Bakıda fərqli filmlərin yeni məkanı - “Motivasiya”

11:13 | 27.05.2014
Bakıda fərqli filmlərin yeni məkanı - “Motivasiya”

Bakıda fərqli filmlərin yeni məkanı - “Motivasiya”

Gələn aydan etibarən Bakıda yeni kino klub fəaliyyət göstərəcək. Motivasiya adlanacaq yeni kino klub yerli kino klublarda nümayiş etdirilməyən filmləri göstərəcək.

Bu barədə  kino klubun təsisçisi Tural Qurbanlı məlumat verib. O, bildirdi ki, yeni yaradılmış klubda əsasən fərqli filmlər nümayiş etdiriləcək:

“Bu kino klubu yaratmaqda məqsədim odur ki, müxtəlif festivallarda iştirak edən və qalib gələn ciddi filmlər ilə yerli izləyicilərimizi də tanış edək. Ola bilsin ki, kimlərsə bunu fərdi şəkildə internetdən izləyə bilir. Ancaq bu cür filmlərin kütləvi nümayiş olunduğu bir məkana bu gün ehtiyac var. Azərbaycanda elə izləyicilər var ki, yerli kinoteatrlarımızda göstərilən filmləri masqaraya qoyur, ancaq bununla bərabər kinoteatrda film izləmək də istəyir. Bu cür insanların demək olar ki, əksəriyyəti həmin kino klublara getmir və filmləri özü internet vasitəsi ilə əldə edib məhdud çevrədə izləyir”.

Təsisçisi onu da dedi ki, 28 may tarixində saat 19:00-da yeni yaradılmış kino klubun açılış tədbiri olacaq və tədbirdə iştirak etmək istəyən hər kəs dəvətlidir:

“Mayın 28-də Malakan bağında Beer Hall restoranında Motivasiya kino klubun açılış tədbiri olacaq. Tədbirdə ölkənin tanınmış ictimaiyyət, incəsənət, teatr və kino adamları iştirak edəcək. Kino klubla maraqlanan hər kəs tədbirdə iştirak edə bilər. 28 may tarixinin seçilməsində də bir neçə səbəb var. Əsas səbəb odur ki, həmin gün Respublika bayramıdır. Digər səbəb isə həmin günün doğum günüm olması ilə bağlıdır”.

Tural Qurbanlı onu da dedi ki, tədbirdə iştirak edənlərə və kino klubla maraqlananlara müxtəlif hədiyyə kartları hədiyyə etmək nəzərdə tutulub:

“Tədbirdə iştirak edənlərə müxtəlif hədiyyələrimiz də olacaq. Bir sözlə, möhtəşəm bir tədbir gözləyirik”.

Tədbirdə bir sıra tanınmış ictimaiyyət, kino, incəsənət və ədəbiyyat nümayədləri də iştirak edəcək. Onların arasında yazıçı Çingiz Abddullayev, rejissor Əlisa Cabbarov, şair Zahir Əzəmət, məşhur tele aparıcı Hüsniyyə Məhərrəmova, kinoşünas Həmidə Ömərova, publisist Orxan Fikrətoğlu və tanınmış ictimai-siyasi xadim Hikmət Hacızadə ilə yanaşı, digər tanınmış şəxslər də iştirak edəcək

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM