ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb

2026-cı ilin yanvar-oktyabrda Azərbaycanda 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə qeyri-neft-qaz sektorunda əlavə dəyər 2,9% artdığı halda, neft-qaz sektorunda 0,9% azalıb.
ÜDM istehsalının 35%-i sənayenin, 10,6%-i ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,7%-i nəqliyyat və anbar təsərrüfatının, 6,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 5,5%-i tikintinin payına düşüb.
Turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜDM-də payı 2,7%, informasiya və rabitənin payı 2% təşkil edib. Digər sahələrin payı 20,5%, məhsula və idxala xalis vergilərin payı isə 9,8% olub.
Yanvar-oktyabr aylarında ən yüksək artım nəqliyyat və anbar təsərrüfatında qeydə alınıb. Bu sahədə əlavə dəyər 10,2%, informasiya və rabitədə 9,9%, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 4,6%, ticarət və nəqliyyat vasitələrinin təmirində 3,8% artıb.
Digər xidmət sahələrində və kənd təsərrüfatında artım 1,4%, sənayedə isə 0,4% təşkil edib.
Tikinti sektorunda əlavə dəyər 6,8% azalıb.

























