ADU-da Qəşəm Nəcəfzadə ilə görüş keçirildi - Fotolar

11:27 | 04.03.2016
ADU-da Qəşəm Nəcəfzadə ilə görüş keçirildi - Fotolar

ADU-da Qəşəm Nəcəfzadə ilə görüş keçirildi - Fotolar

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Yazarlar klubunun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, "Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri, şair, publisist Qəşəm Nəcəfzadə ilə görüş keçirildi.
 
Görüşdə ADU-nun Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, şairin qələm dostları və universitetin tələbələri iştirak edirdi.
 
Açılış nitqi ilə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq üzrə müşaviri Nuranə Nur bu günün Beynəlxalq Yazarlar günü olduğunu qeyd etdi, bu münasibətlə qələm sahiblərini təbrik etdi və onlara bədii fəaliyyətlərində uğurlar arzuladı. O, Qəşəm Nəcəfzadənin yaradıcılığından danışarkən onun oxucuya özünü müəllif kimi hiss etdirməyi bacarmasından, Azərbaycan poeziyasında özünəməxsus yerə malik olmasından, əsərlərindəki səmimiyyətin insan qəlbinə yol tapmasından bəhs etdi. Qəşəm Nəcəfzadənin tələbəsi, həmkarı, yaxın dostu olmaqdan fəxr etdiyini deyən Nuranə Nur bədii yaradıcılığında da şairin böyük rol oynadığını diqqətə çatdırdı.   Daha sonra Qəşəm Nəcəfzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.
 
ADU-nun tərcüməçilik sahəsində savadlı kadrlar yetişdirdiyini deyən Qəşəm Nəcəfzadə bu istiqamətdə universitetin rolunu yüksək qiymətləndirdi. O, Azərbaycan ədəbiyyatının xarici ölkələrdə təmsil olunmasında məhz tərcümə işinin xilas yolu olduğunu söylədi. Tələbələrə Azərbaycan Yazıçılar Birliyi ilə əlaqələr yaratmaqla ədəbiyyat sahəsində böyük işlər görülə biləcəyindən söz açan Qəşəm Nəcəfzadə, bu istiqamətdə onlara dəstək olacağını sözlərinə əlavə etdi. Daha sonra şair tələbələrin istəklərinə uyğun olaraq "Sənin dərsin”, "Evə qayıdıram”, "Bu saat gəlirəm”, "Pis valideyn” və sair şeirlərini səsləndirdi.
 
Sonra şairin qələm dostları çıxış edərkən onun azərbaycan ədəbiyyatının poetik nəfəsi ilə seçilən ən parlaq nümayəndələrindən biri, son dərəcə təbii və özünəməxsus təbiətli, cəmiyyətə, ümumbəşəri dəyərlərə nüfuz edən istedadlı şair olduğunu vurğuladılar. Ona həyatında və yaradıcılığında uğurlar arzuladılar.
Sonda tələbələr Qəşəm Nəcəfzadənin şeirlərini səsləndirdilər, ona suallar ünvanladılar.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM