Leyla və Alyona Əliyevalar Sıfır Tullantı Muzeyinin açılışında

Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində noyabrın 12-də Sıfır Tullantı Muzeyinin açılış mərasimində iştirak ediblər.Bu barədə AZƏRTAC xəbər verir.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva, COP31-də iştirak edən dövlət və hökumət başçılarının xanımları, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslər Məsləhət Şurasının üzvləri iştirak ediblər.
Mərasimdə muzeyin açılışını bildirən lent kəsilib.
Türkiyənin Sıfır Tullantı Fondu tərəfindən COP31 çərçivəsində yaradılan muzey 2017-ci ildə əsası qoyulan Sıfır Tullantı Layihəsinin milli və beynəlxalq səviyyədə inkişafını əks etdirir.
Muzeyin məqsədi gündəlik istifadə olunan əşyaların ömrünün uzadılması, təbii ehtiyatların qorunması və tullantıların azaldılması ilə bağlı ictimai maarifləndirməni gücləndirməkdir.
Muzeydə nümayiş etdirilən təcrübənin beynəlxalq səviyyədə tanıdılması və müxtəlif ölkələrdə sıfır tullantı yanaşmasının təşviqinə töhfə verməsi nəzərdə tutulur.
























