"Qurbanlıq heyvan qüsursuz olmalıdır" - Xidmət rəisi

12:50 | 17.08.2018
Sağlam heyvan olmadıqda, sağlam qidadan söhbət gedə bilməz.
 
AzVision.az Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayevin müsahibəsini təqdim edir:

- Hal-hazırda Dövlət Baytarlıq Xidməti hansı səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir? 

- Baytarlıq xidməti olaraq vəzifəmiz respublika ərazisində heyvanlar və quşlar arasında baş verə biləcək xəstəliklərə qarşı mübarizə aparmaq və heyvanların müalicəsini həyata keçirtməkdən ibarətdir. Hal-hazırda bizim qurum 13 xəstəliyə qarşı profilaktiki peyvəndləmə işi aparır. Bu xəstəliklərə qarşı mübarizə dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

- Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti ilə bağlı hansı mesajların verilməsini məsləhət bilirsiniz?

- Dövlət Baytarlıq Xidməti olaraq vətəndaşlara demək istəyirəm ki, epizootik tədbirlərin aparılmasında yerlərdə fəaliyyət göstərən baytar həkimlərə köməklik etsinlər, tədbirlər aparılan zaman heyvanların tutulmasında, fiksasiya olunmasında yardım göstərsinlər. Heyvanlarda özbaşına müalicə və digər baytarlıq-sanitariya tədbirləri aparmasınlar. Eyni zamanda İri heyvandarlıq təsərrüfat sahibləri daim heyvanların saxlanıldığı və gəzdirildiyi yerləri profilaktiki dezinfeksiya etdirsinlər.

- Qarşıdan Qurban bayramı gəlir. Vətəndaşlara qurbanlıq heyvan seçimi ilə bağlı hansı tövsiyələri verərdiniz?

- Qurbanlıq heyvanlarla əlaqədar onu demək istəyirəm ki, vətəndaşlar heyvanların duruşuna, sağlamlığına xüsusi fikir versinlər. Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır.

- Qonşu ölkələrdə baş verən xəstəliklərin ölkəmizə keçməməsi üçün hansı profilaktik tədbirlər görülür?

- Qonşu ölkələrdə hər hansı xəstəlik qeydə alınarsa, onlara qarşı mübarizə aparırıq. Qeyd edim ki, ölkə ərazisində müəyyən xəstəliklərə qarşı profilaktiki peyvəndləmə aparılıb. Bu tədbirlər mərhələlərlə həyata keçirilir və hazırda ölkəmizdə iti yoluxucu xəstəliklərə görə epizootik sabitlik qorunur.

- Qarşıdan payız fəsli gəlir. Bu dövrdə heyvanlar necə saxlanılmalıdır?

- Fermerlər payız fəslində heyvanlar üçün yem ehtiyatı əldə etməlidir. Saxladıqları heyvanların sayına uyğun olaraq qış fəsli üçün yem toplamalıdır. Bir də məsləhətim odur ki, heyvanları yemləmək üçün qüvvəli yemlərə üstünlük versinlər. Əhaliyə, təsərrüfat sahiblərinə onu demək istəyirəm ki, heyvanların saxlanma, bəslənmə və havalanma şəraitinə diqqət göstərmək vacibdir. Birinci növbədə vətəndaşlardan, fermerlərdən xahişimiz ondan ibarətdir ki, heyvanların sağlamlığına fikir versinlər. Əgər bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə müraciət etmək lazımdır. Çünki sağlam heyvan olmadıqda, sağlam qidadan söhbət gedə bilməz. Heyvanların sağlam olması üçün isə ilk növbədə heyvanların infeksion xəstəliklərdən qorunması və onlara qarşı mübarizə tədbirlərinin aparılması vacibdir.

www.anews.az