-Fuad müəllim, bank "Euromoney” jurnalının
mükafatını hansı nailiyyətlərinə görə qazandı?
-"Euromoney”
jurnalının təqdim etdiyi mükafatlar maliyyə dünyasının ən nüfuzlu
mükafatlarından sayıldığından bu mükafatlara layiq görülən bankların müəyyənləşdirilməsi
üçün çox ciddi kriteriyalar var. Jurnalın araşdırma heyəti hər il dünyanın
100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların göstəricilərini təhlilə cəlb
edir. Bu zaman onların il ərzində qazandığı nəticələrə baxılır. Beynəlxalq
müxbir bankların, məşhur maliyyəçi və bankirlərin həmin banklar haqqında
müşahidə və rəyləri nəzərə alınır. Beləliklə, jurnal mükafatların qaliblərini
müəyyənləşdirir. Builki qaliblər sırasında Citibank, Credit Suisse, JP Morgan,
Akbank və s. bu kimi məşhur banklar vardı.
Bizim bu mükafata layiq görülməyimizə gəlincə isə, bildiyiniz kimi,
Azərbaycan Beynəlxalq Bankı son illər çox çətin sınaqlardan, sağlamlaşdırma
proseslərindən keçdi. Dövlətimizin dəstəyi ilə bankın aktiv və öhdəliklərinin
restrukturizasiyası prosesi aparıldı. Restrukturizasiya prosesindən dərhal
sonra da bank çox sürətli şəkildə biznesi bərpa etməyi bacardı. Kapital
mövqeyi, maliyyə dayanıqlığı möhkəmləndi, bazar mövqeləri gücləndi, gəlirliliyi
təmin olundu. Bütün bunlar təbii ki, beynəlxalq qurumlar tərəfindən də diqqətlə
izlənir. Qeyd edilənlər, eləcə də aktivlərinin, müştəri bazasının həcmi, geniş
müxbir şəbəkəsi və s. bu kimi amillər Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə "İlin
bankı” mükafatını qazanmasında böyük rol oynadı. Bu, təbii ki,
Azərbaycan Beynəlxalq Bankının böyük uğurudur, qlobal maliyyə dünyasında fəaliyyətimizə
verilən yüksək qiymətdir.
Mükafata məhz bu il
layiq görülməyimizin bir önəmli məqamı isə
odur ki, bu il "Euromoney” jurnalı fəaliyyətinin 50-ci ildönümünü qeyd edirdi. 1969-cu
ildən fəaliyyət göstərən jurnal 50 illik yubileyində ölkə üzrə "İlin bankı”
mükafatını məhz Azərbaycan Beynəlxalq Bankına təqdim etdi.
-Belə qiymətləndirmələr qlobal maliyyə bazarında Azərbaycan
Beynəlxalq Bankına hansı üstünlükləri verir?
-Bu cür mükafatlar
bankın beynəlxalq işgüzar imici baxımından çox önəmlidir. "Euromoney” jurnalı
maliyyə sahəsində dünyanın ən mötəbər nəşrlərindəndir. Bu cür jurnallar beynəlxalq
konfranslarda, sərgilərdə yayılır. Məşhur iş adamlarının, dövlət xadimlərinin
müsahibələrini dərc edir, qlobal trendlərdən yazır, ayrı-ayrı ölkələr üzrə
tematik buraxılışlar hazırlayır. Belə nəşrlərin mükafatlarını qazanmaq, onların
səhifələrində görünmək bank üçün, təbii ki, yüksək imic göstəricisidir. Bu isə
bizim üçün çox mühümdür. Çünki Azərbaycan Beynəlxalq Bankı ölkəmizin xarici
banklarla ən çox çalışan, ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq
edən, xarici ölkələrdə ən geniş müxbir şəbəkəsi olan bankıdır. Məsələn, bizim təkcə
elə ABŞ-da 4 müxbir hesabımız var. Xarici banklarla, ödəniş sistemləri ilə fəal
şəkildə çalışırıq. Həm mövcud tərəfdaşlarımızı, həm yaxın gələcəkdə tərəfdaşlığa
başlaya biləcəyimiz digər qurumları, həm də ümumilikdə beynəlxalq maliyyə
bazarlarının iştirakçılarını Azərbaycan Beynəlxalq Bankının durumu ilə mütəmadi
tanış edirik. Bu cür mükafatlar, təbii ki, etibarlı tərəfdaş kimi banka inamı
artırır və işgüzar imicimizi yüksəldir.
-Bankın reytinqlərində də artımlar var. Bu, gələcək
üçün hansı perspektivləri yaradır?
-Professional
nöqteyi-nəzərdən yanaşsaq, reytinq belədir ki, beynəlxalq maliyyə qurumları
reytinqlər əsasında bankın risk dərəcəsini müəyyənləşdirirlər. Verilmiş reytinqlərə
inam burada mühüm faktordur. Azərbaycan Beynəlxalq Bankına Moodys, Fitch kimi
dünyanın mötəbər agentlikləri reytinqlər verir. Xarici maliyyə qurumları da baxırlar
ki, əgər Moodys, yaxud Fitch kimi agentliklər Azərbaycan Beynəlxalq Bankına bu
reytinqləri veribsə, deməli, buna inanmaq olar. Xarici maliyyə institutları tərəfindən
verilən vəsaitlərin həcmində, faiz marjasında, müddətində və s. reytinqlər
çox mühüm rol oynayır.
-Azərbaycan Beynəlxalq Bankı hazırda xarici maliyyə
bazarlarından vəsait cəlb edir?
-Xeyr, hələlik
xarici maliyyə institutlarından vəsaitlərin cəlbinə ehtiyac görmürük. Bir tərəfdən,
LİBOR (banklararası satış faiz nisbəti) dərəcəsi indi xeyli yüksək olduğundan bu
vəsaitlər baha başa gəlir. Digər tərəfdən isə, ölkəmizdəki mövcud imkanlar, bankın
dayanıqlığı, likvidlik mövqeyi bizə daxili resurslar hesabına lazımi qədər vəsait
cəlb etmək imkanı verir. Amma buna baxmayaraq təbii ki, beynəlxalq nüfuzumuzu,
bizə olan inamı daim qorumaq haqqında düşünməliyik ki, məsələn, əgər sabah
xaricdən vəsait cəlbi sərfəli olsa, bu, bizə asan başa gəlsin. Ona görə xarici əlaqələrimizi
daim inkişaf etdirməyə, beynəlxalq reytinqlərimizi yüksəltməyə çalışırıq. Reytinqlər
bizim xarici tərəfdaşlarımız üçün açıqlığımızı, şəffaflığımızı da göstərir. Bütün
bunlar xaricdəki müxbir şəbəkəmizin inkişaf etdirilməsi, ticarətin maliyyələşdirilməsi,
xəzinədarlıq əməliyyatlarının aparılması, bir sözlə, müştərilərimizin
ehtiyaclarının qarşılanması baxımından da faydalıdır.
-Hazırda qlobal bank bazarlarında gedən əsas
inkişaf tendensiyaları nələrdən ibarətdir? Azərbaycan Beynəlxalq Bankı yeni
trendlərə uyğunlaşa bilirmi?
-Ən əsas trend rəqəmsallaşmadır.
Son texnologiyaların imkanlarından faydalanmaqla bütün dünyada çoxlu kiçik şirkətlər
meydana gəlir. Onlar öz məhsullarını, rəqəmsal platformalarını yaratmaqla böyük
bankların ənənəvi biznesinin müəyyən hissələrini tədricən, xırda-xırda almağa
başlayırlar. Məsələn, onlayn ödənişlərdir, pul köçürmələridir, müxtəlif riteyl
məhsullarıdır və s. Bu şirkətlərin üstünlüyü ondadır ki, kiçik və çevikdirlər, məsrəfləri
o qədər böyük deyil. Ona görə də öz qərarlarında sərbəst və mobildirlər. Bu
tendensiyaları görərək artıq klassik böyük banklar da bu istiqamətdə müəyyən
işlər görməyə başlayıb. Əks halda, biznesin mühüm bir istiqaməti əldən çıxa bilər.
Bu səbəbdən banklar çalışırlar ki, həmin çevikliyi, şəffaflığı müştərilər üçün
təmin edə bilsinlər, bu biznes artıq onlarda olsun. Məsələn, bildiyiniz kimi, bütün
banklar Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin - qısaca
desək, SWIFT-in xidmətlərindən istifadə edir. Uzun illər boyu bu şirkətin xidmətlərinin
müəyyən edilmiş konkret parametrləri və dəyişməz fəaliyyət istiqamətləri mövcud
idi. Yalnız çox ciddi ehtiyaclar yarananda nələrdəsə müəyyən dəyişiklik edərdilər.
Amma son dörd-beş ildə SWIFT də banklar
üçün kifayət qədər yeni məhsul və xidmətlər təqdim etməyə başlayıb.
Azərbaycan Beynəlxalq
Bankı olaraq biz də bütün bunları nəzərə almaqla innovativ həllərin tətbiqi sahəsində
işlərimizi sürətləndirmişik. Bank texnologiyalarında dəyişikliklərin edilməsi,
məhsul və xidmətlərdə innovasiyaların geniş tətbiqi yeni strategiyamızda da öz əksini
tapıb. Çünki bunları indi etməsək, bu, gələcək inkişaf planlarımızın icrasına
çox ciddi təsir göstərə bilər.
Məsələn, sizə
maraqlı bir nümunəni xatırladım: bir müddət əvvəl Facebook sosial şəbəkəsi
2020-ci ildə öz valyutası – Libranı istifadəyə verəcəyi barədə planını açıqlayıb.
Bu gün dünyada Facebook istifadəçilərinin sayı 2,3 milyarddan çoxdur. İndi təsəvvür
edin ki, Libra ideyası reallaşandan sonra maliyyə xidmətləri bazarı necə dəyişəcək.
Facebook öz istifadəçilərinə çox cüzi məbləğ qarşılığında onlayn ödənişlərin
aparılması xidmətini təklif edəcək. Və bu da Facebook istifadəçilərinə çox cəlbedici
gələcək. Cəmi bircə dəfə sosial şəbəkədə hesab açırsan və ödəniş əməliyyatlarını
da orada aparırsan. İndi Facebook-da hesab açan zaman istifadəçiləri o qədər də
sorğu-suala çəkib yoxlamırlar. Amma Libranın tətbiqindən sonra çox güman ki,
çoxsaylı əlavə məlumatlar da istəyəcəklər. Məsələn, pasport məlumatlarını, mobil
telefon nömrələrini, yaşayış ünvanlarını və s. Bunlar da veriləndən sonra isə onların
əlində inanılmaz həcmdə böyük və əhatəli məlumat bazası olacaq. Bu da sosial şəbəkələrin
qlobal çevrədə nəzarət və təsir imkanlarını daha da genişləndirəcək. Belədə isə
sual çıxır ki, banklar belə bir rəqabətə davam gətirə biləcəkmi? Təbii ki, bu
durumda banklar da, öz mövqelərini qorumağa çalışır. Ona görə bu gün rəqəmsallaşma
banklar üçün çox vacib və vazkeçilməz istiqamətdir.
- Qeydiniz tamamilə əsaslıdır. İnnovasiyaların inkişafında nə qədər
irəli gediriksə, komplayns nöqteyi-nəzərindən həlli vacib olan bir o qədər çox
suallar da çıxır qarşıya. Əlbəttə, bu məsələlərin həllində tənzimləyicilər,
müvafiq qlobal təşkilatlar böyük rol oynayır. Onlar bu sahədə nəzarətin təmin
olunması, geniş spektrli əməliyyatlar həyata keçirən beynəlxalq ödəniş
qurumlarının fəaliyyətinin koordinasiya edilməsi üçün qaydalar təqdim edir,
ümumi siyasət müəyyənləşdirirlər. Müştərilərə tez və keyfiyyətli xidmətin göstərilməsi
ilə komplayns tələbləri arasındakı "qızıl orta”nın tapılması isə bütün bank
ictimaiyyətinin müştərək işindən asılıdır.
Bəzən requlyativ tələblər yeni maliyyə texnologiyalarının inkişaf sürəti
ilə tam uyğunlaşa bilmir. Belə bir zamanda maliyyə texnologiyaları çirkli
pulların yuyulması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsi, vəsaitlərin
qeyri-qanuni dövriyyəsi hallarına qarşı mübarizə sahələrində də inkişaf
etdirilməlidir. Bizim fikrimizcə, müasir standartlara, komplayns sahəsində
müvafiq siyasət və texnologiyalara malik olmadan uzunmüddətli perspektivdə beynəlxalq
maliyyə sistemlərinin tamhüquqlu iştirakçısı kimi qalmaq mümkün olmayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !