Adil Şixəliyev: “Mənim işlərim azərbaycanlıların soyqırımına həsr olunub” - MÜSAHİBƏ

16:30 | 21.04.2016
Adil Şixəliyev: “Mənim işlərim azərbaycanlıların soyqırımına həsr olunub”  - MÜSAHİBƏ

Adil Şixəliyev: “Mənim işlərim azərbaycanlıların soyqırımına həsr olunub” - MÜSAHİBƏ

Rüstəm Qasımov

Bir müddət əvvəl Vaciyə Səmədova adına qalereyada (Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu) Adil Şixəliyevin 70 illik yubileyinə həsr olunmuş fərdi sərgi keçirildi. Sərgi salonuna girən kim mən Aydın müəllimin qobelenlər dünyasına daxil oldum, elə uzaqdan baxanda koloritli şəkillərin böyük ustalıqla çəkildiyi fərq edilirdi. Xoşbəxtlikdən mən salonda şəkillərə baxarkən səbəbkarın özü də gəlib çıxdı və bəlli oldu ki, o çox maraqlı həmsöhbətdir. Əlbəttə, qobelenlərə müəllifin özünün şərhləriylə baxmaq bir ayrı zövqdür.  

Beləliklə, oxucularımıza azərbaycanlı qobelen ustası Aydın Şixəliyevlə müsahibəni təqdim edirik. 

- Adil, müəllim sizin işləriniz parlaq, dolğun boyaları ilə seçilir. Bu rəsm qammasının sirrini bizimçün açardınız. 

-  Belə parlaq palitranın sirri ondadır ki, qobelenlərimin sapını özüm seçirəm və mənə lazım olan rəngi özüm şəxsən rəngləyirəm. Hər bir eskizin öz koloriti, forması var, ona görə də hər bir iş üçün uyğun saplar seçilir. Qobelenin yaradılması zamanı sapın rəngi, onun eni, uzunu və texnikası sonda alınan kompozisiyada özünü göstərir. Ona görə də mənim qobelenimi görən kimsə dərhal başa düşür ki, bu, hansısa "ştampovka” deyil, uzun zəhmət bahasına gələn yaradıcı işdir. Mənim bütün qobelenlərimin hər biri yeganə ekzemplyardır. Belə işi təkrarlamaq çox çətindir. Ona bəznər bir şey yaradıla bilər, ancaq eynisini ortaya çıxarmaq mümkünsüzdür.  

İş zamanı istəkdən asılı olaraq, qobelenin daha gözəl alınması və tamaşaçıda lazım olan təəssüratı yaratması üçün mən texnika arasında gedib-gələ bilərəm. Ona görə də mən öz işimdə toxuculuğun bir neçə texnikasından istifadə edirəm, bunu maşında eləmək qeyri-mümkdünür, çünki onlar dəqiq proqramla işləyirlər. Analoji situasiya hər zaman bir texnikadan istifadə edən xalça, kilim tikən ustaların qarşısında dayanır. Ancaq qobelen ustasının fərqi ondadır ki, o, iş prosesində bir neçə dəfə süjet və texnikanı dəyişə bilər. Parlaq rənglər həmçinin mənim daxili aləmimin əksidir, çünki mən parlaq rənglərin hakim olduğu Azərbaycan rəssamlıq məkəbinin nümayəndələrindənəm.
 


- Adil müəllim, qobelenin hazırlanması nədən başlayır?
 
- İdeyadan və ideyanın ortaya çıxması çox uzun vaxt ala bilər! Hər bir qobelen – özünüifadədir. Hər bir işin arxasında ideya, fikir, fəlsəfə dayanır, tamaşaçılarıma göstərmək istədiyim budur, məsələn, bu iş (bu an Adil müəllim ekspozisiyanın başladığı ilk qobelenlərdən birini gösərib dedi). 

Bu kompozisiya "Köç" adlanır. Bu işdə əsas fikir bizim irsimizin nəsildən nəslə necə keçdiyini göstərməkdir. Qobelendə bizim genedik kodumuzu, individuallğımızı və identivikliyimizi daşıyan öküz göstərilib. Burada həmçinin başqa cür texnologiya, milli naxışlar, ornamentlər, musiqi alətləri və Azərbaycan xalqıyla bağlı müəyyən informasiya var. 

- Qobelen işinin əsas mərhələlərindən danışardınız. 

- İdeya yarananda onun həyata keçirilməsi mərhələsi başlayır. Əzim Əzimzadə kollecində rəssamlıq üzrə təhsil almağım rəsmi anlamaqda mənə çox kömək edir, axı mən qobelenlərin eskizlərini anoloji ölçülərdə çəkməli oluram. Mənim hər bir qobelenimin risunkası var, mən yeni ekspozisiyanı toxumağa ondan başlayıram. Akvarel və qrafika mənim hobbimdir, qobelenlər isə mənim nəfəs aldığım əsas yaradıcılığımdır. 
 


- Bir qobelenin hazırlanmasına nə qədər vaxt gedir?

- Mən qobelenlərin yaradılmasıyla 1974-cü ildən məşğul oluram. İşlərin hazırlanmasının davamiyyəti süjetin mürəkkəbliyindən və qobelenin ölçüsündən asılıdır. Elə işlər var, bir-iki ay vaxt alır, elələri də var ki, 6-8, bəzən daha uzun vaxt alır. Qeyd edim ki, bu vaxt toxumaq işinə həsr olunur, əsas vaxtı alansa ideyadır. Əgər biz daha qalın ipdən istifadə edilən qobelenin müasir formasından danışırıqsa, onun hazırlanması daha az vaxt alır. Ancaq zaman anlayışı, müddət bizim işimizdə nisbidir və individualdır. Yaradıcı prosesi dəqiq zaman zərfinə salmaq müşkül məsələdir. 

- Tək işləyirsiz, yoxsa kimsə sizə kömək edir? 

- Mən tək işləyirəm, işi əvvəldən axıradək özüm görürəm. Ona görə də qobelenin hazırlanması bu qədər vaxt alır. 
 


- Adil müəllim, sərgidə nümayiş olunan bəzi işlər Azərbaycan mədəniyyət və turizm nazirliyinin fonduna daxildir, bəziləri müxtəlif sərgi və müsabiqələrdə yer də tutublar... 

- Siz haqlısınız. Mən dəfələrlə sərgilərdə və müsabiqələrdə iştirak etmişəm. Məsələn, bu iş (usta əliylə bir qobeleni göstərir) bəşəriyyət tarixinin ən böyük faciələrindən biri olan Xocalı qətliamına həsr olunub, nazirliyin keçirdiyi müsabiqədə birinci yeri tutub. 

- Ermənilərin törətdiyi Quba qırğınından bəhs edən qobelen barədə danışardınız... 

- Bəlli olduğu kimi 1918-ci ilin 1 mayında erməni zabit Amazaspın rəhbərlik etdiyi erməni-daşnaq ordusu 3 istiqamətdən Azərbaycanın Quba şəhərinə daxil olub və mülki əhaliyə qarşı vəhşi zorakılıq törədib. Bu, bizim tariximizə Quba qırğını kimi daxil olub. İnsanların qətl edildiyi yerdə indi memorial kompleksi var. Mənim qobelenim tariximizdəki bu qanlı hadisəyə həsr olunub.. 

Mən bu işi "Mələklərin fəryadı” adlandırmışam. Hər bir mələk bu qırğında qurban gedəni simvolizə edir. Bu işin hazırlanması tarixinə gəldikdə isə, ideya Novxanıda ocağın kənarında oturub alova baxdığım zaman ortaya çıxıb. Soyuq idi. İsinmək üçün tonqal qaladım. Alovun dilimlərinə və tüstüsünə baxanda isə mənim beynimdə bu kompozisiya doğdu. Tüstünün burumları mənə bədəni tərk edən ruhları xatırlatdı. İdeya məhz o soyuq payız günü doğmuşdu. 
 


- Belə çıxır ki, sizin yaradıcılığınız təkcə xoş şeyləri deyil, faciəvi hadisələri də əks etdirir. 

- Əlbəttə. Təəssüf ki, Azərbaycan tarixində faciələrin sayı bir deyil, iki deyil. Sənət insanı olaraq, mən dünya ictimaiyyətinə öz işlərim, qobelenlərimlə həqiqəti çatdırmaq istəyirəm. Ona görə də mənim yaradıcılığımda təkcə parlaq, xoş işlər deyil, tariximizə daxil olan faciəvi hadisələr də özünü göstərib. 

- Yaradıcılığınızda ilhamı hardan alırsınız? 

- Hər şeydən! İdeya həyatın hər bir anında ortaya çıxa bilər. 
 


- Bu ekspozisiyaya neçə iş daxildir? 

- Bu sərgidə mənim son illərdə toxuduğum qobelenlər nümayiş olunur. Ümumilikdə mən tamaşaçılara 30 qobelen təqdim etmişəm. 

- Abşeron mövzusu yaradıcılığınızda hansı yeri tutur?

- İlk yeri! Məsələn, mənim ən sevdiyim qobelenlərimdən biri Novruz bayramına həsr olunub. Mən burada Şərqlə Qərbin qarışığı olan Bakının şarm və gözəlliyini, onun geniş ürəyi olan İçəri Şəhəri nar formasındakı milli simvollar və atributlardan istifadə etməklə çatdırmağa çalışmışam. 

Mənim işlərimdə Xəzər mövzusunun da xüsusi yeri var. 
 


- Adil Şixəliyev nə arzu edir?

- Mən qobelen sənətini nəzəri biliklərdən yararlanmaqla, yeni texnologiya və texnikalardan istifadə etməklə yeni mərhələyə qaldırmaq istəyirəm. Bir sözlə, qobelen sənətini təkcə Azərbaycanda deyil, bütün dünyada populyarlaşdırmaq istəyirəm...

- Adil müəllim, maraqlı söhbətə görə təşəkkür edirik. Sizi yubiliyiniz münasibətilə təbrik edir, yaradıcılığınızda uğurlar arzu edirik. 

- Təşəkkür! 
 


































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb