Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı

Milli Məclisin deputatı Zahid Oruc sənədsiz evlərin və torpaq sahələrinin rəsmiləşdirilməsi üçün mərhələli əmlak amnistiyasının tətbiqini və bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramının hazırlanmasını təklif edib.
Deputat bildirib ki, sənədsiz əmlakların qeydiyyatı prosesinin sürətləndirilməsinə ehtiyac var. Onun sözlərinə görə, 2025-ci ilin oktyabrınadək bu sahədə təxminən 19 min müraciət daxil olsa da, yalnız 4 minə yaxın obyekt reyestrdə qeydiyyata alınıb.
“Rəqəmlər göstərir ki, prosesin daha da sürətlənməsinə ehtiyac var”, – Zahid Oruc vurğulayıb.
Deputatın sözlərinə görə, araşdırmalar zamanı vahid portal vasitəsilə müraciətlərin qəbulu əlçatan olsa da, sonrakı mərhələlərdə dövlət qurumları arasında məlumat mübadiləsinin aylarla uzanması, yoxlamaların qeyri-məhdud davam etməsi və texniki rəylər obyektlərin rəsmiləşdirilməsinə mane olur.
O qeyd edib ki, Prezidentin 16 iyul 2025-ci il tarixli fərmanı qeydiyyat prosesinə əlavə təkan verib. Fərmana əsasən, 2001-ci il yanvarın 1-dək verilmiş torpaq ayırma qərarları, təsərrüfatbaşına kitablardan çıxarışlar, texniki pasportlar və sovxoz direktorlarının əmrləri qeydiyyat üçün əsas kimi qəbul edilib. Bununla da on minlərlə həyət evinin sahibinə çıxarış almaq imkanı yaradılıb.
Zahid Oruc sənədsiz əmlakların hüquqi vəziyyətinə görə fərqləndirilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, bu əmlakları üç qrupa ayırmaq lazımdır: vaxtilə qanuni əsaslarla əldə edilmiş, lakin sənədləri tam rəsmiləşdirilməmiş evlər; torpaq üzərində hüququ müəyyən qədər təsdiqlənsə də, tikinti sənədləri olmayan evlər; dövlət, bələdiyyə, kənd təsərrüfatı, sənaye və digər təyinatlı torpaqlarda icazəsiz tikilmiş obyektlər.
“Fərqli qrupların hüquqi vəziyyəti müxtəlifdir və onlara eyni qaydanı tətbiq etmək mümkün olmaz”, – deputat bildirib.
Deputat Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin açıqlamasına da diqqət çəkib. Bildirib ki, quruma daxil olan müvafiq müraciətlərin 70 faizdən çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda yaranmış yaşayış massivləri ilə bağlıdır.
O, Əmlak Məsələləri Dövlət Xidmətinin elektron qeydiyyat, torpaq koordinatlarının dəqiqləşdirilməsi və vahid kadastr sisteminin yaradılması istiqamətində fəaliyyətini müsbət qiymətləndirib.
Deputatın təqdim etdiyi məlumata görə, 2025-ci ildə ölkə üzrə 364 min 136 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. Onlardan 70 min 596-sı ilkin, 293 min 540-ı isə təkrar qeydiyyat olub.
Zahid Oruc qeyd edib ki, qeydiyyatsız əmlakın sosial nəticələri də var. Belə əmlakın sahibləri evlərini vərəsəlik qaydasında ötürə, sata və ya girov qoyaraq kredit əldə edə bilmirlər. Onun sözlərinə görə, 2023-cü ildən sonra rəsmi sənədi olmayan evlərə qaz və digər kommunal xidmətlərin göstərilməsi də məhdudlaşıb, bu isə həmin əmlakların bazar dəyərini aşağı salıb.
Deputat Bakı və Abşeron ərazisində dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı araşdırmanın nəticələrini də açıqlayıb.
Araşdırmaya əsasən, sorğuda iştirak edən ailələrin 33,2 faizi sənədsiz evlərdə 20 ildən çox, 36,8 faizi isə 10-20 il yaşayır. Beləliklə, ailələrin təxminən 70 faizi 10 ildən artıqdır eyni ünvanda məskunlaşıb.
Sorğuda iştirak edənlərin 27,9 faizinin aylıq gəliri 400 manat və daha az, 35,6 faizinin isə 400-1000 manat arasındadır.
“Uzun müddətli problemin həlli dövlətimizin əhalinin həssas təbəqələrinə göstərdiyi qayğının nümunəsi olacaq”, – deputat bildirib.
Araşdırmaya görə, sənədsiz evlərin 81 faizi birmərtəbəlidir. Onların böyük hissəsi 51-150 kvadratmetr sahəyə malik fərdi yaşayış evləridir. Evlərin 60 faizini sakinlər özləri tikib, 27 faizini isə satın alıblar.
“Deməli, rəsmiləşməyən evlərin hamısına eyni hüquqi yanaşma tətbiq etmək olmaz”, – Zahid Oruc vurğulayıb.
Deputatın sözlərinə görə, 2023-cü ilədək tikilmiş sənədsiz evlərin 100 faizi elektrik, 98 faizi qaz, 88 faizi isə su ilə təmin olunub. Bununla belə, evlərin yalnız 47 faizi mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub.
“Göründüyü kimi, dövlətin kommunal xidmət qurumları uzun illər sənədsiz evləri faktiki yaşayış vahidi kimi qəbul edib, lakin mülkiyyət hüquqları rəsmiləşdirilməyib”, – deputat qeyd edib.
Zahid Oruc sənədsiz əmlakların qeydiyyatı üçün mərhələli əmlak amnistiyasının tətbiqini və bütün məlumatları birləşdirən vahid dövlət proqramının hazırlanmasını təklif edib.
Onun təklifinə görə, bütün sənədsiz evlər və torpaq sahələri vahid bazada inventarlaşdırılmalı, qeydiyyata yararlı əmlaklar məhkəməyə müraciət etmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməlidir. Mühafizə zonalarında və təhlükəli ərazilərdə yerləşən obyektlər amnistiyadan kənarda saxlanılmalı, həmin ərazilərin sakinlərinə alternativ həll yolları təklif edilməlidir.
“Lakin amnistiya yeni qanunsuz tikintilərə də yol açmamalıdır”, – deputat bildirib.
Zahid Oruc əlavə edib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması əmlakın dövlət qeydiyyatı sahəsində tarixi qərarların qəbulu üçün fürsətdir.
























