Kristal Abşeron Yasamal rayonunda "Pilot layihə”
çərçivəsində inşa edilən hündürmərtəbəli
yaşayış binasını təhvil verdi.
Dekabrın 27-də Kristal
Abşeron Yasamal rayonu üzrə "Pilot layihə” çərçivəsində inşa olunan üçüncü
yaşayış binası sakinlərin istifadəsinə verilib. Tədbirdə Yasamal Rayon İcra
Hakimiyyətinin başçısı Əziz Əzizov və Kristal Abşeron MTKnın təsisçisi Mahayət
Nəbiyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
bayramı münasibətilə təbriklərini çatdırıblar. Ə.Əzizov çıxışında 2018-ci ilin
ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə
yaddaşlara həkk olunduğunu deyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara
imza atdığını vurğulayan icra başçısı bildirib: "Bu gün yeni ilin gəlişi
ərəfəsində yeni binanın istifadəyə verilməsi xalqımızın gözəl həyat tərzinin
göstəricilərindən biridir. Ümummilli Liderin siyasətini uğurla həyata keçirən
dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin
sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti
keçmiş, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və
mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülərək,
yerində yeni, müasir evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində işlər bu gün Yasamal rayonunda da uğurla davam
etdirilir. "Pilot layihə”nin əsas məqsədi orada yaşayan insanların mənzil
şəraitinin yaxşılaşdırılması, təhlükəsizliyinin təmin edilməsidir. Həmçinin
şəhərin xüsusən mərkəzi hissəsində yerləşən və görünüş cəhətdən xələl gətirilən
həmin binaların tədricən sökülməsi və yerində müasir, yaşayış üçün tələb olunan
məişət təminatlarını özündə əks etdirən yaşayış binalarının inşasını nəzərdə
tutur.
Daha sonra tədbirdə Kristal
Abşeron MTKnın təsisçisi M.Nəbiyev çıxış edib. Şirkət rəhbəri çıxışında binanın
yeni sakinlərini və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının həmrəyliyi
günü və yeni ilin gəlişi münasibəti ilə təbrik edib, rayon rəhbərliyinə
tədbirdə iştirakı üçün təşəkkürünü bildirib. M.Nəbiyev cənab prezident İlham
Əliyevin bu sahədə gördüyü işlərin əhəmiyyətindən və Pilot Layihələrin
mahiyyəti və məqsədi haqqında fikirlərini bildirdi. Daha sonra mənzil açarları bina sakinlərinə
təqdim edilib.
Qeyd edilib ki, bu gün sakinlərə təhvil verilən bu yeni binanın ümumi sahəsi
11300 kvadratmetr təşkil edir. Optik sistemdə kabelləşən bu yeni binadakı 1, 2
və 3 otaqlı mənzillərin hər biri tam təmirlidir. Binada sərnişin və yük daşıma
liftləri quraşdırılıb, həmçinin hər bir mənzil qaz, su və işıq sayğacları ilə
təmin olunub. Bundan əlavə bina sakinləri üçün yeraltı avtodayanacaq və uşaq
meydançası da salınıb. Təhvil verilən bütün mənzillər Avropa istehsalı
materiallarla təmir edilib.
Sakinlər mənzil şəraitlərinin yüksək səviyyədə təminatına görə dövlətimizin
başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.
www.anews.az