Yanan binanın sakinləri yenidən prezident İlham Əliyevə müraciət etdi

15:30 | 14.09.2015
Yanan binanın sakinləri yenidən prezident İlham Əliyevə müraciət etdi

Yanan binanın sakinləri yenidən prezident İlham Əliyevə müraciət etdi

Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən 16 mərtəbəli yanan binanın sakinləri yenə də problemlə üzləşiblər və bununla bağlı dövlət başçısı İlham Əliyevə şikayət ərizəsilə müraciət ediblər.

Sakinlərin media nümayəndələrinə ünvanladığı şikayət ərizəsində mənzillərin texniki avadanlıqlarla – televizor, soyuducu və kondisionerlə təmin edilmədiyi bildirilir.

ANN.Az xəbər verir ki, yanan binanın sakinləri ancaq 3-cü mərtəbəsindəki 2 mənzilin tam şəkildə təhvil verildiyini qeyd ediblər. Onların bildirdiyinə görə, həmin mənzildə evin pərdəsinə qədər hər bir əşyası və texniki avadanlığı yerləşdirilib. 

Sakinlər bu narahatlıqla bağlı cavabdeh şirkətlə əlaqə saxlayıb, lakin onlara gah bu əşyların hamısının mənzillərdə yerləşdiriləcəyi, gah da verilməyəcəyi cavabı verilib. Şikayətçilərin cavabdeh qurumdan son aldığı cavab bu olub ki, hər bir mənzil mebellərlə, digər əşyalarla təmin ediləcək, ancaq televizor, soyuducu və kondisonerlər verilməyəcək.

Yanan binanın sakinləri tezliklə bu məsələnin həll olunmasını və anlaşılmazlığın aradan qaldırılmasını dövlət başçısından rica ediblər.

Xatırladaq ki, mayın 19-da Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasında dəhşətli yanğın olub. Hadisə nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfər isə xəsarət alıb.

Həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə isə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat olmaqla dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilmişdi.

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM