Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ

17:25 | 01.04.2016
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ

Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ

 
Rüstəm Qasımov

ANN.Az-ın gənc və istedadlı azərbaycanlı rəssam Aynurə Mustafayeva ilə müsahibəsi 

- Aynurə, siz ixtisasca rəssam deyil, həkimsiziniz...

- Bəli, düzdür (gülür). Mən uşaqlıqdan rəssam olmaq istəyirdim, ancaq valideynlərim mənim həkim olmağımı istəyirdilər. Ona görə də artıq 9-cu sinifdə məni kimya-biologiya litseyinə yazdırmışdılar, 1999-cu ildə isə mən Tibb universitetinin müalicə işi fakültəsinə daxil oldum. 

- Həkimin rəssamlıqla məşğuliyyəti necə başladı? Təsviri incəsənətlə tanışlığınızın necə başladığı barədə danışardız. 

- Arzu uşaqlıqdan elə arzu kimi qalmışdı. Tələbəlik illərimdə mən rənglərə və karandaşlara yaxın durmadım. Demək olar ki, inciklikdən (gülür). Ancaq bir müddət keçəndən sonra müntəzəm olaraq rəsm çəkməyə başladım. Bir dəfə əmim evdə mənim eskizlərimi gördü. O çox təəccüblənmişdi, çünki mənim rəssamlığa həvəsimin olduğunu bilmirdi. Mən dedim ki, rəssamlıqla ciddi məşğul olmaq istəyirəm, o da məni dəstəklədi. Sonra mən valideynlərimə müraciət elədim ki, özümü sınamaq üçün mənə vaxt versinlər: "Əgər alınmasa, mən ancaq həkim olacam”. Valideynlərim həvəssiz də olsa, razılaşdılar. 
 


- Ailənizdə yaradıcılıqla məşğul olan başqa kimsə varmı ki, onun istedadı sizə keçib? 

- Təəssüf ki, yox. Əks təqdirdə onlar məni dəstəkləyərdilər, yaradıcı qabiliyyətlərimin inkişaf etməsinə çalışardılar. Ancaq bizim ailədə hami iqtisadçıdır. 

- Sizin yaradıcılıq yolunuz necə alındı? Kim öyrətdi?
 
- Mən yaradıcıqla məşğul olmaq qərarına gələndə, qardaşım mənə özünün Rəssamlıq Akademiyasında işləyən dostu Coşğun İsmayılovu məsləhət gördü. İlk addımlarımı atmağa o kömək etdi, Coşğun müəllimlə biz ilyarım işlədik. Karandaşdan başlamışdıq. Sonra yağlı boyalara keçdik. O dövrdə mən rəssamlığı ancaq hobbi kimi qəəbul edirdim, heç bilmirdim ki, o sonradan mənim həyatımın qayəsinə çevriləcək (gülür). 
 


- Hazırda siz tanınmış türk rəssamlıq assosiasiyası "International Activist Artists Association”ın Azərbaycan filialında təmsil olunursunuz. Nəvai Mətin kimi tanınmış rəssamın başçılıq etdiyi belə həmfikir qrupuna necə düşə bildiniz və həmkarlarınızla ünsiyyət yaradıcılıq baxımdan sizə nə qədər faydalı oldu?  

-  Mən Nəvai Mətinin sosial şəbəkədə dostumun səhifəsində görmüşdüm. Məhz həmin vaxt Assosiasiyanın elanı çıxmışdı ki, Dübəndi qəsəbəsində etüd keçiriləcək. Mən Nəvai müəllimdən etüddə necə iştirak edə biləcəyim və bunun üçün nə tələb olunduğu barədə soruşdum. O mənə hər şeyi başa saldı, Assosiasiya, onun iş prinsipi barədə məlumat verdi. Klub üzvləriylə görüş təyin olunmuşdu, mən orada onlarla tanış oldum. Onlar məni çox isti qarşılamışdılar. 

- Bu qrupun üzvləriylə siz müntəzəm olaraq təbiətə səyahətlər edirsiniz. Açıq havada rəsm çəkmək xoşunuza gəlirmi, bunun emalatxanadakı işlə fərqi nədir? 

- Bu assosiasiyanın tərkibində biz hər iki həftədən bir Azərbaycanın rayonlarına gedirdik. Nəvai müəllim həmişə deyir ki, əgər xalq sənətə gəlməsə, sənət özü xalqa gələcək (gülür). Beləliklə, biz əla vaxt keçirir, iş görürdük. Yeri gəlmişkən, kəndlilər də bizim işlərimizlə maraqlanırdılar. Açıq havada işləyən rəssam qrupu hər gün rastlanan mənzərə deyil. 
 


Sizin sualınıza cavab verim ki, naturadan çəkmək emalatxanada çəkməkdən daha yaxşıdır. Rəngləri və çalarları daha yaxşı seçirsən çünki. Etüd az vaxt almalıdır, daha dəqiq desəm bir neçə saat, çünki hava çox tez dəyişir. Açıq havada işləmək rəssamlara templə işləməyə kömək edir (gülür)

- Sizi daha çox nəyi çəkməyi sevirsiniz: etüd, yoxsa istisnasız olaraq təsəvvür və fantaziya arxalanaraq yaradıcı işlər ortaya qoymaq? 

- Hər ikisi. Etüdlər çəkmək həm maraqlı, həm də əyləncəlidir. Bir neçə saat ərzində sənin qarşında hazır şəkil olur, orda sən nə görmək istəyirsənsə, o var. Müəllif işlərinə qaldıqda isə, o, rəssamın təsəvvür və fantaziyasının görüntü formasını almasıdır. Ona görə də hər ikisi mənimçün vacibdir. 

- Etüdün hazır olmasına bir neçə saat tələb olunur, bəs müəllif müəllif işi nə qədər vaxt alır? 

- Müəllifin işinin ortaya çıxması şəklin süjetindən asılıdır. İlk planda müəyyən aspektlər olmalıdır. İdeya hazırdımı? Nə çəkəcəyini rəssam tam olaraq bilirmi? Bu sualların cavablarının tapılmasına müəyyən vaxt lazımdır. Bəzən nəticəni bəyənmək üçün rəssama bir neçə saat lazım ola bilər. Ancaq elə hallar da olur ki, buna günlər, aylar, illər gedir... Sənət özünün proqnozlaşdırılmamasıyla fərqlənir, onun gözəlliyi və orijinallığı da elə bundadır. 
 


-  Sadə karandaşla çəkilmiş işləriniz barədə danışardız. Qrafika sizin yaradıcılığınızda hansı yeri tutur? 

- Əsasən rənglərlə işləməyi sevirəm. Ancaq qrafikanı bilmək rəssam üçün çox vacibdir. Mən incəsənəti karandaşla natürmot çəkə-çəkə öyrənmişəm Sonra rəngli boyalara keçdim. Karandaşla peyzajlar, natürmortlar və əsasən dostlarımın portretlərini çəkirəm. Onlara sürprizlər etmək xoşuma gəlir. 

- Ən çox nəyi çəkməyi sevirsiniz? Təsviri sənətdə hansı cərayanlar sizin favoritinizdir? 

- Əvvəllər mən peyzajlar çəkməyi çox sevirdim, onlar demək olar mənim yaradıcılığımın əsasını təşkil edirdilər, ancaq hazırda özümü bir çox janrlarda sınamağa çalışıram. 
 


- Vaxt keçdikcə sizin rəssamların getdikcə yaxşılaşır. Bu daim öz üzərinizdə işləməyinizin nəticəsidirmi? 

- Bəli! İş burasındadır ki, mən yaradıcılıqla demək olar hər gün məşğul oluram. Van Qoq düşünürdü ki, rəssam üçün istedad o qədər də vacib deyil, vacib olan çox və dayanmadan işləməkdir. 

Əməksevərlik çox vacibdir, xüsusilə erkən mərhələdə. Ancaq sonrakı inkişaf və formalaşma üçün rəssam üçün istedad, təsəvvür, fantaziya çox vacibdir ki, onun işləri başqalarının işlərinin kopyalarına bənzəməsin. 

- Sizin işləriniz parlaq, şirəli və isti rəngləriylə seçilir. Bu sizin daxili aləminizləmi bağlıdır? 

- Demək olar bu mənim daxili aləmimlə bağlıdır. Şəkillərdə kolorit, pozitiv, parlaq rənglər və işıq mənim çox xoşuma gəlir. Ona görə də belə şeyləri mənim şəkillərimdə tapa bilərsiniz.  

 -  Bəs sizin şəkillərinizdə hansısa fəlsəfə varmı? Əgər varsa, o nədir? 
 
 

- Mən əsas etibarilə realistəm, ən azından yaradıcılığımın bu mərhələsində. Ancaq şəkillərin fəlsəfi olmasına da müsbət baxıram. Hələlik mənim bir neçə şəklim var. Hələ irəliləyəcəyik. İndi uzun yolun əvvəlindəyik (gülür). 

 - Yaradıcılığına heyran olduğunuz rəssamlar varmı? 

- Van Qoqun, Klod Monenin, Amedeo Modilyaninin işlərini çox sevirəm. Yerli rəssamlarımızdan Səttar Bəhlulzadənin, Böyükağa Mirzəzadənin  yaradıcılığına heyranam. Müasir rəssamlardan isə Vladimir Voleqovun və Vüqar Əlinin yaradıcılığını bəyənirəm. 

 -  Rəsmləriniz vasitəsilə tamaşaçılara çatdırmaq istədiyiniz nədir? Onlara nələrə diqqət etməlidirlər? 

- Dolğun həyat yaşayın, kiçik şeylərdən xoşbəxt olun, xeyirxah, nikbin olun, ən əsası neqativi özünüzdən uzaqlaşdırın (gülür). 
 


- İlk sərgi hər bir rəssamın həyatında əlamətdar hadisədir. İlk sərginiz barədə danışardınız...

-  2015-ci ilin oktyabrında "Facebook”da "Dünya rəssamları” klubunun verdiyi elanı gördüm, onlar gələcək sərgiyə şəkil aldıqlarını bildirirdilər. Mən öz işlərimi göndərdim. Bir müddətdən sonra isə özümü 25 nəfərlik rəssam siyahısında gördüm və çox sevindim. Sərginin mövzusu "Günəş” idi. Şəkillərin hazırlanmasına bir ay vaxt vermişdilər. Mən peyzaj, günəş peyzajı, buna bənzər şəkil çəkmək istəmirdim, bu çox banal olardı. Ona görə də mən orijinal süjet fikirləşmək istəyirdim, nəticədə mən "Yeni gün, yeni həyat” adlı şəkil çəkdim. Günəşin yeni günü simvolizə etdiyini, yenidoğulan uşaqlarınsa həyatın başlanğıcı olduğunu nəzərə alanda, mən günəş görünüşündə hamilə qadının şəklini çəkdim. İlk sərgidə rəsm işim kimi tamaşaçıların qarşısıma mən bu şəkillə çıxdım. Sərgidə iştirak elə xoşuma gəlmişdi ki, bugün bir dənədə olsun sərgini qaçırmamağa çalışıram. 
 


- Sonda sizə bu sualı vermək istərdim, şəhərimizin sakinləri və qonaqlar ilk sərginizə nə vaxt baş çəkə biləcəklər? 

- Hər bir rəssam kimi mən çox istəyirəm ki, özümün fərdi sərgim olsun. Ancaq hər şeyin öz zamanı var. Bu yüksək səviyyədə olmalıdır. Buna çatmağa çalışıram. Fikirləşirəm ki, zəhmətsevərliyim sayəsində fərdi sərgimi keçirməyə müvəffəq olacam. 

- Aynurə, maraqlı müsahibəyə görə sizə təşəkkür edirik. 

- Rüstəm mən sizə təşəkkür edirəm ki, öz oxucularınıza Azərbaycanın gənc və yeni başlayan rəssamlarını tanıdırsınız. 

(Fotoların müəllifi İradə Qədirova)
 



























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb