İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev noyabrın 27-də Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.
Görüşdə Azərbaycanla Estoniya arasında ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı səfərlərin əhəmiyyəti müzakirə olunub.
Dövlət başçısı Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini bildirib. O, hökumət nümayəndələri arasında görüşlərin və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu deyib.
İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini vurğulayıb. Bu il Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilən görüşləri xatırladıb.
Marqus Tsahkna Azərbaycanın sürətli inkişafının şəxsən şahidi olduğunu və ölkəmizin regionda mühüm rol oynadığını bildirib.
Nazir səfəri çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışının keçiriləcəyini diqqətə çatdırıb. İlham Əliyev səfirliyin açılmasını ikitərəfli əlaqələrin inkişafının göstəricisi kimi qiymətləndirib.
Görüşdə informasiya texnologiyaları, rəqəmsal transformasiya, bağlantılar və digər sahələrdə əməkdaşlıq imkanları da müzakirə olunub. Azərbaycanın yeni bağlantı xətlərinin sayını artırdığı vurğulanıb.
Tərəflər ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Son xəbərlər 
Daha çox 






















