Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur

Polşada Konstitusiya Tribunalının vəzifəsindən kənarlaşdırılmış sədri Boqdan Şvençkovski ölkədə dövlət çevrilişinin baş verdiyini iddia edib.
O, “Kanal Zero”nun “YouTube” kanalına müsahibəsində vəziyyətin ciddiyə alınmasına çağırıb.
“Daha ciddi olun, Polşada dövlət çevrilişi baş verir”, – deyə Şvençkovski bildirib.
O, çərşənbə axşamı Konstitusiya Tribunalı hakimlərinin ümumi iclasında yetərsayın təmin olunmayacağına əmin olduğunu da vurğulayıb.
Oktyabrın 30-da Varşavada Konstitusiya Tribunalının binası qarşısında etiraz aksiyası keçirilib. Məhkəmənin rəhbərliyi ətrafında yaranan mübahisə ölkədə siyasi gərginliyi artırıb.
Tribunalın rəsmi saytında sədr Boqdan Şvençkovskinin və onun müavini Bartlomey Soxanskinin vəzifədən kənarlaşdırıldığı barədə məlumat yerləşdirilib. Hakim Anna Korvin-Piotrovskaya isə tribunalın ən təcrübəli hakimi kimi özünü sədr əvəzi elan edib.
Polşa Prezidenti Karol Navrotski baş verənləri konstitusiya qurumunun “güc yolu ilə ələ keçirilməsi” kimi qiymətləndirib. O, xarici səfərini yarımçıq dayandıraraq ölkəyə qayıdıb və tribunalın əvvəlki rəhbərliyinin bərpa olunmasını tələb edib.
Bunun fonunda Polşanın sabiq Baş naziri Mateuş Moravetski hazırkı hökumətin rəhbəri Donald Tuskun kabinetinə etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüsə hazırlaşdıqlarını açıqlayıb.
























