Azərbaycan Beynəlxalq
Bankı aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata
keçirilən özünüməşğulluq proqramına qoşulub. Məlumat üçün bildirək ki, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi bu proqram çərçivəsində aztəminatlı
ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları
ilə təmin edilir. Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud
mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə bu proqramın
unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf
biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq
Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və
korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda
iştiraka başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq
əsasında Bank özünün Sahibkarlar Klubu xəttilə 50-dək aztəminatlı ailəyə kiçik
biznes qurmaqda dəstək verəcək. Həmin ailələri isə Dövlət Məşğulluq Xidməti müəyyən
edəcək.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında
imzalanmış Memorandum çərçivəsində də Azərbaycan Beynəlxalq Bankı həssas əhali
qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində tədbirlər
həyata keçirir. Bank artıq 3 aztəminatlı ailəyə kiçik sahibkarlıq müəssisəsi
qurmaqdan ötrü lazımi avadanlıqların alınması üzrə sənədlər təqdim edib. Onlar
karantin dövrü başa çatandan sonra fəaliyyətə başlayacaqlar. Belə ki, Bakının Nərimanov
rayonu ərazisində yaşayan Etibar Vəliyev adlı vətəndaşa avtomobil şinlərinin təmiri
ilə məşğul olmaqdan ötrü Azərbaycan Beynəlxalq Bankı lazımi avadanlıq alır.
Daha bir vətəndaşımız Sabir Əliyev isə Bankın təqdim etdiyi avadanlıqla un məmulatları
istehsal edərək özünün və ailə üzvlərinin məşğulluğunu təmin edə biləcək. Bank
Sabunçu rayonunda yaşayan Müqabil Allahyarova da ailəsi ilə birgə broyler
inkubatoru biznesi ilə məşğul olmaqdan
ötrü lazımi avadanlıq təqdim edir. Bankın öz işini qurmaqda kömək göstərdiyi vətəndaşlardan
iki nəfərinin fiziki məhdudiyyətli, digərinin məcburi köçkün olması bu layihənin
sosial dəyərini daha da artırır.
Azərbaycan Beynəlxalq
Bankının korporativ istiqamət üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd
edib:"Ölkənin ən böyük bankı kimi biz
iri, orta və kiçik bizneslərlə yanaşı, ailə biznesinə də dəstək veririk. Özünüməşğulluq
proqramı üzrə yerinə yetirdiyimiz layihələr, həssas əhali qruplarının, aztəminatlı
ailələrin məşğulluq məsələlərinin həlli ilə yanaşı, biznesin inkişafına da əlverişli
mühit yaradır. Sahibkarlar Klubumuz da özünəməşğulluq proqramı çərçivəsində öz
işini quran kiçik sahibkarlara mümkün köməyi göstərməyə hazırdır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !