E-kitab: Nəcib Məhfuz – “Uşaqların cənnəti”

21:34 | 02.11.2015
E-kitab: Nəcib Məhfuz – “Uşaqların cənnəti”

E-kitab: Nəcib Məhfuz – “Uşaqların cənnəti”



Nəcib Məhfuz 1911-2006 illər aralığında yaşayıb. O, ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb yazıçısıdır. Yazıçının "Uşaqların cənnəti" hekayəsini oxuculara təqdim edirik.

"Uşaqların cənnəti”

 -Ata…

-Nə olub?

-Rəfiqəm Nadya və mən həmişə birlikdəyik.

-Bu yaxşıdı, mənim balam.

-Dərsdə, tənəffüsdə, yeməkxanada…

-Əla. O, çox yaxşı və tərbiyəli qızdı.

-Amma "Allahın qanunları” dərsində biz ayrı-ayrı siniflərdə otururuq…

Ata toxumaqla məşğul olan anaya baxdı və onun gülümsədiyini gördü. Özü də gülümsəyərək dedi:

-Bu ki, ancaq "Allahın qanunları” dərsindədi.

-Niyə belə olur, ata?

-Çünki, sən ayrı imandasan, o ayrı.

-Necə?

-Sən müsəlmansan, o xristian.

-Niyə, ata?

-Sən hələ balacasan. Bunu böyüyəndə anlayacaqsan.

-Mən artıq böyüyəm.

-Yox, mənim balam. Sən hələ balacasan.

-Mən niyə müsəlmanam?

Hə… Müasir tərbiyə üsullarından kənara çıxmamaq üçün səbr etməli və ehtiyatla danışmalısan.

-Sənin atan müsəlmandı, anan da. Sən də buna görə müsəlmansan.

-Bəs Nadya?

-Onun atası da,  anası da xristiandı. Ona görə o da xristiandı.

-Ona görə ki, onun atası eynək taxır?

-Yox, eynəyin bura dəxli yoxdu. Sadəcə onun babası da xristian olub.

O, uzaq əcdadları sadalamağı və bu yolla qızını bezdirməyi, nəhayət qızın mövzunu dəyişəcəyini düşündü. Amma qız soruşdu:

-Bəs hansı yaxşıdı – müsəlman olmaq, yoxsa xristian?

Bir az düşünən ata cavab verdi:

-Hər ikisi yaxşıdı.

-Axı hansısa daha yaxşı olmalıdı.

-Hər iki din yaxşıdı.

-Bəlkə, Nadya ilə ayrılmamaq üçün mən də xristian olum?

-Yox,qızım. Bu mümkün deyil. Hər kəs öz valideynlərinin dinini qoruyub saxlamalıdı.

-Axı niyə?

…Həqiqətən də müasir tərbiyə asan iş deyil!

-Bəlkə sən bu sualları böyüyəndən sonra verəsən?

-Yox ata.

-Yaxşı.  Sən dəbin nə olduğunu bilirsən? Bax, birisi bir dəblə ayaqlaşır, digəri başqa dəblə. Müsəlman olmaq müasirlikdi, ən sonuncu dəbdi. Buna görə də sən müsəlman olaraq qalmalısan.

-Demək Nadya köhnə dəblidi?

Deyəsən,o hardasa səhv edib. İndi necə etməli?

– Bu zövq məsələsidi. Amma hər kəs öz valideynlərinin dininə sitayiş etməlidi.

-Olar mən Nadyaya deyim ki, o köhnə dəblidi?

-Hər bir din yaxşıdı – ata tələsik əlavə etdi – müsəlmanlar da, xristianlar da eyni Allaha ibadət edir.

-Bəs niyə onlar fərqli otaqlarda ibadət edir?

-Çünki hər kəs öz bildiyi kimi ibadət edir..

-Necə yəni öz bildiyi kimi?

-Bunu gələn və ya ondan sonrakı il biləcəksən. Hələlik bu qədərini bil ki, müsəlmanlar da, xristianlar da Allaha etiqad edir.

-Bəs Allah kimdi?

Burda artıq ata özünü itirdi. Sakitliyini qorumağa çalışaraq soruşdu.

-Bəs məktəbdə müəllimə bu haqda nə deyir?

-O, Qurandan surə oxudu. Bizsə əzbərlədik. Amma mən heç nə anlamadım. Allah kimdi, ata?

-O, dünyadakı hər şeyin yaradıcısıdı.

-Hər şeyin?

-Hə, hər şeyin.

-Bəs yaradıcı nədir?

-Yəni hər şeyi O yaradıb.

-Necə yaradıb?

-Özünün əzəməti ilə.

-Bəs O harda yaşayır?

-Dünyanın hər yerində.

-Bəs dünya var olmayanda harda yaşayıb?

-Yuxarıda, göydə.

-Səmada?

-Hə.

-Mən onu görmək istəyirəm.

-Bu mümkün deyil.

-Hətta televizorda da?

-Hətta televizorda da.

-Onu heç kim görməyib?

-Heç kim.

-Bəs sən hardan bilirsən ki, O göydədi?

-Çünki bu belədir.

-Bəs Onun göylərdə olduğunu ilk dəfə kim bilib?

-Peyğəmbərlər.

-Peyğəmbərlər?

-Hə. Məsələn, Məhəmməd peyğəmbər.

-Bəs o bunu hardan bilib?

-Özünün xüsusi gücü sayəsində.

-Onun gözləri çox yaxşı görürdü, hə?

-Hə.

-Niyə, ata?

-Çünki, Allah onu belə yaradıb.

-Niyə axı?

Kişi qalan səbrini də itirərək cavab verdi:

-Çünki O, etmək istədiyi hər şeyi edə bilir.

-O necədir ki?

-Çox qüdrətli, çox güclü, hər şeyi bacaran.

-Sənin kimi. Hə, ata?

Gülməyini güclə saxladı.

-Onun tayı-bərabəri yoxdu.

-Bəs niyə göydə yaşayır?

-Çünki, yer Onun üçün kiçikdir.

Qız bir az düşünüb dedi:

-Amma Nadya deyir ki, o yerdə yaşayıb.

-Çünki, O yerdə baş verən hər şeyi bilir.

-Nadya həm də deyir ki, Onu öldürüblər…

-Yox, balaca. Onlar elə düşünürdü ku, Onu öldürüblər. Amma O sağdır, yaşayır.

-Onda babam da sağdı, hə?

-Yox, o həqiqətən ölüb.

-Niyə?

-Xəstə idi, ona görə.

-Bacım da xəstədi. O da öləcək?

O, arvadının qəzəbli baxışlarını öz üzərində hiss edərək alnını qırışdırdı.

-Yox, Allahın köməyi ilə o sağalacaq.

-Bəs babam niyə öldü?

-O, xəstə və qoca idi.

-Sən də xəstələnmişdin və qocasan. Sən niyə ölmədin?

Ana qıza acıqlandı. Heç nə dərk etməyən qız bundan özünü itirdi. Tərəddüdlə gah anasına, gah atasına baxdı.

-Bizim ölümümüz Allahın ixtiyarındadır. O nə zaman istəsə, onda da öləcəyik – nəhayət ata cavab verdi.

-Bəs O niyə bizim ölümümüzü istəyir?

-Hər şey Onun hökmü ilə baş verir.

-Bəs ölüm yaxşıdı?

-Yox, mənim balam.

-Bəs niyə Allah pislik edir?

-Pislik deyil. Əgər Allah lazım bilirsə, deməli insanlar ölməlidi.

-Axı özün dedin ki, ölüm pisdi?

-Mən səhv etdim, balaca.

-Bəs niyə sənə "öləcəksən" deyəndə anam acıqlandı?

-Çünki, Allah hələ bunu istəmir. İstəmirsə biz də bunu dilə gətirməməliyik.

-Bəs nə vaxt istəyəcək?

-O bizi bu dünyaya göndərir, lazımi vaxtda isə buradan aparır.

-Niyə?

-Bizim bu dünyadan gedənə qədər yaxşılıq edə bilməyimiz üçün.

-Bəs niyə burda qala bilmərik?

-Əgər insanlar dünyanı tərk etməsələr, başqa insanlara yaşamaq üçün yer çatmaz.

-Bütün yaxşı şeylər bu dünyada qalacaq?

-Biz daha yaxşı şeylərin olduğu daha yaxşı yerə gedəcəyik.

-Hara?

-Yuxarı, göylərə.

-Allahın yanına?

-Hə.

-Onu görəcəyik?

-Hə.

-Bu yaxşıdı?

-Əlbəttə.

-Elə buna görə də biz getməliyik, hə?

-Amma hələ biz edə biləcəyimiz qədər yaxşılıq etməmişik.

-Bəs babam etmişdi?

-Hə.

-O nə etmişdi?

-Ev tikmiş, bağ salmışdı.

-Bəs əmim oğlu Tutu nə etmişdi?

Ata ümidsiz baxışlarını anaya tərəf çevirərək yardım istədi. Sonra isə dedi:

-Getməzdən əvvəl o da balaca bir evcik tikmişdi.

-Bəs qonşumuzun oğlu Lulu? Məni döyür, heç bir yaxşılıq etmir.

-O, dəcəldi.

-O da öləcək?

-Allahın istəyi olduğu zaman öləcək.

-Amma o heç bir yaxşılıq etməyib.

-Hamı ölür. Kim yaxşılıq edibsə, Allahın yanına gedir, pislik edənlər tonqalda yanır.

O, köksünü ötürdü, bir qədər susdu. Ata isə özünü tamamilə üzgün hiss edirdi. Görəsən o qızının suallarını düzgün cavablandırırdı? Bu zaman qız yenidən dilləndi:

-Mən həmişə Nadya ilə bir yerdə olmaq istəyirəm.

Onun təəccüblə baxdığını görüb izah etdi:

-Hətta "Allahın qanunları” dərsində də.

O, bərkdən qəhqəhə çəkdi. Ana da güldü.

-Heç vaxt ağlıma gəlməzdi ki, uşaqlarla bu cür mövzuları müzakirə etmək olar.

Arvadı cavabında:

-Qızımız böyüdükdə sən ona bütün şübhələrini deyə bilərsən.

O, cəld arvadına tərəf çevrilib bunu ciddi, yoxsa zarafatla dediyini anlamağa çalışdı. Lakin, qadın yenidən toxumaqla məşğul idi.

Tərcümə etdi: Xatirə Nurgül

Sim-sim.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM