E-kitab - Alberto Moravia: İdeal cinayət (hekayə)

21:18 | 17.11.2015
E-kitab - Alberto Moravia: İdeal cinayət (hekayə)

E-kitab - Alberto Moravia: İdeal cinayət (hekayə)


Bütün sevgililərimi Riqamonti ilə tanış edirdim. Riqamonti isə… Riqamonti isə onları mənim əlimdən alırdı. Nə deyəsən, fərasətli oğlan idi. Bəlkə qadınlardan yana bəxtimin gətirdiyini göstərmək üçün, bəlkə də satqınlıq eləsə də, onu dost hesab etdiyim üçün hər dəfə eyni səhvi təkrarlayırdım. Heç olmasa, bir qədər alicənablıq, həssaslıq göstərəydi. Yox! O, məni heçə sayıb özünü həyasızlıq edirdi. Hətta vəziyyət o, yerə çatmışdı ki, qızlara mənim yanımda yanaşıb görüş təyin etməkdən çəkinmirdi. Məlumdur ki, belə hallarda həmişə tərbiyəli insan uduzur, həyasız isə ancaq özü barədə düşünür. Narazılığımı bildirməyə ürək eləmirdim. Bir-iki dəfə onu yerində otuzdurmağa çalışdım. Ancaq utanırdım. Çünki hisslərimi ifadə etməyi bacarmıram. İçimdə qovrulsam da, soyuqqanlı görünürəm və heç kim əsəbləşdiyimi hiss eləmir. 

Bilirsiniz, o, nə cavab vermişdi: "Bu mənim yox, sənin günahındır. Qız mənə üstünlük verirsə, deməli, səndən yaxşıyam.” Bu, həqiqət idi. Onun fiziki göstəricilərinin məni qabaqladığı da bir həqiqət idi. 

Nəhayət, üç-dörd belə xoşagəlməz zarafatdan sonra Riqamontidən tamamilə zəhləm getdi. Hətta bar stolunun arxasında bir yerdə işləyəndə, müştərilərə qulluq edəndə kürəyimi ona çevirib dayanırdım. Onun sırtıq sifətini görmək istəmirdim. Artıq onun elədiyi əclaflıqlar yox, özü barədə düşünürdüm. Hiss edirdim ki, dözümüm qalmayıb. Onun gombul, axmaq sifətinə, dar alnına, balaca gözlərinə, iri və əyri burnuna, dodaqlarına və nazik bığına nifət edirdim. Onun papağı xatırladan qara, parlaq saçlarına nifrət edirdim. Onun qəhvə maşını ilə işləyəndə irəli verdiyi tüklü əllərinə nifrət edirdim. Geniş pərli, əyri, ətli, solğun burnu məni, xüsusilə, qıcıqlandırırdı. Tez-tez onun burnuna ilişdirəcəyim yumruqları və qırılan sümüyün xırçıltısını təsəvvür edirdim. Amma bunların hamısı xəyal idi. Çünki mən arıq, cılız adam idim. Riqamonti istəsə, bir barmağı ilə məni iki qatlayardı.

Onu öldürməyi nə vaxtdan planlaşdırdığım yadımda deyil. Bəlkə birlikdə "İdeal cinayət” adlı amerikan filminə baxmağa getdiyimiz axşamdan? Düzünü desəm, əvvəlcə onu həqiqətən öldürmək istəmirdim. Sadəcə bunu etsəm, necə xoşbəxt olacağımı xəyal edirdim. Axşamlar yatmamışdan, səhərlər yerimdən qalxmamışdan əvvəl, hətta günorta barda iş olmayanda, Riqamonti taburetdə oturub qəzet oxuyanda da bu barədə düşünməyi xoşlayırdım. Ağlımdan belə fikirlər keçirdi: "İndi buz qırdığımız neştəri götürüb başından vuracam!” Bunlar elə-belə zarafat idi. Bütün günü sevdiyi qadını və ona deyəcəyi sözləri düşünən axmaq aşiqə bənzəyirdim. Lakin mən sevgili əvəzində Riqamontini düşünürdüm və camaatın öpüşlərin, sığalların xəyalından aldığı həzzi ölüm barədə düşüncələrdə tapmışdım.

Yavaş-yavaş, "zarafatla” planımın təfərrüatlarını fikirləşirdim. Və bir dəfə plan tərtib edəndən sonra onu yerinə yetirmək arzusu yarandı. Bu arzu o qədər güclü idi ki, müqavimət göstərə bilmədim və qərar verdim. Bəlkə də, heç nəyə qərar verməmişdim. Sadəcə fantaziya adı ilə yavaş-yavaş hərəkətə keçməyə başladığımı hiss etmişdim. Sevgidə olduğu kimi, hər şey təbii yolla, öz iradəmlə və məcburiyyət olmadan, qeyri-ixtiyari baş vermişdi.

Plana görə, əvvəlcə ona qəşəng bir qız tanıdığımı dedim. Bu dəfə söhbət mənim xoşuma gələn və onun əlimdən aldığı qızlardan getmirdi. Bu qız ayrı aləm idi. Çünki bu qız Riqamontiyə göz qoymuşdu və ondan başqa heç kimi istəmirdi. Mən düz bir həftə hər gün dostumla dərdləşir, bu ehtiraslı sevgi barədə yeni-yeni detallar əlavə edir, arada bir guya qısqandığımı hiss etdirirdim. Əvvəlcə, laqeyd idi və deyirdi: "Əgər məni sevirsə, qoy, bara gəlsin, onu qəhvəyə qonaq edərəm”. Sonra maraq göstərməyə başladı. Arada yarı-zarafat, yarı-ciddi məndən soruşurdu:
– İndi deyirsən ki, bu qız ancaq məni sevir?

– Özü də necə, – deyirdim.

– Nə deyir ki?

– Deyir, çox xoşuna gəlirsən.

– Nəyimi bəyənir?

– Hər şeyini: burnun, saçların, gözlərin, ağzın, qəhvə maşınını işlətməyin. Deyirəm də, hər şey.
– Yəni mənim nifrət etdiyim hər şey…

O, gülür və özünü önəmli biri hesab edirdi. Çünki lovğa idi. Allah bilir nə fikirləşirdi. Yəqin qızla tanış olmağın yolarını axtarırdı. Axı qüruru məndən kömək istəməyə icazə vermirdi. Nəhayət, bir gün utana-utana dedi:

-Qulaq as, ya məni o qızla tanış elə, ya da bir də onun adını çəkmə.

Bunu gözləyirdim. Növbəti axşama görüş təyin etdim.

Planım sadə idi. Saat 10-da işimiz bitirdi. Ancaq şef gündəlik qazancı saymaq üçün on birin yarısına qədər bardan çıxmırdı. 
Riqamontini Viterbo dəmir yol stansiyasının kənarına gətirəcəkdim. Guya qız burada görüşmək istəyib. On birə on beş dəqiqə işləmiş qatar stansiyaya yaxınlaşır və mən səs-küydən istifadə edib bu yaxınlarda Vittorio meydanında aldığım "Beretta” ilə Riqamontini güllələyirəm. 10:20-də bara qayıdıb yaddan çıxardığım paketi götürürəm ki, şef məni görsün. Uzağı on birin yarısında kirayə qaldığım yerə qayıdıb yataqda uzanmış olacağam. Bu planı – xüsusilə də vaxt və qatar hissəsini filmdən götürmüşdüm. Əlbəttə uğursuzluğa da hazır olmalıydım. Cinayətimin üstü açıla bilərdi. Buna baxmayaraq mən istəklərimə azadlıq verdiyim üçün özümdən razı qalardım. Buna görə sürgünə getməyə dəyərdi.

Şənbə olduğu üçün cinayət günü işimiz çox idi. Əslində bu yaxşı idi. Dostum qız barədə sual verməyə macal tapmadığı üçün mənim də yadıma düşmürdü. Həmişəki kimi saat 10 olanda iş geyimlərimizi çıxarıb şeflə sağollaşdıq. Aşağı salınmış dəmir barmaqlığın altından çıxdıq. Bar Viterbo stansiyasına aparan küçədə yerləşirdi. Artıq Rimembrans parkındakı sevgililər dağılışmışdılar. Dar küçədə, ağacların altında heç kim qalmamışdı. Aprel ayı idi. Hava təmiz, ay görünməsə də, səma aydın idi.

Bu küçə ilə görüş yerinə getdik. Sevincək olmuş Riqamonti dayanmadan çiynimi yumruqlayırdı. Mən isə soyuqqanlı davranırdım. Əlim sinəmdə – gödəkcəmin iç cibində gizlətdiyim tapançanın üstündə idi. Yol ayrıcında küçədən çıxıb əsas yola keçdik. Bu yolu ot basmışdı. Görüş yeri küçəyə nisbətən qaranlıq idi. Bu da planıma daxil idi. Riqamonti qabaqda, mən isə arxada gedirdim. Küçə fanarının yanına yaxınlaşanda dedim:

– Bizi burda gözləyəsiydi. Yəqin indilərdə gələr.

Dostum dayandı, siqaret çəkdi və dedi:

– Düz-əməlli barmen olmasan da, ara düzəltməkdə səndən yaxşısı yoxdur.

Yəni ki, məni ələ salırdı. 

Tezliklə ay dayandığımız yeri işıqlandırdı. Bura kol basmış, zir-zibillə dolu düzənlik idi. Ətrafa duman çökmüşdü. Uzaqda gümüşü rəngə çalan Tibr çayı işarırdı. Nəmişlik iliyimə işləmişdi. Riqamontidən çox özümə müraciət edərək dedim:

– İndilərdə gələcək. İşləyir axı. Müdirinin getməyini gözləyir.

– Yox, budur gəlir, – dedi dostum.

Onun işarət etdiyi istiqamətdə çevriləndə bizə yaxınlaşan qadın kölgəsi gördüm.
Sonradan öyrəndim ki, bura qadınların özlərinə müştəri axtardığı yerlərdən imiş. Onda bunu bilmədiyim üçün bir anlıq uydurduğum qızın həqiqi olduğunu düşündüm. Özündən razı Riqamonti qızın görüşünə getdi. Mən də onun arxasınca… Bir neçə addım sonra kölgə qaranlıqdan fanarın işıqlandırdığı hissəyə keçdi. Onu görəndə az qala qorxudan ürəyim düşdü. Bu 60 yaşlarında qarı idi. Çılğın baxışlarını sürmə, üzünü bol kirşan, dodağını qırmızı boya bəzəyirdi. Saçlarını yığmamışdı. Boğazına qara lent dolamışdı. O, nəzərə çarpmamaq üçün ən qaranlıq künclərdə gəzən qadınlardan idi. Qoca qadınların necə müştəri tapdığını anlaya bilmirdim. Riqamonti onu görən kimi özünə məxsus həyasızlıqla soruşdu:

– Sinyorina bizi gözləyirsiniz?

– Əlbəttə, – qadın eyni həyasızlıqla cavab verdi.

Dostum qadını yaxşı süzəndən sonra səhvini başa düşdü. Geri çəkildi və dedi:

– Təəssüf, bu gün özümü yaxşı hiss etmirəm, ancaq dostum sizinlə qala bilər, – o, kənara atılıb qaçdı. 
Yəqin Riqamonti qəşəng qızlardan sonra onu bu eybəcərlə tanış edib qisas almağa çalışdığımı düşünmüşdü. Deməli, ideal cinayət baş tutmuşdu. Bədbəxt qadına baxdım. Gülüşü karnaval maskasına oxşayırdı. İndi diqqəti məndə idi:

– Sarışın, siqaretin olmaz?

Ona da, özümə də, hətta Riqamontiyə də yazığım gəldi. Bir neçə dəqiqə əvvəl nifrət edirdim. İndi o hiss yoxa çıxmışdı. Səbəb? Gözlərim yaşardı. Bu qadın dəhşətli qətlə mane olmuşdu. Ona minnətdar idim.
– Siqaretim yoxdur, bunu götür. Satsan, min lira ala bilərsən, – deyib "Beretta”mı ona bağışladım. Sonra cinayət yerindən uzaqlaşıb gəldiyim küçə ilə qaçdım. Pəncərələri işıqlanan Viterbo qatarı ətrafa qığılcım saça-saça zülməti bölüb keçdi. Dayanıb onun ardınca baxdım, taqqıltı kəsilənə qədər qulaq asdım və evimə qayıtdım. Səhəri gün barda Riqamonti yaxınlaşıb dedi:

– Bilirsən, səndə bir iş olduğunu bilirdim… Yaxşı, zarafatın alındı.

Dostum dəyişməsə də, daha ona baxanda nifrət hiss etmirdim. Məni qıcıqlandıran alnı da, gözləri də, burnu da, saçları da, qəhvə maşını ilə işləyən əlləri də eyni idi. Lakin indi bunlar boş, mənasız görünürdü. Elə bil, barın qapısındakı pərdəni yelləyən aprel mehi içimə dolmuşdu. Riqamonti mənə iki fincan qəhvə verdi. Onları günəşli havadan istifadə edib çöldə oturan iki müştəriyə aparmalı idim. Onun qulağına pıçıldadım: "Axşam görüşək? Ameliyanı çağırmışam.” O, qəhvənin dibini zibil qabına atdı, maşına təzə qəhvə tökdü, bir qədər buxar buraxdı və sakit, kinsiz cavab verdi:
– Yox, heyif, bu gün alınmayacaq.

İki fincan qəhvəni götürüb çölə çıxdım. Riqamonti bu gecə gəlib Ameliyanı əlimdən almayacaqdı. Məyus olmuşdum.

Tərcümə etdi: İlahə Əkbər

 Sim-sim.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb