"Atlant"dakı silahlı məmur uşaqları həbs edildi - VİDEO

15:20 | 18.12.2014

"Atlant"dakı silahlı məmur uşaqları həbs edildi - VİDEO

"Atlant” istirahət mərkəzində xuliqanlıq edən şəxslər həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 1 avqust, 2014-cü il tarixdə saat 24 radələrində Xaçmaz rayonunda fəaliyyət göstərən "Atlant” istirahət mərkəzində Bakı şəhər sakini Əliyev Ziya Elxan oğlunun tanışı Ağayev Vüqar İslam oğlu ilə sərxoş vəziyyətdə qrup halında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində silah qismində istifadə edilən ov tüfənginin tətbiq olunacağı hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, o cümlədən sonuncunun diskotekanın işçisini nalayiq sözlərlə təhqir etməsində və ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən istirahət mərkəzinin mühafizəçilərinə müqavimət göstərməklə onlara xəsarət yetirməsində, habelə Z.Əliyevin onun qərəzli hərəkətlərinə dəstək verərək gəzdirdiyi "Çatuş C-507” markalı ov tüfəngini nümayiş etdirib atəş açacağı və istirahət mərkəzində olan şəxslərə real xəsarət yetirəcəyi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri törətmələrində əsaslı şübhələr olduğundan faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Z.Əliyev və V.Ağayev tutularaq istintaqa cəlb edilib və onlara CM-in 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə Səbayel Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində davam etdirilir.  

Qeyd edək ki, Ziya Əliyev Quba rayon bələdiyyəsinin sabiq sədri Elxan Əliyevin oğludur.

Yada salaq ki, "Atlant"dakı həmin hadisənin videogörüntülərini ilk dəfə virtualaz.org saytı yaymışdı. Dekabrın 11-də yayılan videodan da görünürdü ki, Azərbaycan məmurlarından birinin oğlu əlində silah tutaraq Nabrandakı "Atlant” istirahət mərkəzinin müştərilərini güllələməklə hədələyir.

İnsident baş verəndə mətbuatda belə məlumatlar yayılmışdı ki, Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Ağayevin oğlu gecə "Atlant”da avtomatdan atəş açıb. Doğrudur, Quba RİH başçısı o vaxt bu məlumatı təkzib edərək oğlunun həmin vaxt evdə olduğunu, Quba RİH-in sözçüsü isə gəncin xaricdə olduğunu demişdi.

Bu dolaşıq izahat da müəmmaları artırırdı. Üstəlik həmin vaxt heç kəs məsuliyyətə cəlb olunmamışdı. Hüquq-mühafizə orqanları isə belə bir silahlı insidentin ümumiyyətlə baş vermədiyini iddia edərək xəbəri təkzib etməyə çalışmışdı.

Lakin dediyimiz kimi, ötən həftə bu davaya dair sensasion video əldə edib yaydıq. Həmin videogörüntülər silahlı insidentin icra başçısının oğlu tərəfindən törədilməsi versiyasını dərhal inkar etdi. Çünki kadrdakı silahlı şəxs başqası idi. Amma onun şəxsiyyətini o vaxt müəyyən edə bilməmişdik.

Lakin virtualaz.org saytının apardığı araşdırmalar nəticəsində həmin silahlı məmur oğlunun kimliyinə də dünən aydınlıq gətirdik.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, bu hadisə ciddi ictimai rezonans doğurduğundan Quba Rayon Prokurorluğunda fakt üzrə cinayət işi qaldırılıb. Müstəntiqlər silahlı şəxsin Ziya Əliyev adlı gənc olduğunu müəyyənləşdiriblər.

Ziya Əliyev Quba Rayon Bələdiyyəsinin sabiq sədri Elxan Əliyevin oğludur. Maraqlıdır ki, Elxan Əliyevin özü hazırda həbsdədir. O, 2012-ci ilin martında baş vermiş Quba iğtişaşlarına görə cəza çəkir. Ziya Əliyev özü isə Binə aeroportunun polis rəisinin yaxın qohumudur.

Z.Əliyevin qardaşı ilə bağlı da maraqlı fakt ortaya çıxıb. Virtualaz.org saytı xəbər verir ki, keçmiş bələdiyyə sədri Elxan Əliyevin digər oğlu Bəhram Əliyev də 2010-cu ildə ölümlə nəticələnən hadisəyə səbəb olub.

Belə ki, B.Əliyev "Mercedes” markalı, 40 AA 022 dövlət nömrə nişanlı avtomaşını yüksək sürətlə idarə edərkən piyadanı vurmuşdu. Qəza zamanı 45 yaşlı İmran Əliyev hadisə yerində keçinmişdi. 

Virtualaz.org
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM