi: "Ancaq çox təəssüflər olsun ki, iş materialları ilə tanış olduqca biz bunlara rast gəlmirik. Hələ üstəlik, istintaq tələm-tələsik bizim həkimlərin cəzalandırılması ilə bağlı vəsatətimizi də rədd etdi”. 

Ə.Mustafayev yuxarıda qeyd olunan sualları vəsatət formasında məhkəmədə yenidən qaldıracağını deyib: "Hazırkı prosesdə bundan artıq heç nə etmək mümkün deyil. Bunu ancaq gələcəkdə məhkəmə zamanı yenidən qaldırmaq olar. İstintaq bitmiş elan olunduğuna görə, nə zərərçəkən tərəf, nə də təqsirləndirilən şəxslər heç nə edə bilməz. İndi ittiham aktı hazırlanır və prokuror onu təsdiq etdikdən sonra iş materialları məhkəməyə göndəriləcək”.
 
Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür