Anar Hüseynzadə: “Sərbəstlik mənimçün daha vacibdir” – MÜSAHİBƏ

18:31 | 15.03.2016
Anar Hüseynzadə: “Sərbəstlik mənimçün daha vacibdir” – MÜSAHİBƏ

Anar Hüseynzadə: “Sərbəstlik mənimçün daha vacibdir” – MÜSAHİBƏ



Rüstəm Qasımov

ANN.Az-ın tanınmış azərbaycanlı rəssam Anar Hüseynzadə ilə müsahibəsi 

- Anar, siz Əmircan rəssamlarının ən parlaq nümayəndələrindən sayılırsınız. Doğulduğunuz məkan sizin həyat yolunuza təsir edibmi?

- Məncə, Tanrı insana istedad veribsə, coğrafi və sosial faktorlardan asılı olmayaraq, bu özünü mütləq şəkildə göstərir. Mənim qənaətimcə, istedadsız insan sadəcə olaraq olmur. Axı İlahi öz uşaqlarına qarşı ədalətlidir! Ancaq mütləq qeyd etməliyəm ki, insanın böyüdüyü yerin, mühitin çox böyük əhəmiyyəti var. Məhz mehriban mühit öz bacarıqlarını göstərməkdə sənə kömək edə bilər. Əmircanda doğulmasaydım, indi olduğum adam olmaq, yəqin, biraz müşkül məsələ olardı. Hamıya məlumdur ki, Bakının bu məşhur kəndinin ən tanınmış rəssamı Səttar Bəhlulzadə olub. Məhz onun sayəsində Əmircanda təsviri incəsənətə böyük həssaslıqla yanaşılır. Əmircanda çoxlu rəssamların yaşaması faktı hesab edirəm ki, Səttar Bəhlulzadə ilə bağlıdır, hər bir əmircanlı o dahi rəssamın yolunu davam etdirmək arzusuyla rəssamlıqla məşğul olur.  
 


- Rəssamlıqdakı ilk addımlarınız barədə danışardınız...

- Mən 5 yaşımda şəkil çəkməyə başlamışam. Ancaq əvvəlcə biz qardaşımla akrobatika ilə məşğul olurduq, hərçənd mən bu idman növünə həvəs bəsləmirdim. Ona görə də valideynlərimdən xahiş etdim ki, məni Yuriy Qaqarin adına pionerlər evinə yazdırsınlar. Bir neçə aydan sonra isə mən Ümumittifaq səviyyəsində uşaq sərgi-müsabiqəsində iştirak etdim və ilk yeri tutdum. Bu 1987-ci il idi. Birinci sinif şagirdi Anar Hüseynzadənin belə iri masştablı sərgidə ilk yeri tutması faktı çox əlamətdar idi. Ona görə də pionerlər evində, məktəbdə məni tez-tez sərgilərdə iştiraka çağırırdılar, bu da ailəmizdə rəssamlığa həvəsin yaranmasına səbəb oldu. Fikrimcə, rəssamlığa xüsusi münasibətin olduğu Əmircanda doğulmağım mənim taleyimdə ciddi rol oynayıb...

- Siz Əzim Əzimzadə adına kolleci, sonra da Azərbaycan Rəssamlıq Akademiyasını bitirmisiniz, sonra da magistrə daxil olmusunuz. Tələbəlik illəriniz necə keçib? Bu təhsil məktəblərində oxumaqla nə qazanmısınız? 

- Azərbaycanda rəssamlıq təhsilinin səviyyəsindən razı olduğumu deyə bilmərəm. Deyim niyə. Əlbəttə, bizdə çoxlu istedadlı pedaqoqlar var və onlar rəssamlar ordusunun yaranmasına töhfə veriblər. Mənim yaradıcı yolum rəssamlıq çevrəsindən başlayıb, sonra incəsənət gimnaziyasında, Əzimzadə adına buraxılışda, sonra isə Rəssamlıq Akademiyasında davam edib. Beləliklə, mən bütün mərhələni keçməklə qırmızı diplom almışam! Ancaq magistraturada oxuyanda başa düşdüm ki, bu yol çox uzun davam edib, bunu qısa vaxtda da qət etmək olardı. O zamanlar Rəssamlıq Akademiyasında mənə balaca emalatxana ayırmışdılar və mən anladım ki, praktika bizim işimizdə əvəzsiz rol oynayır. Həm də dərk elədim ki, yuxarıda adlarını sadaladığım təhsil məktəblərini sərf olunan enerjini (ümumilikdə 10 il) daha məhsuldar şəkildə başqa tərəfə yönləndirə bilərdim. 
 


- Demək, bizim tələbələrdə çatışmayan cəhət praktikadır, o da ən vacib məsələdir? 

- Bəli! Əzimzadədə oxuyarkən Kərim müəllimin emalatxanasına etdiyimiz ziyarətləri xatırlayıram, bu, həmin təhsil müəssisəsində bir oxumağa tən idi. Bugün mən dərk edirəm ki, digər rəssamlara ünsiyyətə çox vaxt ayrılmalıdır. Rəssamların emalatxanalarına baş  çəkməli, səni maraqlandıran sualları verməli, nəzəriyyəyə yox, təcrübəyə çox əhəmiyyət vermək lazımdır. Əlbəttə, klassik təhsil çox vacibdir, ancaq bəzi tələbələr fəal praktikadansa, nəzəriyyəni öyrənməyə çox vaxt sərf edirlər, bu isə düzgün yanaşma deyil. 

Məsələn, üçüncü kursda işlərimi sərgiləyəndə, onların səviyyəsindən razı olmadığımı dərk elədim. Bu sərgidə elə tələbələr vardı ki, dərsləri zəif oxuyurdular, ancaq çox işləyirdilər, bu da onlara təcrübə yoluyla inkişaf etməyə kömək edirdi. Ola bilsin, onlara vaxtdında başa salmışdılar ki, nəzəriyyəyə yox, təcrübəyə vaxt ayırsınlar. Akademiyadakı təhsilə gəldikdə isə, o daha çox nəzəriyyədən ibarətdir. Müsbət cəhətlərdən danışsaq, burada pedaqoqlarla ünsiyyət, öyrənmək mühiti, yaradıcılıq üçün vacib olan natura və s. məsələlərdir. Qeyd edim ki, əgər siz akademiyadakı təhsillə kifayətlənirsə, onda sizin rəssam olmaq imkanlarınız kəskin şəkildə aşağı düşür. Akademiya bizə yalnız əlifbanı öyrədir, sözü necə yazmaq, cümləni, sonra mətni necə tamamlamaq isə bizim çiyinlərimizə düşən öhdəlikdir, bunu mən Akademiyadakı emalatxanada işlədiyim zaman kəşf etdim və özünü rəssam kimi formalaşdırmaq içim özümdə güc tapdım. Əgər mən proqramın sərhdələrindən kənara çıxmasaydım, onda mə sonradan öz yaradıcılıq yolumda maneələrlə rastlaşacaqdım... 

- Sizi tez-tez azad rəssam adlandırırlar. Bu nə deməkdir? Siz ancaq nə xoşunuza gəlir, onu çəkirsiniz? 

- Demək olar ki, bəli (gülür). Bu onunla bağlıdır ki, mən heç harda işləmirəm, yaradıcılıqla ancaq öz emalatxanamda məşğul oluram. Mənə dəfələrlə stabil, yaxşı maaş təklifiylə şirnikləndrici iş təklifləri edilib, ancaq sərbəstlik mənimçün daha vacibdir. Daimi iş insanın enerjisinin 50%-ni alır, bu da o deməkdir ki, sən bütün gücünlə yaradıcılıqla məşğul ola bilməyəcəksən. Mən xoşbəxtəm ki, öz sevdiyim işi görməklə bu yolu keçməyə müvəffəq olmuşam, bu da öz müsbət nəticələrini verib. Akademiyada oxuduğum zaman sifarişə görə saatlarla işlədiyimi xatırlayıram, 2009-cu ildə mən belə fəaliyyəti dayandırmaq qərarına gəldim. Bundan sonra mən ancaq yaradıcılığa kökləndim, ürəyim istədiyim işləri yaratmağa başladım. Ola bilsin, onların çoxu alıcıları maraqlandırmır, onlar illər uzun satılmadan qaldılar, ancaq mənim özünü-ifadə vasitəm oldular. 

İşlər iki yerə bölünür: sənətsevərlərin əksəriyyətinin və kolleksiyaçıların sevdiyi kommersiya məqsədli və yaradıcı, belələrini ola bilsin sənin özündən başqa, xoşlayan tapılmasın (gülür). 
 


- Satış baxımından hansı işlərin effektiv ola biləcəyini hiss edə bilirsinizmi? 

- Təbii ki! Ancaq şəkil çəkərkən, tematikaya əsasən, onun böyük əksəriyyətin xoşuna gələcəyini duysam da, mən heç vaxt pul barədə düşünmürəm, belə, yaradıcılığa köklənə bilməzsən. Milli kaloritli, tam və heyratamiz şərq mühiti hopmuş "İçərşəhər” mözvulu işlərə tələbat böyükdür. Ancaq məsələn, faciə və yaxud abstrakt işlər daha az diqqət cəlb edir. Əsas olansa, balans yarada bilməkdir, xoşbəxtlikdən bu məndə alınır!

- Gəlin yaradıcılığınız barədə daha konkret danışaq. Siz Abşeronu və köhnə şəhər mövzusunu tez-tez işləyiriniz. Şəhər tematikasında sizi cəlb edən nədir? 

- Mən Abşeron tematikasına 2000-ci illərin əvvəlində, "İçəri Şəhər” mövzusuna isə 2005-ci ildən başlamışam. Qeyd edim ki, Abşeron tematikası mənim yaradıcılığımda hətta abstraksiya janrında da mövcuddur, çünki mən bu torpaqlarda böyümüşəm və buranı sevirəm. Əlbəttə, Azərbaycanda çoxlu gözəl yerlər var, ancaq Abşeron fonda onlardan seçilir. Abşeron Naxçıvan kimi özünün əsrarəngizliyi və sehri ilə seçilir. Məsələn, dəniz kənarından biraz aralıdakı yarıəyik ağac gövdələri, mənzərəli Xəzər, qızıl qumlar və s. 

"İçəri şəhər”i sevməmək isə mümkün deyil. Bu meqapolisin köksündəki ecazkar məkandır. Əlbəttə, o zamanla müəyyən dəyişikliklərə məruz qalıb, ancaq orada əvvəlki kimi spirituallıq, əsrarəngizlik, özünəməxsusluq var. Ona görə də mən şəhər mövzusuna tez-tez müraciət edirəm, bu mənim ürəyimə yaxındır. Abşeron və "İçəri Şəhər” mənim yaradıcılığımın ilk mərhələsidir. Mən bu mövzunu həm də ona görə seçmişəm ki, o, tərtibetmə baxımından da sərbəst planda seçilir. 
 


- Yeni şəkillərin süjetləri necə doğulur? 

- Düzünü desəm, bu mürəkkəb prosesdir. Səndə hər şey yaxşı olanda, ilham gəlməyə bilər. Bəzi problemlər, fikirləşmək, narahatlıq səni yaradıcılığa itələyə bilər. Əlbəttə, heç bir problemin olmaması, heç kimin sənin fikrini yayındırmaması yaxşıdır, ancaq təəssüf ki, seçmək mümkün deyil (gülür). İlham pərisi qəfil və xəbərdarlıqsız gələ bilər. Mənbə hətta yağış səsi də ola bilər. Çox vaxt mən axırda nə olacağını belə bilmirəm. Adətən bu gecələr baş verir. Ağ kətanın qarşısında olarkən, mənə elə gəlir ki, fırçam məni harasa aparacaq. İşə girişəndə mən iynə tapıram, o da mənə irəliləməyə kömək edir. Bundan sonra obrazlar yaranır, formaya düşürlər, süjetlər yaranır və ya şəkil abstrakt olaraq qalır. Mənim yaradıcılığımdakı özünəməxsusluq budur ki, mən heç vaxt ilham pərisini gözləmirəm, otururam və çəkməyə başlayıram. Məndə eyni zamanda 10 ədəd yarımçıq şəkil ola bilər, onlar üzəridə mən paralel işləyirəm. 

- Sizin yaradıcılığınızda abstraksionizm xüsusi yer tutur. Necə bilirsiniz, onlar insanların düşüncəsinə təsir etməyə qabildilərmi, daha dəqiqi, düşünməyə vadar edə bilərlərmi, xüsusilə müəyyən aydınlaşdırma yoxdursa, insanın fantaziyasından yararlanmasına töhvə verə bilərmi?

- Abstraksionizm hüdudsuz azadlıqdır. Bu janr məhz buna görə xoşuma gəlir. Formasızlıq iş zamanı təkcə öz duyğularından istifadə etməyə imkan verir. Rəssam forma axtaranda, onda hisslər düşüncələrlə əvəzlənir. Buna işin sonuncu mərhələsində, sonuncu ştrixləri qoymaq istəyəndə, yol vermək olar. Abstraksiya həm də ona görə yaxşıdır ki, insana fantaziyasını işə salmağa və şəklin perspektivdəki süjetin axırını təsəvvür etməyə imkan verir. Ancaq mən tamaşaçılara tövsiyyə edərdim ki, süjetdəki hansısa detalları və ya formaları axtarmaqla özlərini yormasınlar. Şəkli çəkərkən rəssam hisslərinə arxalanıb. Bir xüsusi cəhəti unutmaq olmaz, əgər rəssam şəkildəki obyektə hansısa forma verməyibsə, deməli, onu axtarmaq da lazım deyil. Yoxsa rəssam özü bunu edərdi (gülür). Ona görə də ən yaxşısı enegetikanı və emosiyaları duymağa çalışmaqdır. 
 


- Siz öz yaradıcılığınızda akril və yağdan yararlanırsız, məsələn, kardonda yağla, kağızda isə akrildən istifadə edirsiniz. Rənglər arasındakı gəlib-getmək nəyə görədir? 

- Mən yağlı boyadan klassik modernizmdə istifadə edirəm, məsələn, Abşeron və "İçərişəhər” mövzularındakı, müasir incəsənətə gəldikdə isə, onda daha çox akrildən yararlanıram. Məsələn, abstrakt janrda çəkdiyim şəkillərdə istifadə etdiklərimin 99%-i akril boyalardır. İş burasındadır ki, hər bir rəngin öz güclü və zəif cəhətləri var, vacib olan güclü iş yaratmaq üçün onların müsbət tərəflərindən istifadə etməkdir.

- Anar yaradıcılığınızda hansı bədii cərəyanı üstün tutursunuz? 

- Bunu fərqləndirmək mənimçün çətindir, amma məncə, bu ənənəvi modernizmdir, axı müasir üslubda çəkilən hər şəkildə ənənəvi elementlər, tutalım, naxışlar, ornamentlər, kələğayılar və s. olur. Qədimliyi və müasirliyi qarışdırmaq xoşuma gəlir, axı yaranan sintez nəsə yenilik, orijinallıqdır, maraqlıdır. Ancaq elə şəkillər də olur, daha çox modern və ya klassikadır. Mən həmçinin qarışıq texnikaları, kollajlar və s. etməyi sevirəm. 

- Siz xarici ölkələrdə keçirilən sərgi-müsabiqələrdə aktiv şəkildə iştirak edirsiniz. Necə hesab edirsiniz, sərgilər rəssam üçün niyə vacibdir? 

-Sərgi hər bir rəssam üçün bayramdır, bu rəssama öz şəkillərini kənardan görməyə imkan verir, axı bu zaman onlar emalatxanadakı kimi görünmür. Sərgi rəssam üçün özünəməxsus imtahan, hesabatdır. Bundan başqa, sərgi rəssama müəyyən şöhrət qazandırır. Sənətdən başı çıxan insanları öz emalatxanana dəvət edib, yaradıcılığınla tanış etmək xüsusi zövq mənbəyidir.  
 


- Ümumiyyətlə, rəssamlar niyə xaricə çıxmağa çalışırlar? Əsas məqsəd nədir: şöhrət, yoxsa şəkillərə daha baha qiymətə satmaq? 

- Pul, reklam və şöhrət (gülür). İnsanı təbiətən şöhrətə və pula can atır, sadəcə hərənin öz səviyyəsi var. Kimsə balaca çevrədə məşhur olmaqla kifayətlənir. Kimsə isə Bakıdakı məşhurluqla kifayətlənmir, istəyir onu London, Paris, Nyu-York, Moskva kimi şəhərlərdə də tanısınlar. Digər maraqlı cəhət də var. Hamıya bəllidir ki, incəsənət dilsiz də başa düşülür. Ancaq bilmək maraqlıdır, sənin şəkillərini digər mədəniyyətlərin təmsilçiləri niyə bəyənməlidirlər? Əlbəttə, maddi təminat da vacibdir. Məlumdur ki, Avropada və Amerikada incəsənət çox dəyərləndirilir, ona görə də rəssamlar işlərini sərhədlərdən kənara çıxarmaq istəyirlər, orada daha ciddi qonorar almaq şansı çoxdur. Ancaq elə rəssamlar da var, buna ehtiyacı yoxdur. Məsələn, Səttar Bəhlulzadə öz işlərini heç vaxt baha qiymətə satmağa çalışmayıb, bunun əvəzində şəkillərini hədiyyə verib. 
 


- Deyirlər, rəsm əsəri dəbdəbədir. Bu fikirlə razısınızmı? 

- Bu sözlərdə həqiqət var! Təsviri incəsənət Avropada artıq çoxdan öz apogeyinə çatıb. Şərqdə divarları xalçalar bəzəyirsə, Avropada şəkillər bəzəyir. Bu, artıq çox şey deməkdir. Əlbəttə, zaman dəyişir, incəsənətə münasibət də dəyişir. İndi insanlar şəkil alırlar, amma bu proses kütləvi xarakter daşımır. Orta-statistik azərbaycanlının evində rəsm əsəri görə bilməzsiniz. Ola bilsin tətbiqi və təsviri incəsənət lazım olan qədər təbliğ edilməyib, bunun üçün vaxt lazımdır. Bu ənənəni inkişaf etdirmək və gələcək nəsillərə ötürmək lazımdır. Fikrimcə gələcəkdə, əhali arasında şəkillərə olan həvəs artacaq!

Sizə bir hadisədən danışım. Mənim emalatxanama tez-tez xarici qonaqlar gəlir. Onların çoxu abstrakt şəkillərə baxanda, onlarda hansısa müəyyən süjet görürlər. Bu onunla əlaqədardır ki, avropalıların incəsənətdən başı çıxır. Xoşbəxtlikdən, bizdə son vaxtlar muzeylər, qalereylar, sərgi salonları açılır, bu da maariflənməyə, sənətin təbliğinə səbəb olacaq. Abstarkt işləri təkcə avropalıların deyil, azərbaycanlıların da almağa başlaması sevindirici haldır. Deməli, proses dağa tərəf gedir (gülür). 
 


- Anar, maraqlı müsahibəyə görə təşəkkür edirik. Biz sizə yaradıcı uğurlar və ən prestijli sərgi salonlarında sərgilənməyi arzu edirik.

- Təşəkkür edirəm!

(Fotolar Anar Hüseynzadənin şəxsi arxivindəndir)
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb