Alper Coşkun ADU-da oldu - FOTOLAR
22:59 | 01.04.2016
Alper Coşkun ADU-da oldu - FOTOLAR

Alper Coşkun ADU-da oldu - FOTOLAR
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "Diplomat” klubunun təşkilatçılığı ilə "Səfirdən gələcək səfirlərə” layihəsinə start verildi. Layihənin ilk qonağı Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun oldu. 

Universitetin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, öncə universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov səfiri ADU-da görməkdən məmnunluğunu bildirdi. Türkiyədə son günlərdə baş verən terror hadisələrini pislədi, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu və onu dəstəklədiyini söylədi.  Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və tələbə təşkilatları haqqında dolğun məlumat verdi. ADU-nun ölkədə ən prestijli universitetlərdən biri olduğunu söyləyən professor burada 22 dilin tədris olunduğunu, eyni zamanda 17-ə yaxın dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyi sözlərinə əlavə etdi. Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin fəaliyyətindən danışan D.Yunusov fakültənin beynəlxalq əlaqələr üzrə mütəxəssislər hazırladığını söylədi, bu istiqamətdə adıçəkilən fakültənin tələbələrinin, eləcə də Tələbə Gənclər Təşkilatının fəaliyyətini yüksək qiymətləndirdi. O, Türkiyənin müxtəlif ali təhsil müəssisələrində təhsillərini davam etdirmək arzusunda olan azərbaycanlı tələbələr üçün mayın 28-də ADU-da keçirilməsi nəzərdə tutulan YÖS (Yabancı uyruklu Öğrənci Sınavı) imtahanları haqqında məlumat verdi.

Səmimi qəbula görə təşəkkür edən səfir Alper Coşkun növbəti dəfə ADU-da olmaqdan şad olduğunu söylədi. Azərbaycan və Türkiyə arasında olan əlaqələrin tarixi köklərə söykəndiyini bildirdi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə dəstəyini yüksək qiymətləndirərək türk xalqı adından minnətdarlığını qeyd etdi. Siyasi, iqtisadi, humanitar, ticarət, enerji və təhsil sahəsində Azərbaycan-Türkiyə arasında mövcud olan əlaqələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
 
Görüşdə 2010-cu ildə ADU və Türkiyənin Hacəttəpə Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi haqqında danışıldı, bu müqavilənin üçtərəfli əlaqələri yaratmaqla ADU-nun Strasburq və Hacettepe Universitetləri ilə əlaqələrinin hərtərəfli və uzunmüddətli münasibətlərin qurulmasında böyük rol oynadığı söylənildi, eyni zamanda bir sıra təkliflər müzakirə olundu. 

Sonra ADU-nun tələbələri ilə görüşən səfir bu görüşü yüksək qiymətləndirdi və məmnunluğunu dilə gətirdi. Daha sonra o, dürüstlük və diplomatiya, xarici siyasət,  Azərbaycan və Türkiyə arasında gələcək əməkdaşlığın perspektivləri, uğurlu səfir olmağın sirləri, səfirdən gələcək səfirlərə tövsiyyələr haqqında tələbələri maraqlandıran sualları cavablandırdı. Onun sözlərinə görə diplomatiyada ən önəmli məsələ çətin müzakirə zamanı qarşındakı insanın göstərdiyi etimaddır. Səfir Türkiyəni Azərbaycanda təmsil etməyin ən şərəfli iş olduğunu sözlərinə əlavə etdi. Bununla yanaşı Azərbaycanın Cənubi Qafqazda tranzit ölkə olduğunu bildirərək Türkiyə üçün bunun böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. 

Alper Coşkun eyni zamanda müxtəlif ölkələrdə diplomatik missiya yerinə yetirən zaman yaddaqalan xatirələrini də tələbələrlə bölüşdü. 

Sonda professor D.Yunusov səfirə TGT-nin nəzdində fəaliyyət göstərən "Diplomat” klubu tərəfindən hazırlanan "Tələbələrin dostu” mükafatını təqdim etdi. 

Səfir sonda "Diplomat” klubunun fəaliyyətini yüksək dəyərləndirdi, belə bir tədbirin ərsəyə gəlməsində göstərdikləri təşəbbüsə görə onlara minnətdarlığını bildirdi. 

Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdı.
 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb