Ekspertdən iqtisadiyyatımızla bağlı proqnoz

13:43 | 10.05.2016
Ekspertdən iqtisadiyyatımızla bağlı proqnoz

Ekspertdən iqtisadiyyatımızla bağlı proqnoz



"Moody`s"in açıqlaması təşviş doğurur. Azərbaycan iqtisadiyyatında yaxın iki il ərzində həm Rusiyadakı proseslərlə, həm də neftin qiyməti ilə əlaqədar problemlər yaşanacaq. Bu problemlər suveren reytinqimizin düşməsinə səbəb olacaq".

Bu sözləri ANN.Az-a açıqlamasında  iqtisadçı-ekspert Natiq Cəfərli "Moody`s" beynəlxalq reytinq agentliyinin hesabatında Azərbaycan üçün neqativ iqtisadi proqnozuna şərh verərkən deyib.

Natiq Cəfərlinin sözlərinə görə, "Moody`s"in hesabatında Azərbaycan və Qazaxıstanın nefdən asılılığı göstərilir: "Amma Rusiyadan iqtisadi ticarətdə asılılığımız Qazaxıstan və digər MDB ölkələrinə nisbətən daha azdır. Çünki bizim iqtisadiyyatımızın böyük hissəsi Qərb ölkələri ilə bağlıdır. Avropa ölkələrinin xarici ticarətində Qərbin payı səksən faizə yaxındır. Çin, Yaponiya, Koreya kimi ölkələri də nəzərə alsaq, xarici ticarətdə üstünlük Avropa ölkələrindədir. Azərbaycanın əsas ixrac etdiyi məhsul neftdir. Qərb bazarlarına çıxışımız da neft vasitəsi ilı baş tutur.

Rusiyadan asılılığımızın yaratığı ən ən böyük problem orda yaşayan azərbaycanlıların ölkəyə göndərdiyi vəsaitlə bağlıdır. "Moody`s" öz hesabatında bunu da nəzərə alıb. Çünki hər il Rusiyada yaşayan azərbaycanlılar ailələrinə 3-4 milyard dollara yaxın vəsait göndərirdilər. Bu da Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərirdi. Ticarət dövriyyəsinin artımında, bazarın canlanmasında mühüm rol oynayırdı. Amma son iki ildə bu vəsait 10 dəfəyə qədər azalıb. Bu da təbii ki, Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir".

Ekspert bildirib ki, "Moody` neftdən aslılıq məsələsini önə çəkir: "Yaxın iki ildə Azərbaycan, Qazaxıstan və Rusiyada iqtisadiyyatın zəif templərlə inkişaf edəcəyini, bəzən hələ resessiya hallarının yaşamasını misal gətirir. Bu da ölkələrin suveren reytinqinə mənfi təsir göstərir. Azərbaycanın son 6 ayda suveren və kredit reytinqi xeyli aşağı enib. Bu isə o deməkdir ki, Azərbaycanın gələcəkdə kredit resurslarına çıxış imkanları məhdudlaşacaq. Ölkələrdə kredit reytinqi nə qədər aşağı olursa, həmin ölkələrin kredit resurslarına çıxış imkanları olmur.

Hətta çıxış imkanı əldə etsələr belə, çox yüksək faizlərlə kredit almağa məcbur olurlar. Bu nöqteyi-nəzərdən "Moody`s"in açıqlaması təşviş doğurur. Azərbaycan iqtisadiyyatında yaxın iki il ərzində həm Rusiyadakı proseslərlə, həm də neftin qiyməti ilə əlaqədar problemlər yaşayacaq. Bu problemlər suveren reytinqimizin düşməsinə səbəb olacaq. Azərbaycan höküməti isə beynəlxalq layihələr - "Şahdəniz 2", TANAP, TAP kimi layihələr üçün kredit resurslarına çıxış əldə etmək istəyir. Kredit resurslarına çıxış isə reytinq aşağı düşdükcə daha da çətinləşir".

Rəşid Mustafazadə
ANN.Az


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb