Bakının iflic yolları - Kimdir günahkar?

14:50 | 18.10.2016
Bakının iflic yolları - Kimdir günahkar?

Bakının iflic yolları - Kimdir günahkar?

Oktyabrın 16-dan etibarən başlayan intensiv yağışlar paytaxt yollarını iflic vəziyyətə gətirib. Yollarda kanalizasiya sisteminin işləməməsi problemi daha da dərinləşdirib. Hər dəfə yağışdan sonra eyni mənzərə (su başmış küçələr, evlər, yollar) ilə qarşılaşsaq da, məsələ hələ də həllini tapmır.

Problemin həllini tapmamasının günahkarı kimdir? Çıxış yolu nədədir? Aparılan tikintilərin layihəsi doğru verilmir, yoxsa tikinti işləri düzgün həyata keçirilmirmi? 
 
Rahab Qazıyev - şəhərsalma üzrə ekspert, inşaat mühəndisi 

Problemli məsələni ANN.Az-a şərh edən şəhərsalma üzrə ekspert, inşaat mühəndisi Rahab Qazıyev problemin kanalizasiya sistemində olduğunu söylədi: 

"Başa düşürük, körpülər, tunellər yeni tikilib. Amma kanalizasiya sistemi köhnədir. Nə qədər asfaltın üstünü qaşıyıb yol çəkmək olar? Arada yolun altındakı borulara da baxın. Ona görə də, azacıq yağış olan kimi Bakı yağış sularının altında qalır, bütün tunellərin içi su ilə dolur. Niyə? Tunellərin layihələri necə verilib? Layihə rəhbəri hara baxırmış? Tunel tikiləndə elə layihə verilməlidir ki, su gələndə avtomat işləyib suyu vursun. Bunun üçün müəyyən qurğu təşkil edilməldir, amma yoxdur. Körpülərdə də eyni vəziyyətdir. Körpünün hər iki tərəfinə drenaj və yaxud da yağış üçün kiçik kanalizasiya sistemi qurulmalı idi. Dünənki vəziyyət bir daha sübut etdi ki, heç bir iş görülməyib. Ola bilər, tikinti üçün layihə verilsin, amma başdansovdu iş görüldüyü göz qarşısındadır". 

"Mövcud durumla əlaqədar heç bir qurumu günahlandıra bilmərəm. Burada hamının günahı var. Ancaq əsas məsələni "Azərsu” ASC həyata keçirməlidir. Yağış yağan kimi şəhərin su içində batmasının yeganə səbəbi paytaxtda kanalizasiya sisteminin işləməməsidir. Problemi də "Azərsu” həll etməlidir. Ancaq görünür, onların da buna gücü çatmır. Gərək Nazirlər Kabineti tərəfindən yenidən Bakı şəhəri haqqında qərar qəbul olunsun. Bu, bir -iki günün işi deyil, ortada vahid layihə olmalıdır. Bir günün içində şəhərin hər yerini qazıb iş aparmaq olmaz", - deyə R. Qazıyev əlavə edib. 

Şəhərsalma üzrə ekspert hazırda mərkəzi küçələrdə yağış sularının axması üçün heç bir yerin olmadığını da diqqətə çatdırıb: 

"O vaxt şəhərin mərkəzi küçələrində, yolların kənarlarında yağış sularının axması üçün yerlər var idi. Amma nədənsə, son vaxtlar yollar təmir olunanda həmin yerlər asfaltla örtüldü. Demək olar ki, hazırda şəhərin heç bir yerində yağış suları üçün nəzərdə tutulan belə yerlər yoxdur".
 
İnşaat mühəndisi paytaxtın acınacaqlı durumlara layiq olmadığını deyib: 

"Vallah ayıbdır. Bakı kimi gözəl şəhərdə yağış yağan kimi küçələri su basır, gölməçələr yaranır, fövqəladə halların işçisi gəlib sudan adam çıxarır. Yaxşı ki, Xəzər dənizi var yoxsa bunlar nə edərdi?"

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov mətbuata açıqlamasında Bakı şəhərində mövcud kanalizasiya sisteminin köhnə yəni, 1970-1980-ci illərə aid olduğunu faktını təsdiqləsə də, bu gün telefon zənglərimizə cavab vermədi.

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb