"Azərbaycanda hakimiyyət və siyasi partiyalar arasındakı münasibətlər yeni müstəviyə çıxacaq" - Yusif Bağırzadə

12:06 | 02.03.2020

"Azərbaycanda hakimiyyət və siyasi partiyalar arasındakı münasibətlər yeni müstəviyə çıxacaq" - Yusif Bağırzadə

Xəbər verdiyimiz kimi, bu günlərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşü keçirilib. 

Görüşdə siyasi partiyalar-dövlət münasibətləri, parlament fəaliyyəti və başqa məsələlər ətrafında söhbət aparılıb. 
Bəs bu görüşlərin Azərbaycan üçün hansı əhəmiyyəti var? 

Axeber.az məsələ ilə bağlı politoloq Yusif Bağırzadənin fikirlərini öyrənib. 

Sayta danışan politoloq deyib ki, bu görüşlər Azərbaycan cəmiyyətinə pozitiv bir mesaj verəcək: 

"Bildiyiniz kimi, ötən ilin sonlarında Prezident Administrasiyasında struktur dəyişikliyi oldu və ictimai-siyasi şöbə ləğv edildi. Əvəzində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Bu şöbənin adından da göründüyü kimi burada məqsəd siyasi partiyalarla əlaqələrin qurulması və Azərbaycanın inkişafı naminə birgə işin ortaya qoyulmasıdır. Ümid edirəm ki, Ədalət Vəliyevin təşəbbüsü ilə keçirilən görüşlərin nəticəsində siyasi partiyaların fəaliyyətində əmələ gələn bəzi problemlər öz həllini tapacaq. Ona görə də keçirilən görüşləri müsbət qiymətləndirirəm". 

Y. Bağırzadənin sözlərinə görə, bu görüşlər siyasi partiyaların hərtərəfli inkişafına şərait yaradacaq: "Bu hadisə partiyaların maddi-texniki bazasının gücləndirilməsi, ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi və dövlətimizin nikbin gələcəyi naminə böyük uğurdur. Ümumiyyətlə, müharibə şəraitində olan bir dövlətdə siyasi partiyalarla hakimiyyətin dialoquna müsbət yanaşmaq lazımdır. Çünki bu, Azərbaycanın güclənməsinə, hər hansı bir xarici təsirə qarşı vahid mövqedən çıxış etməsinə şərait yaradır. Hesab edirəm ki, bu görüşlərin baş tutması Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasındakı münasibətlər yeni müstəviyə çıxmasına imkan verəcək", - deyə politoloq qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb