Nazirlik DANX rəisinə töhmət verib? - İDDİA

16:51 | 17.08.2018
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəhbəri və bir sıra əməkdaşının töhmət aldığı barədə Qaynarinfo-ya məlumat daxil olub.

Qaynarinfo-ya daxil olan məlumata görə, bir neçə ay əvvəl Xidmətin tabeçiliyində olan Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili  MMC-də (ANDT MMC) ştatda olmayan işçilərin MMC rəhbərliyinin göstərişi ilə apardığı qanunsuz reydlər apardığı üzə çıxıb. Bu  səbəblə DANX və ANDT MMC-nin rəhbər işçilərinə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirliyi tərəfindən töhmət verildiyi və bir nəfərin işdən uzaqlaşdırıldığı bildirilir. 

Məlumatda həmçinin iddia olunur ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisinə nazirlik tərəfindən töhmət elan edilməklə birlikdə qurumda yoxlamalara da başlanılıb. Bildirilir ki, onunla yanaşı Xidmətin Kadrlar şöbəsinin rəisi Vəfa Ələkbərova və Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili  MMC-nin direktoru Vüqar Süleymanzadə də töhmət alıb. Eyni zamanda MMC-nin direktor müavini Tahir Səfərov işində yol verdiyi ciddi nöqsanlara görə nazirlik tərəfindən tutduğu vəzifədən azad edilib.

Nazirliyin DANX rəhbərliyinə və əməkdaşlarını cəzalandırmasının səbəbi isə bir neçə ay öncə aşağıdakı videodan da təqdim edilən görüntülərdəki baş vermiş özbaşınalığın ortaya çıxması və ictimailəşdirilməsi göstərilir. Həmin videodan aydın görünür ki, DANX-a aid mikroavtobus digər bir avtomobilə qarşı qanunsuz hərəkətlər edir və eyni zamanda avtomobili sıxışdıraraq ölümlə nəticələnəə biləcək qəza şəraiti yaradır. Sonra isə heç nə olmamış kimi yoluna davam edir. Araşdırmamız nəticəsində məlum oldu ki, həmin mikroavtobusun DANX-ın Taxoqraf xidmətinin avtomobilidir. Onlar isə sadəcə səyyar olaraq xidmət göstərə bilərlər.

Məlumatda bildirilir ki, videogörüntülər yayıldıqdan sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən DANX rəhbərliyinə məsələnin araşdırılması və bu qanununsuz hərəkətə yol verən şəxslərin işdən uzaqlaşdırılması təlimatı verilib. DANX rəhbərliyi isə həmin şəxslərin işdən azad edildiyi haqda nazirlik əməkdaşlarına məlumat veriblər. Nazirliyin sonrakı araşdırması nəticəsində bu da məlum olub ki, işdən azad edildiyi deyilən şəxslər rəsmi qeydiyyatda olmayıb. Bu da öz növbəsində ciddi qanun pozuntusu hesab edilib və nəticədə yuxarıda qeyd etdiyimiz kimi DANX rəisi və DANX-ın Kadrlar şöbəsinin rəisi, o cümlədən ANDT MMC-nin direktoru Vüqar Süleymanzadə töhmət alıb, ANDT MMC-nin direktor müavini Taleh Səfərov isə tutduğu vəzifədən azad edilib.
 
DANX haqqında yayılan digər bir iddiada qeyd edilir ki, ikinci və üçüncü ölkələrə verilən və sürücülər arası "dozvol”un icazə sənədinin rəsmi rüsumu 20 ABŞ dolları olmasına baxmayaraq, sürücülər bu sənədi almaq üçün 200-300 dollar arası qanunsuz ödəniş etmək məcburiyyətində qalırlar.

Daxil olan məlumatı dəqiqləşdirmək və səslənən iddialara aydınlıq gətirmək üçün DANX rəisi Həbib Həsənovla əlaqə saxlamağa çalışsaq da, nömrəsinə zəng çatmadı. Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin (ANDT MMC) rəhbəri Vüqar Süleymanzadə isə mövzu ilə bağlı DANX mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyyə etdi.

DANX-ın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova isə Qaynarinfo-ya açıqlamasında sözügedən iddiaların həqiqətə uyğun olmadığını bildirib: "Səsləndirilən iddiaların heç biri həqiqəti əks etdirmir. Nazirlik mütəmadi olaraq öz tabeli qurumlarında audit və nəzarət xarakterli işlər aparır. Xidmətdə nöqsanları olanların qanunamüvafiq qaydada daha peşəkarlarla əvəz olunması isə kadr siyasətinin tərkib hissəsidir. Qeyd edilənlər isə heç bir əsası olmayan şayiədir".

www.anews.az