Elman Nəsirov ADU tələbələri ilə görüşdü

11:30 | 19.04.2016
Elman Nəsirov ADU tələbələri ilə görüşdü

Elman Nəsirov ADU tələbələri ilə görüşdü

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovla görüş keçirildi.
 
Görüşün əsas məqsədi işğal altındakı torpaqlarımızda son zamanlar baş verən erməni təxribatının siyasi aspektdən qiymətləndirilməsi, təhlil edilməsi idi.
 
 
Öncə çıxış edən Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev Elman Nəsirovu ADU-da görməkdən şad olduğunu dilə gətirdi. Elman Nəsirovunhəm müəllimi, həm də yaxın dostu olduğunu diqqətə çatdıran Anar Nağıyev onun siyasi arenada öz sözünü deyən şəxslərdən biri kimi tanındığını dedi və qonağı tələbələrə təqdim etdi. Bugünkü görüşün aktual diskussiyalarla müşayiət olunacağına əminliyini ifadə edən A.Nağıyev son dönəmdə baş verən hadisələrin reallıqları haqqında fikir bildirməsi üçün sözü Elman Nəsirova verdi.
 
 
Daha sonra sözə başlayan Elman Nəsirov Azərbaycanın daxili və xarici siyasətindən, siyasi meydandakı uğurlarından, əldə etdiyi nailiyyətlərdən, bu yolda Ümummilli lider Heydər Əliyevin əvəzolunmaz rolundan bəhs etdi. O, Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin yeritdiyi siyasətin əldə olunan müstəqilliyin, sabitliyin qorunmasına xidmət etdiyini bildirdi. Sonra o, cari ilin aprel ayında baş verən erməni təxribatı, onun siyasi tərəfləri, münaqişənin həlli istiqamətində görülən işlər, ATƏT-in Minsk qrupunun ikili standartlara xidmət etməsi haqqında məlumat verdi.
 
 
Kiçik dövlətlərin siyasəti böyük olur deyərək Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər möhkəm mövqeyə və nüfuza malik olduğunu diqqətə çatdıran millət vəkili, Ermənistanın sosial-iqtisadi, siyasi və ictimai cəhətdən gərgin vəziyyətə düşdüyünü, dinamik inkişaf tempinə malik Azərbaycan qarşısında gücsüz qaldığını sözlərinə əlavə etdi.
 
 
Çıxışının sonunda Elman Nəsirov dəvətə görə təşəkkürünü bildirdi, belə görüşlərin davamlı olacağına əminliyini ifadə etdi, tələbələrə təhsillərində uğurlar arzuladı.
 
 
Görüş sualların cavablandırılması ilə yekunlaşdı.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM