Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
Britaniya kral ailəsinə xidmət edən həkim Hanna Terri Norfolk qraflığının Dersinqem şəhərindəki evində ölü tapılıb.Bu barədə "The Sun" məlumat yayıb.
45 yaşlı Hanna Terrinin meyiti oktyabrın 4-də Sandrinqem malikanəsinin yaxınlığındakı evində aşkarlanıb. O, peşəkar fəaliyyətində Hanna Keyn adı ilə də tanınırdı.
Məhkəmədə bildirilib ki, ilkin ekspertiza onun başının sağ nahiyəsinə küt əşya ilə zərbə endirildiyini və boyun nahiyəsində sıxılma əlamətlərinin olduğunu müəyyən edib.
Onun əri 45 yaşlı Mark Keyn qətldə ittiham olunaraq saxlanılıb. O, oktyabrın 7-də Norviç Magistrat Məhkəməsində hakim qarşısına çıxarılıb və həbsdə saxlanılmasına qərar verilib.
Hanna Terri yaxınlıqdakı Qrimston Tibb Mərkəzində çalışıb və Sandrinqem malikanəsində olduqları zaman kral ailəsinin üzvlərinə xidmət göstərən həkimlər qrupunda yer alıb.
"The Sun"un məlumatına görə, Kral III Çarlz və kraliça Kamillaya həkimin ölümü barədə məlumat verilib.