Bakı məktəblərində qızlar təhsildən niyə tez ayrılır?

14:26 | 20.10.2015
Bakı məktəblərində qızlar təhsildən niyə tez ayrılır?

Bakı məktəblərində qızlar təhsildən niyə tez ayrılır?

Bakının Əmircan qəsəbəsində yerləşən 114 saylı, Nizami rayonunda yerləşən 129 saylı, Türkan qəsəbəsində yerləşən 256 saylı tam orta məktəblərdə qızların təhsildən erkən ayrılması əleyhinə maarifləndirmə kampaniyası keçirilib. Eyni zamanda Bakı kəndlərində yerləşən məktəblərdə qızların təhsildən erkən ayrılmasının səbəblərinin araşdırılması məqsədilə sorğular aparılıb.   

Kampaniya və sorğular "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində reallaşıb.

Əmircan məktəbində keçirilən ictimai müzakirədə məktəbin direktoru Ceyran Novruzova son illərdə qızların məktəbdən və dünyəvi təhsildən erkən ayrılmasının qarşısını almaq məqsədilə ciddi iş apardıqlarını bildirib. Ölkənin nüfuzlu şəxslərinin, ziyalıların, millət vəkillərinin bu prosesə cəlb edilməsinin zəruri olduğunu vurğulayıb.     

129 saylı məktəbin direktoru Esmira Quliyeva qeyd edib ki, məktəbdə vaxtaşırı valideynlərin ümumi iclasları keçirilir və onlara uşaqların təhsili ilə bağlı tövsiyələr verilir. "Biz valideynlərə bildirmişik ki, əgər uşaqları məktəbdən yayındırsalar, son çarə olaraq hüquq-mühafizə orqanlarının yardımından istifadə edəcəyik." - deyə direktor bildirib. O, təhsilin təbliği, uşaqların hərtərəfli inkişafı üçün milli uşaq televiziyasına son dərəcə ehtiyac olduğunu qeyd edib.  

Məktəbin müəllimi Aynur Zamanova isə qeyd edib ki, bəzən müəllimlərin uşaqlarda təhsilə maraq oyada bilməməsi, şagirdlərə fərdi yanaşmaması, öz müşahidələrini valideynlərlə bölüşməməsi də qızların təhsildən erkən ayrılmasına gətirib çıxarır. O, bu problemlərin həlli üçün müəllimlərin maddi imkanlarının yaxşılaşdırılmasından tutmuş KİV-də ciddi maarifləndimə kampaniyasının aparılmasına, təhsilyönümlü layihələrin icrasına qədər genişmiqyaslı tədbirlərin görülməsinin zəruriliyini qeyd edib. 
 
Tədbirlərin keçirildiyi məktəblərdə valideynlər qızların təhsildən yayındırılmasının çoxsaylı səbəblərini sadalayıblar. Bu səbəblər arasında maddi imkansızlıq, qızların özlərinin oxumaq istəməməsi, məktəblərin uşaqları təhsili davam etdirməyə həvəsləndirməməsi, ölkədə təhsilin perspektivini görməmələri, yolların təhlükəsizliyi, uşaqların məktəbə gedib-gəlməsi üçün müvafiq servislərin olmaması, erkən evliliyə can atma, ataların qısqanclığı, ailələrin məhdud dünyagörüşü və s. qeyd olunub.         

Maarifləndirmə kampaniyasında Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova, pedaqoq Aynur Zamanova, DİP-in qadın və gənclərlə iş üzrə proqram direktoru Nərmin Şamilova, gənc rejissorlar Xəzər  Həmzə, Şahpəri Abbasova və digər şəxslər yaxından iştirak ediblər. 
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb