E-kitab - Revaz İnanişvili: İztirab yüklü uşaq (gürcü hekayəsi)

22:36 | 29.10.2015
E-kitab - Revaz İnanişvili: İztirab yüklü uşaq (gürcü hekayəsi)

E-kitab - Revaz İnanişvili: İztirab yüklü uşaq (gürcü hekayəsi)

Revaz İnanişvili

(1926-1991)

İZTİRAB YÜKLÜ UŞAQ

 
Otuz altı yaşlı atam mənə o vaxt yaşlı adam kimi görünürdü.

Kəndimizə rəhbərliyi ona etibar etmişdilər. Enli kürəkli, geniş sinəli idi, iri toqqalı kəmər bağlamış, xrom çəkmə geymiş, knyaz kimi bir adam idi.

İncə hörüklü qamçısını əlində oynatmağa adət etmişdi. Kəhər atın belinə həmişə ehtiyatla qalxmağa çalışsa da, at fınxırır, dartınır, ancaq atamın möhkəm biləkləri onu sakitləşməyə məcbur edirdi.

Sonra ehmalca atın belinə atılan kimi at yerindən götürülürdü. Atın yüyəni gəmirməkdən başqa əlacı qalmazdı.

Atam hamı ilə görüşüb hal-əhval tutmağa adət etmişdi - kiminin üzünə gülər, kimiyə də təbəssüm göstərərdi.

Bəzən əyilib kiminsə qulağına nə isə pıçıldayar, sonra hər ikisi ucadan qəhqəhə çəkib uğunardı. Atamla bir yerdə gedəndə az qalırdı ürəyimiz sevincdən partlasın.

Hamı ona salam verər, həyətdən çıxıb qarşısına gələr, onunla məsləhətləşərdilər.

Təndirin yanından keçəndə qadınların qəlbini qırmaz, onlar təklif edəndə isti lavaş götürməyi özünə ar bilməzdi. Hətta onlarla birlikdə sağlıq deməkdən də çəkinməzdi.

Bir dəfə mən uşaqlarla həyətimizdəki ceviz ağacının altında talvar qurmağı qərara aldıq. Lakin nə qədər elədiksə, dirəkləri yerə basdıra bilmədik.

Atam bu vaxt yanımızdan keçirdi. Bizim qan-tərə batdığımızı görüb, əvvəlcə dirəyin birini götürüb yerə çaxdı, ağac yerə elə bərk sancıldı ki, elə bil ki, orada bitmişdi.

Sonra ikinci, üçüncü, dördüncü dirəyi də həmin qayda ilə torpağa sancdı.

Mən onun qanının qaraldığmı da yadıma sala bilmirəm. Əgər konfet gətirsəydi, elə çox olardı ki, hamıya gen-bol bəs edərdi.

Bizim hər hansı bir hərəkətimiz xoşuna gəlmədikdə iri əllərinin şilləsi ilə hədələyərdi. Bibilərimi, əmidostularımı, nənələrini sevərdi.

Uca səslə hamının hal-əhvalını soruşar, vəziyyəti ilə maraqlanardı. Onlar da atamı sevərdilər. Onu məhəbbətlə "Bizim dəli”, "Huşsuz” deyə çağırardılar.

Atamı qəflətən həbs etdilər. Atamı da, babamı da, əmimi də tutdular. Və bütün ölkəni qazamata çevirdilər. Atam elə aramsız gülümsəyərək deyirdi:

"Siz nəyisə səhv salıbsınız”. "Orada görərik, baxarıq kim nəyi səhv salıbdır”, - deyə cavab verirdilər.

Babamı və əmimi tezliklə sürgünə göndərib ayrı-ayrı yerlərdə həbs düşərgələrinə saldılar. Onlardan heç bir səs-soraq gəlmədi. Atamdan da bir xəbər-ətər öyrənə bilməmişdik.

Birdən səs yayıldı ki, o, hələ sağdır, özü də Tbilisidədir. Tezcə Tbilisiyə ayaq açdıq.

Nənəm hey saçlarını yolub qanlı göz yaşları tökürdü. "İşgəncə verirlər ona, işgəncə verirlər!” Beləcə bir ildən artıq vaxt keçdi.

Elə bil hər şey öz əhəmiyyətini itirmişdi, hər yer qaranlığa bürünmüşdü, sanki havaya vahimə çökmüşdü.

Noyabrın axırlarında qaş qaralanda atamın uşaqlıq dostu, iri gövdəli, pəhləvan cüssəli Vano dayı özünü bizim evə salıb dili dolaşa-dolaşa dedi:

"Səhər tezdən onu məhkəməyə gətirəcəklər. Əgər ailəliklə getsəniz, yaxşı olar. Hamınızı görər və əmin olar ki, hamınız sağ-salamatsınız."

Nənəm ağladı. Böyük bacım da ona qoşuldu. Anam ağlamırdı. O, əlini gicgahına qoyub otaqda var-gəl edir, masanın üstünə nəsə yığırdı.

Vano dayı çox narahat oturmuşdu, Hətta bir stəkan araq da içmədi. Ayağa qalxıb dilləndi: "Saat beşdə sizi Qaranlıq körpünün yanında gözləyəcəyəm”.

"Saat beşdəmi? - deyə soruşdular. "Hə" dedi. - "Onlar yaman tez gətirirlər”.

Biz tez yatmağa qərar verdik, lakin bacara bilmədik. Balaca qardaşım öskürür, zarıyırdı. Güc-bəla ilə yatızdıra bildik. Özümüz isə yata bilmədik.

Saat dörddə hamımız ayaq üstə idik.

Nənəm və balaca qardaşım gedə bilməzdilər. Qardaşım yenə də öskürür, zarıyırdılar.

Üçümüz yola düşdük: anam, mən, bacım.

Vano dayı doğrudan da Qaranlıq körpünün yanında bizi gözləyirdi. Bizə yaxınlaşmadan qarşımıza düşüb getdi. Ehtiyatla o yan-bu yana boylanırdı. Döngələrdə dayanır, sonra yenə irəli gedirdi.

Qaranlıqda sonu görünməyən yolda piyada getməkdən əldən-ayaqdan düşmüşdüm. Soyuq taqətimi kəsmişdi.

Anam gah bu əlimi, gah da o biri əlimi əllərinin içinə alıb keyimiş barmaqlarımı ovuşdururdu. Nəhayət, qaranlıq bir dalana çatanda "Gəlib yetişdik!” nidaları qulaqlarımızda əks-səda verdi.

Həmin küçənin adı Atarbekov idi. Qarşımızda qırmızı kərpicdən hörülmüş böyük bir bina ucalırdı.

Vano dayı "Bir yerdə çox dayanmayın” - dedi. O tərəf, bu tərəfə gəzişir, yerimizdə dayanır, gözümüzü böyük binaya dikirdik.

Vano dayı bizdən biraz aralıda ağacların arxasında gizlənmişdi. Biz var-gəl edə-edə gözləyirdik.

Handan-hana adamlar görünməyə başladı. Əzəmətli binada işıqlar yandı. Kişilər, qadınlar binanın qapısından içəri daxil olurdular. Milislər də qapının qarşısında gəzişirdilər.

Sonra səslər eşidildi: "Gətirdilər, gətirdilər!” Alaqaranlıqda qara rəngli dördkünc maşın göründü. Yəqin söhbət həmin maşından gedirdi. Avtomobil ağır-ağır tərpənirdi.

Nəhayət, binanın qarşısına çatıb dayandı. Əlini tapançanın qoburu üstünə qoymuş hərbi komandir kabinədən atılıb düşdü, maşının arxasına keçib şax dayandı.

O böyük binadan uzun lüləli tüfəngləri, uzunboğaz çəkmələri olan əsgərlər tökülüşüb gəldilər.

Maşının arxa qapısı açıldı. Oradan da tüfəngli əsgərlər yerə atılıb dairə şəklində sıra ilə düzüldülər.

Sifətləri qap-qara qaralmış, üz-gözlərindən yorğunluq yağan məhbuslar bir-bir maşından enməyə başladılar. Onlar elə oradaca yerə otururdular.

Naqanlı adam rusca nəsə bağırdı. Mən gözlərində atamı axtarırdım. Bu vaxt biz Vano dayının səsini eşitdik: ”İrəli gedin, yaxın durun”. Biz irəli keçib dayandıq.

Üstümüzə çığırdılar. Geri çəkilməli olduq. Məhbusları ayağa qaldırdılar. Hər məhbusun yanında bir əsgər dayanmışdı. Dəstə hərəkətə gəldi. Yavaş-yavaş qapıya doğru irəliləyirdilər.

Vano dayı mənim qulağıma pıçıldadı: "Sən qaç içəri gir. Qapıda soruşsalar, deyərsən ki, Tartaraşvilinin nəvəsiyəm. İçəri keçən kimi böyük pilləkənlə yuxarı qalxıb gözlə”.

Mən qaçıb irəli soxuldum. Kim olduğumu soruşan olmadı. Gur çil-çırağın altında böyük pilləkənin ətəyində dayandım. Pilləkən iki səmtə ayrılırdı. Haraya getməli? Məəttəl qalmışdım.

Zəhmli kişi səsi eşitdim. Divara sıxıldım. Ətrafa sükut çökmüşdü. Təkcə əsgərlər əzəmətlə addımlayırdılar: bir əsgər, bir məhbus, bir əsgər, bir məhbus.

Mənə lap yaxınlaşdılar. Ayaqlarını güclə sürüyən o bədbəxt məhbusların içində daha mən öz atamı axtarmırdım.

Məhbuslardan biri görünür, verilən işgəncələrdən lap eybəcər hala düşmüş, hər iki ayağından şikəst edilmişdi.

Onun balaca boyu önündə irəliləyən əsgərin kəmər yerinə güclə çatırdı. Həmin o balaca boylu məhbus mən tərəfə baxmağa başladı. Gülümsəyə-gülümsəyə əlini azacıq yuxarı qaldırıb yellədi. Arxaya dönüb yenə mənə baxdı.

Mən sarsılmışdım. Onu tanıdım, özümü son dərəcə pis hiss elədim. O, pilləkəni güclə qalxırdı. Yenidən qanrılıb geri baxdı, gülümsəyib uzaqlaşdı.

Anam da, bacım da ağlayırdı. Böyük ağacın altında dayanmış Vano dayı da gözlərinin yaşını silirdi.

Anam yanıma gəldi.

- O, səni gördümü?

Mən cavab vermədim.

- Bir şey demədi ki, sənə?

Mən yenə də susurdum.

- Səsini çıxartsana!

- Nəə?

- Cavab ver, heç nə demədimi?

- Nəə?

Anam hirsindən boğulurdu.

Mən isə susurdum. Dişimi dişimə sıxaraq özümü ələ almağa çalışırdım.

Bəs sonra, bəs sonra? Sonra onu deyə bildim ki, üzümə gülümsədi. İki-üç dəfə üzümə güldü. Şonra yenə geri çevrilib gülümsədi. Lakin mən o gülüşü gülüş hesab etmədim.

O; nə isə, nə isə ayrı gülüş idi... Sanki o mənə deyirdi: "Bax, gör nə hala düşmüşəm. Görürsənmi? Görürsənmi? Yarı canım qalıb, qısılıb üçdə-bir hissəmə çevrilmişəm”. Yuxarı qalxdı, orada yoxa çıxdı. Elə bil uçub səmaya qalxdı.

Siz də yaxşı bilirsiniz ki, bu cür işlər barədə övladlar heç zaman heç yerdə valideynlərlə söhbət etməzlər.

Gürcü dilindən tərcümə: Emin Mahmudov

Oxu Zalı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM