Elman Rüstəmov niyə gedir?

18:10 | 11.04.2022
Elman Rüstəmov niyə gedir?

Elman Rüstəmov niyə gedir?

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunması  məsələsi parlamentin aprelin 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 
 
Bu məsələ  bu gün  parlamentin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin  toplantısında müzakirəyə çıxarılıb və baxılmaq üçün plenar iclasa təqdim edilib. 
 
Həmin iclasda Taleh Kazımovun  Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatı da müzakirə olunub. Deputatlar bu məsələnin də plenar iclasa çıxarılmasına səs veriblər. 
 
Elman Rüstəmov 1995-ci ilin yanvarında Azərbaycan Mərkəzi Bankının sədri təyin edilib. 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə yenidən bu vəzifəyə təyin edilib. 

Kazımov 2015-ci il iyulun 1-dən "PAŞA Bank” ASC-nin (Azərbaycanın ən böyük özəl banklarından biri) Baş İcraçı Direktoru və İdarə Heyətinin sədridir.

Azərbaycan qanunvericiliyinə görə, Milli Məclis yalnız Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini təsdiq edir. AMB-nin sədrini Azərbaycan Prezidenti təyin edir. Mərkəzi Bankın İdarə Heyəti hazırda 4 nəfərdən ibarətdir.
 
Bəs Elman Rüstəmovun vəzifədən getməsi gözlənilən idimi? 
 
Parlamentin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirdi ki, səbəb maliyyə sisteminə daha cavan kadrların çəlb edilməsi siyasətinin ölkə prezidenti tərəfindən həyata keçirilməsidir.
 
"Elman Rüstəmov 1991-ci ildən Mərkəzi Bankda fəaliyyət göstərir. Kifayət qədər təcrübəli idi. Bankın formalaşmasında və ciddi məsələlərdə fikrini bildirən şəxs olub. Nəzərə alsaq sistemdə cavanlaşma prosesi gedir yeni gələn kadrdan gözləntilərimiz var. Təyin olunan Taleh Kazımovu 10 ilə yaxındır tanıyıram. Ona da uğurlar arzu edirəm". 
 
Parlamentin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü , millət vəkili Rüfət Quliyev də Elman Rüstəmovun istefasının labüd olduğunu bildirdi.
 
"Prezident təqdimat edib və bu gün bizim komitədə Elman Rüstəmovun sədr vəzifəsindən getməsi müzakirə olunaraq müsbət rəy verilib. Getməsinin bir çox səbəbləri ola bilər. Ölkədə kadr islahatları davam edir. Cavan kadrlar gəlir". Elman Rüstəmov 31 il Mərkəzi banka rəhbərlik edib. İndi cavan kadrlara şərait yaradılmalıdır".
 
Bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə Elman Rüstəmovun Mərkəzi Bankın İdar Heyətindən çıxarılmasının  işində yol verdiyi nöqsanlarla bağlı olduğunu dedi. 
 
"2020-ci ildə pandemiya oldu. Dünya bazarında neftin qiyməti düşdü və bu səbəbdən Elman Rüstəmovu vəzifədən uzaqlaşdırmadılar. Bu gün neft qiymətləri yüksəlib və bu uzun müddət belə davam edəcək. Elman Rüstəmov vaxtında öz işində xeyli səhvlərə yol verib. Onun çıxarılması üçün uyğun vaxt indidir. Mərkəzi Bankın verdiyi kreditlərin əksəriyyəti korrupsiya xarakterlidir. Bütün bağlanan banklarda Mərkəzi bankın kreditləri aşkarlanıb. Mən də xeyli qanunsuz faktlar tapmışam. İstisna etmirəm ki, bu həmin faktlarla bağlı da ola bilər". 
 
İqtisadçı Natiq Cəfərliyə isə Elman Rüstəmovun işdən getməsi ciddi sürpriz olub. 
 
"Elman Rüstəmovun getməsi ilə bağlı ilkin siqnallar yox idi. Heç iki il tamam olmayıb ki, o parlament tərəfindən yenidən sədr seçilib. Açığı hansısa versiyalar demək çətindir. Manatın sabit qaldığı dönəmdə, Mərkəzi bankla problem olmayan dövrdə belə bir qərar təəccüb yaratdı". 
 
Ekspert Asif İbrahimli  üçün isə bu qərar gözlənilər qərar idi. 
 
"Gecikmiş qərardır. İkinci devalvasiyadan sonra bu qərar verilməli idi.  Əsas idarəetmə sistemlərinin optimallaşmasıdır. İstər bank, istər iqtisadi sahədə yeni yanaşmalar lazımdır. Bank sahəsində Azərbaycan postsovet ölkələrindən belə geri qalıb. Ciddi islahatlar aparılmalıdır".
 
 İqtisadçı Akif Nəsirlinin fikrincə isə bəzi dəyişikliklər olmayacaqsa kiminsə gəlməsinin önəmi yoxdur.
 
"Elman Rüstəmov uzun illərdir bu vəzifədədir. Onun getməsi aktual məsələ idi. Əgər bu sahədə dəyişikliklər olmayacaqsa, manata münasibət dəyişməyəcəksə Rüstəmovun gedib yerinə kiminsə gəlməsinin mənası yoxdur. Yox əgər yeni gələn şəxsin konsepsiyası olacaqsa bəlkə bir az dəyişiklik gözləmək olar". 
 
  
Gülnar Nazimqızı 












www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb