Zelenski: Ukrayna işğal altındakı ərazilərindən imtina etməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nəzarətində olan ərazilərdən imtina etməyəcəklərini bildirib.O, bu barədə Türkiyəyə səfəri zamanı "CNN Türk"ə müsahibəsində danışıb.
"Rusiyanın müvəqqəti işğalı altında olan Krım da daxil olmaqla, şərqdəki torpaqlarımızın Rusiyaya aid olduğunu qəbul edə bilmərik. Bu, bizim qürurumuza, cəmiyyətimizin iradəsinə və Konstitusiyamıza ziddir.
Rusiya bunu istəyir və müxtəlif vasitəçilər vasitəsilə bu tələbi bizə çatdırmağa çalışır. Ancaq bu, sağlam və məntiqli yanaşma deyil. Buna görə də prioritetimiz mövcud cəbhə xətti boyunca atəşkəsin təmin edilməsi, daha sonra isə digər məsələlərin müzakirəsidir", – Ukrayna Prezidenti deyib.
Onun sözlərinə görə, Ukrayna-Rusiya sülh prosesi çərçivəsində nəzərdə tutulan görüşün gündəliyinə enerji, dənizdə atəşkəs və əsir mübadiləsi kimi məsələlər daxil olacaq.
Zelenski liderlər sammitində əsas müzakirə mövzusunun qeyd-şərtsiz və tam atəşkəsin təmin edilməsi, eləcə də onun güclü monitorinq mexanizmi vasitəsilə izlənilməsi olacağını vurğulayıb.
"Bu, sülhə doğru diplomatik addım olacaq. Atəşkəsə nail olmaq bir məsələdir. Sonra isə bunun necə izləniləcəyi, necə nəzarətdə saxlanılacağı və kimlərin nəzarət edəcəyi ayrıca müzakirə mövzusudur. Bundan sonra müharibənin başa çatmasına aparan yol xəritəsi gəlir.
Təhlükəsizlik zəmanətləri də çox önəmlidir. Son vaxtlar Rusiya da təhlükəsizlik zəmanətləri istədiyini bildirir. Halbuki hücuma məruz qalan bizik. Təhlükəsizlik zəmanətlərinə ehtiyac duyan tərəf bizik. Ancaq Rusiya da bu məsələni gündəmə gətirir. Belə olan halda, hər kəs bunu müzakirə etməyə hazırdır", – Zelenski bildirib.
Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu da açıqlayıb.
Son xəbərlər
Daha çox