Beyzbola baxıb yazıçı olmağa qərar verən Murakami - ƏDƏBİYYAT

00:30 | 14.11.2014
Beyzbola baxıb yazıçı olmağa qərar verən Murakami - ƏDƏBİYYAT

Beyzbola baxıb yazıçı olmağa qərar verən Murakami - ƏDƏBİYYAT

“Keçmiş mənim xəzinə sandığımdır. Bir dəfə mən onun ağzını açıb gördüm ki, mənim orda çoxlu materialım var” – bunu avqust ayında ABŞ-da “Colorless Tsukuru Tazaki and His Years of Pilgrimage” adlı əsəri çap olunan 65 yaşlı qocaman yapon yazıçısı Haruki Murakami deyib. Murakaminin avqust ayında nəşr olunan həmin romanı keçmişə riskli səyahətdir. Çoxillik tarixi olan “Nobel mükafatı”na bu il namizədliyini irəli sürən Haruki Murakami yapon olsa da, mükafatlandırmada “fransız qaldı”. Baxmayaraq ki, onun bu il nəşr etdirdiyi romanı təkcə Yaponiyada bir milyon nüsxə satılaraq ABŞ nəşrlərində satış üzrə “top beşliy”ə düşüb. Murakami romanı 400 səhifə həcmində yazıb. Bu roman yazıçının əvvəlki romanından kiçik olsa da, oxucular müəllifin yalnızlıq, ayrılıq və peşmanlıq mövzusunu, eləcə də, üslubunu oxuyarkən tanımaya bilməzlər. 

Haruki Murakaminin xatirələri qırılmış münasibətlərə əsaslanır, onun baş qəhrəmanları özünü darıxdırıcı və istənilməyən hiss edir. Tsukuru 36 yaşındadır – köhnə dəmiryol əməkdaşıdır. Hələ kollecdə oxuduğu illərdə dörd ən yaxın dostu ona ağır xəsarət yetirmişdilər. “Bu yalnız qalmış bir adamın gecə yarısı gəminin göyərtəsindən dənizə atılmasına bənzəyir. Və mən bu əhvali-ruhiyyəni yazmaq istəmişəm. Nə yazmışamsa, uydurmadır, təkcə hisslər həqiqidir” – Murakami amerikalı naşir Alfred Knopfun ofisində gerçəkləşən son müsahibəsində belə demişdi. Kitab müəllif və obrazlar üçün imtahan və tövbə edilmiş həyat hekayəsidir. 

Murakami deyir ki, o, üç il əvvəl “Rəngsiz Tsukuru” adlı qısa fantastik hekayə yazmağa başlayıb, lakin tezliklə özünü Tsukurunun sirrinə aludə olmuş görüb. Müəllif əvvəlcə bilməyib ki, Tsukurunun dostları niyə onu tərk edib. Və məhz bu səbəbi tapmaq üçün hekayəti genişləndirib və nəticədə hekayə romana çevrilib. Ümumiyyətlə, Murakami hər hansı bir əsəri başlayanda onun süjet xəttini əvvəlcədən beynində qurmadığını, bəzən isə qursa belə, əsəri yazmağa başlayandan sonra qələmin onu tamam ayrı bir səmtə apardığını deyir. “Mən onun keçmişini öyrənməliydim” – Murakami deyir. “Mən hadisəni düzüb qoşuram və elə həmin vaxtda da onu tapıram”.

 İstedad da budur, qələmin apardığı yerə gedəcəksən. Amma, təbii, ağlın və savadın da olacaq ki, qələmin yazdıqlarını cilalaya və rəng verə biləsən. Savadsız istedad məzmunca gözəl, formaca bərbad şeirə bənzəyir. Ədəbiyyat müəlliminin oğlu – ədəbiyyat təhsili olan Murakaminin, təbii ki, ədəbi bilikləri var idi. Tokionun “Vaseda Universiteti”nin Ədəbiyyat fakültəsini bitirmiş yazıçı hələ universitet illərində üslubiyyatın sirlərini dərindən öyrənmiş, müxtəlif yapon və xarici müəlliflərin əsərlərini mütaliə etmiş, onlardan rəngarəng təəssüratlar almışdı. Yazıçının gənc yaşlarından kitaba, ədəbiyyata, xüsusən də qərb ədəbiyyatına meyilini onu bunları bir çox əsərlərində diqqət mərkəzinə çevirməsində görürük. O, tələbə olarkən Frans Kafka, Truman Kapote, Kurt Vonequt, Kenzaburo Oe, Yasunari Kavabata kimi dahilərin əsərlərinə daha çox meyil göstərib. 

Murakami yazıçı olmağa qərar verəndə artıq onun üçün ilkin üstünlük olan  qeyri-adi, dəqiq biliyi var idi. Yazıçılıq “vəhy”i isə ona əksər “yazıçılar” kimi uşaqlığında deyil, 20 yaşından sonra verilib. Bu hadisə 1978-ci il, aprelin 1-i, saat 01:30 radələrində Murakami Tokioda beysbol oyununu izlədiyi zaman olmuşdu. O Deyv Hilton adlı amerikalının ikiqat top zərbəsindən sonra bu qərara gəldi.  “Bu elə bir dəqiq anda olmuşdu ki, düşüncəm mənə hökm edirdi ki, sən nəyi bilirsən? Mən qaçış haqqında danışanda öz danışdıqlarım haqqında roman yaza bilərdim” – o, 2007-ci ildə xatirələrində yazır. (Qeyd edək ki, Murakami həm də marafon qaçışı ilə məşğul olub). Haruki Murakaminin ilk – məhz beysbol oyununu izləyərkən yazdığı “Pinbol-1973” əsəri 1985-ci ildə işıq üzü gördü və onun vizit kartı olaraq müasir ədəbi mühitdə adını tarixə yazdı. Murakaminin elementar əşya və hadisələrdən dərin fəlsəfi məna çıxarması onun dünyada məşhur olmasının səbəblərindən biridir.                                                          

Kiçik həcmli əsərlərindən sayılan “Toni Takitani” əsərini isə yazıçı həyat yoldaşı ilə Havay adalarını səyahət edərkən bir dollara aldığı, üstündə böyük “Toni” yazısı olan sevimli köynəyindən və İkinci Dünya Savaşı dövründə yaşamış musiqiçi Şizaburo Takitaninin həyat yolundan ilhamlanaraq ərsəyə gətirib. İlk baxışdan uyğunsuzluq təşkil edən iki məfhum, digər tərəfdən isə ərsəyə gəlmiş gözəl əsər. Onun birinci romanı olan “Küləyin nəğməsini dinlə” 1979-cu ildə nəşr olunub. 

On il ərzində o, “Norveç meşəsi” əsəri sayəsində ulduz oldu, hansı ki əsər müəllifin həyat yolundan,  tələbəliyindən, 1960-cı ilin sonlarında intihar edən tələbələrdən, yazıçının ən yaxın dostundan və əvvəlki sevgilisindən bəhs edir. Murakaminin ən məşhur əsərləri içərisinə “Kafka sahildə” və “1Q84” əsərləri də daxildir.     İlk mükafatını “Qunzo” jurnalından alan yazıçı sonralar dünya miqyasında bir çox mükafatlarla təltif olunub. O, Yerusəlim mükafatını qazanıb və əsərlərində ekzistensial xarakter nümayiş etdirdiyinə görə “Frans Kafka” mükafatına layiq görülüb. Haruki Murakami gözəl musiqini sevir, bundan başqa, kulinariya sahəsində də istedadlı sayılır. Belə ki, bir çox hallarda yazıçının əsərlərində onun xüsusi yemək reseptləri qəhrəmanların dilindən təqdim olunur. Bu da öz növbəsində Murakaminin uzun müddət “Jazz-Bar” sahibi olaraq xanımı Yoko ilə birlikdə işlədiyi vaxtların məhsulu kimi özünü göstərib.      

                 

Murakami yazıçı olmaqdan əlavə, şəxsiyyətcə də sadə adamdır. Sadə geyinən, əl əməyini sevən və yazı prosesinə transformasiya hadisəsi kimi yanaşan müstəsna bir şəxsiyyətdir. O, qeyd edir ki, “Kafka sahildə” əsəri üzərində işləyəndə özünü kitabların qəhrəmanı kimi hiss edir, gənc fərari Kafka Tamur Kafka nə görürsə, onu görür, Kafka nəyə inanırsa, ona inanır.                                       

Bu romanda Murakaminin nə dərəcədə musiqi vurğunu olduğu da aydın görünür. Ümumiyyətlə, təkcə bu əsərində deyil, eləcə də, “Kəsəyən” trilogiyasına daxil olan əsərlərində də qəhrəmanlarının musiqi və kitab aşiqi olduqlarını görürük. Hətta yazıçı özü etiraf edir ki, “Mənim əsərlərimdə istədiyinizi tapa bilərsiniz”. Belə deməsi heç də onun eqoizmindən xəbər vermir. Murakami dəfələrlə deyib ki, şöhrətli olmaq heç vaxt onu maraqlandırmayıb. Hətta ona “qazandığınız ən böyük nailiyyət nədir?” sualını verəndə o, “mənim sevimli pişiyim, sadiq qadınım və gözəl əsərlər yaratmaq qabiliyyətim var” – deyib. 

“Mütləq xarakterə doğru getmək üçün sən mütləq və mütləq dərinə getməlisən” – o deyir.  Qaranlıq və soyuq yerdə sən çox diqqətli olmalısan, yoxsa uduzacaqsan. Sən özünü tərk etməlisən”. “Rəngsiz Tsukuru” əsərinin qəhrəmanı Tsukuruda real və xəyal dünyası iç-içə olan romançı təfəkkürü var. O, bəzən həyəcanla ürpənir. Murakaminin qəhrəmanları tez-tez özlərini həyatda paramparça olmuş arzularının qarşısında aciz hiss edirlər. Və müəllif özü bunu Qabriel Qarsiya Markesin sürreal detalları və “Kafka sahildə”nin danışan pişikləri ilə müqayisə edir.  

                                                               

“Çox adam elə fikirləşir ki, Markes magik realizm nümayəndəsidir. Ancaq onun dünyası real dünyadır və o, bu haqda yazır” – Murakami deyir.                      “Pişiklər danışır – mənim üçün reallıq budur. Bu, çox təbiidir. Ancaq əgər kimsə mənə 26 yaşımda olanda desəydi ki, “sən məşhur yazıçı olacaqsan və Amerikaya gəlib əlaqədar mətbuat orqanlarına müsahibə verəcəksən” – mən heç vaxt buna inanmazdım. 

“Sən mənə sataşırsan” – deyərdim. Fəlsəfi psixologiya janrının banilərindən hesab olunan Haruki Murakaminin əsərlərində sürrealist elementlər var. Onun əsərlərini oxuyarkən oxucunun tarix, coğrafiya, fəlsəfə, incəsənət və mədəniyyət, klassik və müasir musiqi və digər sahələrdə savad və dünyagörüşü genişlənir. Lakin bu əsərləri oxumaq üçün oxucunun əvvəlcədən müəyyən bazası olmalı, başqa sözlə, hazırlıqlı oxucu olmalıdır. Gözəllik vurğunu olan Murakami tarixi faktlardan, real hadisələrdən, toponimlərdən və s. əsərlərində elə ehtirasla danışır ki, oxucuda dejavu yaradır, romanlarını daha həyəcanlı və oxunaqlı etməyə nail olur. Murakami həm də İkinci Dünya Savaşının mahir bilicilərindən hesab edilir.   Haruki Murakaminin qəhrəmanlarını birləşdirən çox önəmli bir keyfiyyət, başqa sözlə, eynilik var. Onlar daim axtarışdadırlar. Gözəllik axtarışında... 

Bu eyniyyət də təbiidir. Əksər yazıçıların nəinki qəhrəmanları, hətta bütün romanlarında işlədikləri mövzu oxşar olur. Eyni bir mövzunu “çevir tatı-vur tatı” edərək müxtəlif aspektlərdən işləyirlər. Murakami əsərlərində uşaqlığından tez-tez danışır və bu onun yazıçı sentimentallığından tamamilə uzaqlaşmadığını göstərir. Buradan belə bir sual meydana çıxır ki, əsərlərində ekzistensialist mövqe sərgiləyən adam necə sentimental ola bilər axı?! XX əsr ədəbiyyat tarixində öz sözünü deyən və hələ sağ ikən ədəbiyyatda öz yerini tutan Murakami sözünün davamını XXI əsrdə də deyəcək və yüzillər boyu müasir qalacaq. Hazırda əsərləri 30-dan çox dünya dilinə tərcümə olunan Haruki Murakami Amerikanın bir neçə nüfuzlu universitetində mühazirələr oxuyur, oxucu və dinləyiciləri həm nəzəri biliklə məlumatlandırır, həm də onlara bədii zövq aşılayır. 

Kult.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM