Cavid Hüseynova mayın 31-də hökm oxunacaq

12:46 | 25.05.2016
Cavid Hüseynova mayın 31-də hökm oxunacaq

Cavid Hüseynova mayın 31-də hökm oxunacaq

Mayın 25-də Səbail rayon Məhkəməsində ANNTV.az-ın reportyoru Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam keçirilib.
 
ANN.Az xəbər verir ki, bugünkü iclasda C.Hüseynov son sözlə çıxış edib. O, çıxışında günahsız olduğunu dilə gətirib və 10 ay ərzində səbəbsiz yerə içəridə yatdığını deyib. Hakim Elmar Rəhimovdan barəsində ədalətli hökm çıxarılmasını istəyən C.Hüseynov həmçinin jurnalistlərdən şikayətçi olub. O, prosesin düzgün işıqlandırılmadığını, məhkəmənin gedişatı barədə düzgün informasiya verilmədiyini vurğulayıb. Eyni zamanda o, 2015-ci il avqust ayının 8-də baş vermiş hadisəyə belə qiymət verib: "İki cahil insanın dalaşması səbəbindən mən 10 aydır içəridəyəm. Bu hadisəyə qədər heç vaxt atamın şəhid olduğunu dilə gətirməmişəm, Amma indi dilə gətirmək məcburiyyətindəyəm. Mənim atam da bayraq uğrunda canından keçib və mən də "Qəbələ" klubunda oynayarkən bayraq uğrunda mübarizə aparmışam. Yəqin çoxları təsdiq edər ki, bu klubun oyun zamanı daşıdığı yükün yarısı həmişə mənim çiyinlərimdə olub".

Daha sonra Cavid Hüseynov bibisi oğlu Elşən İsmayılovun Rasim Əliyevi şəxsi münaqişə zəmnində vurduğunu deyib: "Elşən Rasimi mənə görə yox, şəxsi münaqişə zəmnində vurub. Şəhərin ortasında insanların gözü qarşısında olan hadisəni necə gizlətmək olar? Hər şey videoda göstərilib".

Son sözdən sonra hakim müşavirəyə getdiklərini elan edib. 

Proses mayın 31-də davam etdiriləcək. Həmin gün hökm oxunacaq.
  
 
Qeyd edək ki, prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
 
Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.
 
Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar barələrində olan məhkəmə qərarından apellyasiya şikayəti veriblər. 
 
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
 
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb