Azərbaycan
Beynəlxalq Bankının fiziki məhdudiyyətli gənclərlə birgə həyata keçirdiyi
"Kitabı dinlə” korporativ sosial məsuliyyət layihəsi "International CSR
Excellence Award” mükafatına layiq görülüb. Mərkəzi ofisi
Londonda yerləşən təşkilati komitə mükafatı banka təqdim edib.
"International
CSR Excellence Award” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən aparıcı biznes qurumlarının sosial məsuliyyət layihələrini dəstəkləmək,
onları öz əsas funksiyaları ilə yanaşı, digər sahələrdə də cəmiyyətə
ictimai fayda verməyə ruhlandırmaqdır. "International CSR Excellence Award”
haqqında daha ətraflı: https://csrawards.co.uk
Bu il
"International CSR Excellence Award” mükafatlarını
qazananlar sırasında Böyük Britaniyanın aparıcı energetika şirkətlərindən "Northern Gas
Networks”, "British Gas”, xidmət sektorunda fəaliyyət
göstərən "Morgan Sindall”, "McGee” şirkəti, Səudiyyə Ərəbistanının SAUDI ARAMCO
şirkəti, İsveçrənin "IWC SCHAFFHAUSEN” kompaniyası və s. bu kimi tanınmış
qurumlar var. Ötən illərdə bu yüksək mükafat "Coca-cola”, "Shell”, "Warner
Bros”, "Türkcell” kimi şirkətlərə də verilib.
Azərbaycan Beynəlxalq Bankının fəaliyyətində
korporativ sosial məsuliyyət layihələri mühüm yer tutur. Bank son illər cəmiyyətdə
maliyyə savadlılığının artırılması, tarixi-mədəni dəyərlərimizin təbliği, gənclərin
fərdi inkişafı və məşğulluğuna kömək, startap ideyalarının dəstəklənməsi və s.
bu kimi sahələrdə öz tərəfdaşları ilə birgə müxtəlif maraqlı sosial məsuliyyət
layihələri həyata keçirib və bu layihələrin bir qismi indi də davam etməkdədir.
"Kitabı dinlə” layihəsi isə ana dilimizdə elektron
resursların yaradılmasına və fiziki məhdudiyyətli gənclərimizin cəmiyyətə fəal
inteqrasiyasına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində Azərbaycan dilində
bir sıra kitabların audiovariantı hazırlanıb. Səsli kitablar www.kitabidinle.az portalında yerləşdirilib.
Kitabları bu portaldan yükləmək, yaxud
onlayn qaydada dinləmək olar.
Xatırladaq ki, "Kitabı dinlə” layihəsi bu il Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq
keçirilmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika
müsabiqəsinin də qaliblərindən olub. Layihə "Təhsildə inklüzivliyin təmin edilməsi”
nominasiyası üzrə ilin layihəsi seçilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !