Azərbaycan Beynəlxalq Bankı, "ABAD” publik hüquqi şəxs və
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) arasında Niyyət Protokolu imzalanıb.
Protokol sahibkarlığın inkişafının dəstəklənməsi üzrə birgə əməkdaşlığı nəzərdə
tutur. Bu çərçivədə sahibkarlıq subyektlərinə öz investisiya layihələrini
reallaşdırmaqdan ötrü üçtərəfli kömək göstəriləcək.
Belə ki, Azərbaycan
Beynəlxalq Bankı üzərinə düşən missiyaya uyğun olaraq sahibkar müştərilərə güzəştli
kreditlər verəcək. Bu prosesin operativ şəkildə aparılmasını təmin edəcək. Bank
aqrar sahədə fəaliyyət göstərən iş adamlarına özünün "Sahibkarlar Klubu” xətti
ilə müxtəlif imtiyazlı xidmətlərdən (logistika, nəqliyyat, sertifikatlaşdırma və
s.) faydalanmaq imkanı da yaradacaq.
Aqrar Kredit və İnkişaf
Agentliyi bankla qarşılıqlı müqavilələr çərçivəsində maliyyələşmə sahəsində tərəfdaşlıq
dəstəyi göstərəcək. Eyni zamanda, öz fəaliyyət istiqamətləri üzrə ekspert dəstəyi
və təcrübə mübadiləsi ilə sahibkarlara faydalı olacaq.
ABAD isə aqrar məhsulların
qablaşdırılması və satışının təşkili işlərində sahibkarlara kömək edəcək. Həmçinin
istehsal və marketinq sahələrində yeni təcrübələrin əldə olunmasına şərait
yaradacaq.
Aqrar Kredit və
İnkişaf Agentliyinin sədri Seymur Mövlayev deyib: "Üç tərəfdaş arasında imzalanan bu sənəddə nəzərdə tutulmuş tədbirlərin
uğurla reallaşdırılması aqrar sahədə mikro, kiçik və orta sahibkarlığın inkişaf
etdirilməsinə kömək göstərəcək. Bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində
dayanıqlı və davamlı inkişaf yönümlü müştərək layihələr yerinə yetiriləcək, birgə
məhsullar hazırlanacaq”.
ABAD-ın direktoru
Rüfət Elçiyev bildirib: "Sahibkarlar və
kənd təsərrüfatı məhsullarının istehsalçıları bu əməkdaşlıq çərçivəsində
yaradılan imkanlar hesabına yerli və beynəlxalq təşkilatların proqramlarından
faydalana biləcəklər. Onlara ekspert dəstəyi göstəriləcək. Təcrübə mübadiləsi
aparmalarına şərait yaradılacaq”.
Azərbaycan Beynəlxalq
Bankının Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki,
aqrar sektorun inkişafının dəstəklənməsi Bankın fəaliyyət strategiyasında
xüsusi yer tutur: "Son illər biznes
layihələrinin reallaşdırılmasına fəal şəkildə kömək göstərdiyimiz kiçik və orta
sahibkarlıq subyektlərinin müəyyən bir qisminin fəaliyyəti məhz aqrar sektora
aiddir. Belə bir niyyət protokolu çərçivəsində tərəfdaşlarımızla imkanları birləşdirmiş
oluruq. Bu da aqrar sahədə çalışan iş adamları üçün daha da faydalı olmağımıza
imkan verəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !