Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

COP31 çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) tərəfdaşlığı ilə “Geri çəkilən dəniz: Xəzər bölgəsində iqlim, təbiət və insanlar” mövzusunda tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Xəzər dənizinin səviyyəsinin azalmasının nadir canlı növləri, o cümlədən nərə balıqları və Xəzər suitilərinin mövcudluğunu təhlükə altına aldığını bildirib.
O, Xəzərin ekoloji problemlərinin həlli üçün elmi tədqiqatların genişləndirilməsinin, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Leyla Əliyeva IDEA-nın Xəzər suitilərinin sayının azalmasının səbəblərinin araşdırılması məqsədilə elmi ekspedisiyalar təşkil etdiyini, balıq ehtiyatlarının bərpası üçün müxtəlif növ balıq körpələrinin su hövzələrinə buraxıldığını bildirib.
O, həmçinin 2011-ci ildən keçirilən sahilyanı təmizlik aksiyalarına 7 minə yaxın könüllünün qoşulduğunu, 120 tondan çox tullantının toplanaraq təkrar emala yönəldildiyini qeyd edib.
Tədbirdə IUCN-in Baş direktorunun müavini Stüart Maqinnis və BMT-nin Avropa İqtisadi Komissiyasının Dayanıqlı Enerji Bölməsinin direktoru Dario Liquti də çıxış ediblər.
Panel müzakirələrində Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən iqlim amilləri, biomüxtəlifliyin qorunması, dəniz ekosistemlərinin dəyişən şəraitə uyğunlaşdırılması və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində IDEA tərəfindən Xəzər dənizinin ekoloji vəziyyətinə həsr olunan qısametrajlı sənədli film də nümayiş etdirilib.
























