Bakı, bakılılar və gəlmələr haqqında

13:59 | 24.12.2014
Bakı, bakılılar və gəlmələr haqqında

Bakı, bakılılar və gəlmələr haqqında

 
Bakı və onun "yadları” 
 
Əgər siz Bakıda yaşayır, oxuyur, işləyir və ya Bakıya ziyarət məqsədi ilə gəlmisinizsə, deməli, siz bu yazıda adı çəkilən qrup və kateqoriyalarda özünüzü tapa bilər və müqayisə apara bilərsiniz. "Günü – gündən çiçəklənən, regionun lider ölkəsi"nin paytaxtında təsadüfü insanlara yer olmadığı kimi, burada yaşamağın asan olmadığını da yaxşı bilirsiniz. Neftin qiymətinin günü - gündən sürətlə düşdüyü bir vaxtda "regionun lider ölkəsi"nin paytaxtında həyatın axışı, insanların gündəlik məşğuliyyəti stabil və ağır olaraq davam etməkdədir. Bunun fonunda insanların düşüncəsi, həyata baxışı, ətrafdakılara münasibəti və ən əsası yaşadıqları şəhərə, Bakıya münasibətləri də dəyişir. Bu dəyişmə çox əcaib, hürküdücü və ürək bulandırandır. 

Yaşadıqları şəhərə "Cunqli qanunları işləyir" deyən insanlara dünya miqyasında elə də çox rast gələ bilməzsiniz. Bu yazının əsasını da Bakı və yaşadıqları mədəniyyət, elm və incəsənət mərkəzini "Cunqli” adlandıran insanların sosioloji analizi təşkil edir.  Şəhərin memarlığı, infrastrukturu, nəqliyyat problemi və bu kimi şeylərin həlli və müzakirəsi daha ciddi instansiyalara, peşakarlara məxsus olduğu üçün bu mövzuya toxunmayıb, daha çox İNSAN faktoru müzakirəsinə diqqət ayırmaq niyyətindəyik. Bu portalda dərc olunan əvvəlki yazılarımızdan fərqli olaraq, elmi üslubu gündəlik həyatımıza tətbiq edərək, oxucunu aydınlatmağa çalışacağıq. Bu yazıda zaman – zaman müxtəlif müəlliflərin nəzəriyyələrinə müraciət etsək də, ana xəttlər Bakı və onun sakinlərindən ibarət olacaq.


Bakı və yadlaşma

Tarixə nəzər saldıqda, görərik ki, şəhərlər hər zaman əsas köç mərkəzləri olub. Orta əsrlərin sonlarından başlayaraq artan bu proses 18-ci əsrin sonu 19-cu əsrin əvvəllərində özünün ən pik nöqtəsinə çatdı. İnsanların şəhərlərdə yerləşməsinin əsas səbəbi fabrik və zavodların böyük şəhərlərdə yerləşməsi idi. Yoxsullaşan kəndlilər həyatlarını qazanmaq üçün şəhərlərə üz tutdular. Mövcud şəhərlərlə bərabər, yeni salınan şəhərlər Avropanın əsas sənaye mərkəzlərinə çevrildilər. Bu şəhərlər sonralar işçi hərəkatının əsas mərkəzlərinə çevriləcəkdilər.  Ona qədər isə şəhərə gələn insanların şəhərdə üzləşdiyi bir çox problemlərin içərisində ən həssası yeni gələn insanın statusu idi. Yeni yaranan bu qrup özündən əvvəl köçənlər – dilənçi, gəzgin və zəvvarlardan fərqli olaraq, gəldikləri şəhəri bir müddət sonra tərk etmir, əvəzində qalıb, burada yaşamağa davam edir. Böyük şəhərdə həyata tutunmağa çalışan bu insanlar, şəhərdə qəbul edilən bu "yad adamlar” ayrı bir kateqoriyanı formalaşdırmağa başladılar.  Bu nəzəriyyəni ilk dəfə sosiologiyaya təqdim edən yəhudi əsilli böyük alman sosioloqu və filosofu Georq Zimmel idi.  Ona görə,  "Yad - bu gün şəhərə gəlib, səhərisi gün şəhəri tərk edən deyil, əvəzində bu gün şəhərə gəlib, səhərisi gün və həyatının geri qalan hissəsini burada davam etdirəndir".  Zimmelə görə şəhərə gələn insanın inteqrasiyası, dili öyrənməsi, yerli əhalinin vərdişlərinə yiyələnməsi və bu kimi xüsusiyyətləri özündə cəmləşdirməsi onun şəhərli olması, şəhərə sahiblənməsi anlamına gəlmir. Əksinə,  həmin insan  potensial "avara” və ya  öz "qrupu” xaricində qəbullanmayan şəxsə çevrilir.  "İki od" arasında qalan "yad" şəhərə "yadlaşır" və yeni oyun qaydaları formalaşır.  Bu cür yadlaşmanın bariz nümunəsi kimi orta əsrlərdə Avropa şəhərlərində gözə dəyən və fərqlilikləri ilə seçilən yəhudiləri göstərmək olar. Yəhudilər tarix boyu Avropa və Dünya tarixində köç edən (məcburi və ya könüllü) xalq olaraq diqqət mərkəzində dayanıblar. Bu gün də, Avropada (Antverpen, London və s.) və Atlantik okeanın o biri sahilindəki böyük şəhərlərdə həmin ənənəyə rast gəlmək olar.

Bəs yadlaşma ilə Bakının bağlılığı nədir? Hansı əsasla Bakının hazırkı sakinlərinin şəhərə yad olduqlarını söyləyə bilərik? Bu yadlaşmanın sonu nə ola bilər? Bu suallara da Zimmelin tezisindən yola çıxaraq cavab axtarmağa çalışacağıq. Bu məqamda diqqətinizə çatdırmaqda fayda var ki, Şəhər mövzusu sosiologiyanın əsas ana qollarından birini təşkil edir. Təbii ki, ölkəmizdə digər elm sahələrinə olduğu kimi, sosial elmlərə göstərilən laqeydlik də təsirsiz ötüşmür. Ona görə də, bu günə qədər Bakı haqqında yazılan yazılar ədəbi – dramaturji və ya köşə yazısından o yana getməyib. Bunun obyektiv və subyektiv səbəblərini nəzərə alaraq, bu yazıda adı çəkilən qrup və kateqoriyaların ayrımcılıq və ya ikrah hissi daşımadığını da nəzərdə saxlamaq lazımdır. Çünki şəhərdə yadlaşma bizim cəmiyyətimizdə əsas problemlərdən biridir. 

Zimmel "yadlaşmanın” bir neçə spesifik xüsusiyyətlərini açıqlayır. Məhz bu xüsusiyyətlərdən yola çıxaraq Bakının əslində öz sakinlərinə nə qədər yad olduğunu görə bilərik. "Yad adam", "gəlmə" hər şeydən əvvəl sosial tipdir.  Hər şeydən əvvəl "yad adam" ilk başdan yaşadığı yerin, torpağın, mülkün sahibi olmur. Buradakı "sahiblik” titulu hərfi məna ilə bərabər, həm də məcazi mənada da başa düşülməlidir. "Yad adamın" şəhərdə mülkünün, əmlakının, dükanının olması (bunu sonradan əldə etsə də) həmin şəxsin sonrakı nəslinin o şəhərin bir parçası olması mənasına gəlmir. Bu zaman, əsas diqqət çəkən məqam şəhərə olan təəssübkeşliyin mövcudiyyəti, mövcud şəhərin dəyər və adətlərini (yeni və ya köhnə və ya ən azı qorunan) qorumaq və sahiblənməkdir. Bu məziyyətlərə sahib olmayan insanlar öz ata babaları kimi (şəhərə gəldikdən sonra mülk əldə edənlər) sadəcə daşı, divarı şəhər olaraq görürlər. Bizim kontekstimizdə Bakıya bəslənilən dəyər və ya sevgi də, məhz "daş-divar” yanaşmasından uzağa getmir. Kalxoz-savxoz tərbiyəsi görmüş valideynlərin övladları da (buraya 80-90-lar nəsli də daxildir) bu təfəkkürdən uzağa getmir. Bu zaman Bakı və burada yaşayan insanlar (diqqət - bakılılar yox) əslində aqrarlığın bir hissəsi olaraq qalırlar. Maddi imkanların gətirdiyi üstünlük belə onların aqrarlığını ört-basdır etməyə bəs etmir. Çünki genetik kodların gətirdiyi xüsusiyyətlər şəhər estetikasına ciddi müqavimmət göstərir. Və beləliklə şəhərdəki "yad adam" yeni mexanizm formalaşdırır.

Həmin mexanizmin mərkəzində gəlmələrin "ali liderlərinin" - ağsaqqallarının, hörmətli şəxslərinin formalaşdırdığı mərkəz dayanır. Bu mərkəzin hərfi mənada mövcud olması şərt deyil. Önəmli olan o mərkəzin həmin "gəlmə” qrupa təsir mexanizmi və həmin qrupun şəhərdə şəhərlidən daha çox öz köklərinə bağlılığını qorumasıdır. Günümüzün Azərbaycanında bunun xüsusi örnəyi Ermənistandan köçən soydaşlarımızın "YERAZ"  adı altında ümumiləşdirilməsidir. Həmin həmvətənlərimizin son 20 ildə və ondan əvvəlki zaman kəsiyində bu ada bürünməsi və bundan qopmaması da şəhər həyatında yadlaşmanın nə qədər yüksək olmasına dəlalət edir. Yerazlar Bakı kimi metropolda, "regionun lider dövlətinin paytaxtı"nda insanların şəhərə yadlaşmasının bariz nümunəsidir. Buraya, Qarabağ müharibəsində yurd-yuvasından didərgin düşən soydaşlarımızı, müstəqillik əldə edildikdən sonra bütün regionlarımızdan Bakıya üz tutan insanları da əlavə etmək olar. Yəni, gördüyümüz kimi, bu sadəcə bir qrupla məhdudlaşmır. Günümüzün Bakısı "yadların” şəhəridir.  Bunun sosial, siyasi, iqtisadi və digər səbəbləri var. Bakılıların, şəhərin əsl sahiblərinin müstəqillikdən sonra ölkəni tərk etməsi, digər millətlərin müharibənin ağır şərtlərinə davam gətirə bilməmələri, insanların iqtisadi vəziyyətinin acınacaqlı olması, həyata tutunmaq mübarizəsi Bakının şəhər mənzərəsini yox etdi. Bu cür acı təcrübəni yaşamış şəhər əlbəttə ki, neft pulları ilə sadəcə bir tərəfli dirçələ bilərdi. Şəhərin, şəhər həyatının qayəsini təşkil edən yerli insanların azlıqda qalması Bakının deqredasiyasını sürətləndirdi. Zaman- zaman bəzi publisistlərin bakılıları, şəhərliləri tənqid edərək, yazdıqları "niyə şikayət edirsiniz, gələnləri özünüz istiqamətləndirərdiniz” kimi sərzənişlər də sosioloji baxımdan əsassızdır. Çünki bir cəmiyyətin sosial institutları işləmədiyi təqdirdə istənilən qrup və ya mərkəzlər həmin cəmiyyətin təməlini silkələyə bilər. Ona görə də, azlıqda qalan bakılılar gəlmələri istiqamətləndirə bilməzdilər. Tarixə nəzər salsaq, 18-19-cu əsrlədə  Berlin, Paris, Milan, Turin, Liverpul kimi şəhərlərdə yerli əhali bu prosesi ağrı-acısız həyata keçirə bildi. Həmin adaptasiya prosesinə ayaq udurmaq istəməyən ortodoks yəhudilər, hələ də ənənəvi xüsusiyyətlərini qoruyurlar. Lakin hamımızın tez – tez səfər etdiyimiz İstanbul kimi böyük bir şəhərdə bunu görə bilmərik. Hər yerdən gələn köç qarşısında İstanbulun şəhər institutu istər sosioloji, istərsə də adminstrativ baxımdan uğursuzluğa düçar oldu.

Şəhər və habitus

Hər bir fərd bu və ya digər şəkildə habitus daşıyıcısıdır. Bu, dağın başında yaşayan üçün də keçərlidir, aulda yaşayan üçün də, şəhərdəki insan üçün də.  Lakin, bu şəxslər arasındakı fərq ətraf mühit, çevrə, vərdişlər və məşğuliyyətlərə yiyələnməyin kateqoriyalaşmasıdır. Çevrəsi təbiətlə əhatə olunan kəndli ilə, ofis təfəkkürü ilə düşünən şəhərli arasındakı fərq çox böyükdür. Bazar günü şəhərin lüks kafelərindən birində crossiant, kofe, omletlə səhər yeməyini yeyən gənclə, günə şirin çay və şorla başlayan kənddəki gənc də bir-birindən fərqlənir. Və ya dostları ilə fransız şərabının dadına baxaraq, hər hansı mövzu ətrafında intellektual müzakirə aparan şəhərli ilə, ucuz spirtli içki içərək təsərrüfat qayğıları haqqında danışan kəndli də müxtəlif habitus daşıyıcılarıdır. 

Bəs habitus nədir?

"Habitus” məhfumunu sosiologiyaya fransız sosioloqu Pierre Bourdieu gətirib. "Habitus” insanın yaşadığı mühitlə, ərtraf aləmlə, ünsiyyətdə (bir başa və ya dolaylı) olduğu insanlarla uzun müddətli münasibətləri əsasında yaranan sosioloji məhfumdur. Qarşılaşdığı situasiyalardan öyrənən və daha möhkəm çıxan fərd getdikcə öz qrupu içərisində daxili və xarici təsirlərə qarşı hərəkət etməyi, analiz etməyi və nəticə çıxarmağı öyrənir. Fərd mövcud situasiyaya uyğun adaptasiyaya yiyələnir, əldə etməyə çalışıdığı hədəflərə doğru planlı (etik və ya qeyri-etik) şəkildə hərəkət edir. Bu zaman fərd müəyyən davranış qaydalarını əxz edir, fərqli maraq dairələrinə meyllənir, özü üçün hobbilər, əyləncələr formalaşdırır. Bütün bunlar insanın manevr imkanlarını asanlaşdırır və alternativləri təqdim edir. Misal olaraq, şəhərdə yaşayan gənclə, kənddə yaşayan gənc arasında təbii ki, fərq var. Şəhərli gəncin habitusu onun xoşlandığı xanıma qarşı flirt alternativlərini də geniş tutur. Lakin bu kənddə yaşayan gəncdə məhduddur. Çünki onun davamlı ünsiyyəti az sayda insanların əhatə olunduğu məhdud dairələrdən ibarətdir. Lakin, gəlin fərz edək. Həmin gənc universitetə qəbul olaraq şəhərdə oxumağa gəlir. Onun böyük şəhərdə qarşılaşdığı hadisələr, insanlar, institutlar, "oyun qaydaları” onun habitusunu yenidən formalaşdırır.  Bu halda görürük ki, habitus əslində kreativ bir məhfumdur. Habitus insanın həyatını asanlaşdıran hərəkət və strategiyaların ortaya çıxmasına zəmin hazırlayır. Pierre Bourdieu burada Veberçi nəzəriyyənin əksinə göstərmək istəyir ki, habitus  rasional seçimdən daha çox, niyyətdə tutulmayan bir mexanizmin məhsuludur.  

Bəs, Bakıdakı aqrarlığın təməlində dayanan habitus nədir? Və nə üçün Bakıda şəhərə məxsus habitus formalaşmır?

Kənd bu yazının müzakirə mövzusu olmasa da, şəhərdə, yəni Bakıda formalaşan habitusu izah edərkən kənd təfəkkürünə istinad etmək lazımdır. Bakının aqrarlıqdan ibarət olduğunu deyəndə də, insanlarda kəndli təfəkkürünün olmasından daha çox, onların yiyələndiyi habitusa istinad etmişdik. Günümüzün Bakısında insanların böyük hissəsinə "Bakının xüsusiyyətləri nədir?" deyə sual versəniz, onlardan "Qız qalası", "Flame Towers",  yeni tikilən ticarət mərkəzləri, bulvar və s. kimi cavablar alacaqsınız. Çox az qismi Bakının elm, sənət, incəsənət, fikir mərkəzi olduğunu dilə gətirəcək.  Birincilərin daşı, divarı, binanı əsas göstərməsinin səbəbi onların aqrarlıq habitusundan qurtula bilməmələridir. Aqrarlıq - təsərrüfat həyatının məhdud ünsiyyətindən yaranır. Bu zaman  daha çox əkib-becərilən torpaq sahələrinə, zəmilərin genişliyinə, mal-qaranın sayına diqqət edən təsərrüfat insanı böyük şəhərə də həmin təfəkkürlə yanaşır. Müstəqillikdən sonra Bakıya üz tutan insanların haradan gəldiklərinə, hansı mühitdən çıxdıqlarına yenidən toxunmaq təkrarçılıq olar. Həmin insanların özləri ilə gətirdikləri habitus çox təəssüf ki, ənənəvi şəhər insanının azlıqda qalmasına görə, Bakının böyük hissəsində əsas habitus olaraq qəbul edildi. "Cəngəllik qanunları" da bu məfkurənin  məhsuludur. Biz bunu təəssüf ki, həmin insanların övladlarında da görürük. Ya vəlvəldən, ya zəlzələdən xaricə çıxan bu gənclər ənənəvi davranışlarını Parisdə, Berlində, Madriddə də göstərirlər. Biz onların simasında Avropa şəhərlərini daş-bina və ya "şoppinq” mərkəzi olaraq görən həmvətənlərimizə şahidlik edirik.  Romadan Madridə uçan bir gənc, sabah Bakıya qayıtdıqdan sonra Əhmədlidən Yasamala getmək üçün sosial şəbəkələri belə bir-birinə qatırsa, bu onu göstərir ki, səyahət etdiyi şəhərlərdə keçirdiyi qısa zaman da onun habitusuna təsir etməyib. O, elə aqrar olaraq qalıb.  Sual olunur, bəs aqrar düşüncəli insan kənddən çıxıb şəhərdə habitusunu dəyişdirə bilərmi? Bəli – bu mümkündür.  Lakin, Siz bunu Bakıda edə bilməzsiniz.
 
Yazının bu hissəsində qeyd etmək lazımdır ki, şəhərin xüsusiyyətlərini sadalayanda diqqətli və ehtiyatlı olmaq lazımdır. Şəhər hər nə qədər elm, incəsənət, mədəniyyət, intellekt mərkəzi olsa da, siz burada intriqa, fitnə-fəsad,  təhlükəli oyunlardan uzaq dura bilməzsiniz. Şəhərin o göz qamaşdıran ışıqları, bahalı mağazaları, şıq restoranları, qısa ətəkli və uzun topuqlu gənc xanımları, ən son model maşınlarda gəzən gənc iş adamları və s. bu kimi bər-bəzəyi insanların yuxularına girir, onların istək və ehtiraslarını ələ keçirir. Çünki müasir insan artıq hesablayıcı maşına çevrilib. Onun üçün dəyər mexanizimi rəqəmlərdən ibarətdir. Bunun ən əcaib formasını biz Bakıda görməkdəyik. Ölkəyə axan neft pullarının, zənginliklərin müqabilində Bakıda və eyni zamanda digər şəhərlərimizdə yeni qrup ortaya çıxdı. 

Həmin qrup haqqında bu portalda dərc olunan "Azərbaycanlıların hödükləşməsi, bunun səbəbləri və fəsadları” haqqında yazıda ətraflı bəhs etmişdik. Həmin yazıda təqdim etdiyimiz "hödükləşmə” termini həmin azərbaycanlıların sosioloji portretini incəliklərinə qədər təsvir edir. Təqdim etdiyimiz "hödükləşmə” tezisinin əsasını "sahələr” arası  mübarizədə insanların düşdüyü acınacaqlı, gülünc vəziyyətdir. Böyük pullar hesabına ərsəyə gələn incəsənət mərkəzlərinin, bahalı muzeylərin idarəsi mədəniyyətə yad, incəsənəti dərk etməyən və "culture management" ixtisasına yiyələnməyən insanların ümidinə buraxılsa, təbii ki, həmin mərkəz bir müddətdən sonra hödükləşmiş insanların, aqrar şəhərlilərin bir-birinə üstünlük qurmaq üçün toplaşdığı məkana çevriləcək.  Digər tərəfdən şəhərin maliyyə mənbələrinə nəzarət edən elitası ilə, intellektual elitası arasında uçurum olanda, laqeydlik artanda imkanlı elitanın lahiyyələri də uğursuzluğa düçar olur. Və şəhər insanının daş-divar təfəkkürü mövcud habitusu bəsləyir və qoruyur.

Nəticə

Bəli, bu gün Bakı ciddi "yadlaşma” ilə üz-üzədir.  Bakıda ard-arda tikilən dəbdəbəli binalar, milyardların sərf edilidiyi böyük layihələr belə insanların şəhərə yadlaşmasının qarşısını ala bilmir. Əksinə bunu daha da böyüdür. Bu gün şəhər təəssübkeşliyini çəkən  və ya özünü belə göstərən insanlar müəyyən gəliri olan və öz "uğur” hekayələri ilə ətrafdakılara ağıl verməyə çalışan şəxslərdən ötəyə getmir. Bu şəxslər böyük plazalarda, ofislərdə işləyən və istehlak cəmiyyətində ən ön sıralarda dayananlardır. Onların şəhər təəssübkeşliyi "zibili zibil qabına atın" cümləsindən o yana getmir. Onlar şəhər insanı olaraq ciddi fikir ortaya qoyacaq qabiliyyətdə deyillər. Onların "habitusu” bunun üçün formalaşmayıb. Qarşılarındakı nümunələr, çatacaq hədəfləri bəlli olduğu üçün indiki oyun qaydalarına görə hərəkət edirlər. Lakin həmin insanlar unutmamalıdırlar ki, şəhər təəssübkeşliyi çəkəndə və ətraflarına ağıl öyrətməyə çalışanda, yaxşı olardı ki, mövcud aqrarlıqlarından da əl çəksinlər. Bu şəxslər undurlar ki, onların ağıl verməyə çalışdığı, istiqamət vermək istədikləri insanlarla aralarında elə böyük fərq yoxdur.  

Digər tərəfdən, mövcud habitusun dəyişməsi üçün də ortada örnək yoxdur. Bəşəri sivilizasiya prosesini tamamlamayan xalqın nümayəndələri indiki halda, əllərində olan məhdud imkanlarla öz rahatlıqlarının qayğısını çəkir. Bu məhdud imkanlar azmış kimi keyfiyyətli tətil, sosial fəliyyətlərdən məhrum olan insanların formalaşdırdığı cəmiyyətdə şəhərə münasibət də indikindən fərqli ola bilməz. Bu azmış kimi, onların arasında yalançı sevgi imitasiyasına bürünənlərin də cəhdləri uğursuzluğa düçar olur. Çünki onların şəhər sevgisi avtobusda, küçədə, mağazada qarşılaşdığı münasibətə qədərdir.  Bir – iki xoşa gəlməyən hadisə bəs edir ki, Bakı və onun "yadları” haqqında ağıza alınmayacaq ifadələr səsləndirsinlər. Beləliklə, onların saxta şəhər, şəhərli mifi puç olur.

Tural Amin

Antverpen Universiteti
Sosial Elmlər fakültəsi

23.12.2014

Kultura.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb