Bu ölkə ilk dəfə "Eurovision"da iştirak edəcək

10:35 | 12.02.2015
Bu ölkə ilk dəfə

Bu ölkə ilk dəfə "Eurovision"da iştirak edəcək

Avstraliya ilk dəfə "Eurovision” mahnı müsabiqəsində iştirak edəcək. Bu barədə həmin musiqi şousunun rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda bildirlir ki, həmin qərar Avropa Yayım Birliyinin təşkilat komitəsi tərəfindən "Eurovision” müsabiqəsinin 60-cı dəfə keçirilməsi ilə əlaqədar qəbul olunub. Beləliklə, bu il yarışmada iştirak edəcək ölkələrin sayı 40-a çatıb.

Qərarı şərh edən müsabiqənin icraçı direktoru Yan Ola Sand bildirib ki, bu, olduqca cəsarətli və eyni zamanda orijinal bir addımdır.

Avstyraliyanın müsabiqəyə dəvət olunmasının əsas səbəblərindən biri kimi həmin müsabiqənin bu materikdə çox populyar olması göstərilir. Çox böyük saat fərqi olmasına baxmayaraq, müsabiqəni birbaşa yayımla izləyəcək Avstraliya sakinlərinə həm yarımfinal, həm də final mərhələsində səs vermək hüququ veriləcək.

Məlumatda, həmçinin qeyd edilir ki, Avstraliyaya bu dəvət yalnız bir dəfə edilsə də onun nümayəndəsinin qalib gələcəyi təqdirdə bu ölkəyə "Eurovision-2016” müsabiqəsində iştiraka icazə veriləcək. Lakin Avstraliya müsabiqənin həmin ölkədə təşkili hüququna sahib olmayacaq. Bununla da növbəti müsabiqənin qalibin təmsil olunduğu ölkədə keçirilməsi barədə uzun illər davam etmiş qayda pozulacaq.

Avstraliyanın SBS televiziya kanalının icraçı direktoru Mayk Ebeyd bildirib ki, biz Avstraliyanın belə böyük, dünya miqyaslı musiqi səhnəsində iştirakı barədə tarixi imkanın əldə olunmasından çox şadıq. SBS kanalı artıq 30 ildən çoxdur ki, "Eurovision” mahnı müsabiqəsinin canlı yayımı ilə məşğuldur və həmin dövr ərzində biz avstraliyalıların həmin yarışmaya ilbəil artan marağının şahidi olmuşuq.

Xəbər verdiyimiz kimi, müsabiqə mayın 19-dan 23-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. //azertag.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM