-
Əfqan müəllim, "Əmanətlərin sığortalanması haqqında”
qanun əmanətçilər üçün hansı üstünlükləri yaradır?
Azərbaycanda ”Əmanətlərin sığortalanması
haqqında” Qanun 2006-cı ildə qəbul olunub. Təbii ki, əsas məqsəd maliyyə
sisteminə inamı gücləndirmək, insanların pullarını evdə saxlamayaraq, banklar
vasitəsilə iqtisadiyyata yatırmalarına stimul yaratmaq idi. Həm də insanlar
əmin olsunlar ki, onların bankda olan vəsaitlərinə dövlət təminat verir. 2016-cı ilin 2 mart tarixində qüvvəyə minən
"Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3-cü maddəsinə əsasən isə 5
aprel 2021-ci il tarixədək banklardakı milli və xarici valyutada müəyyən
edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən
asılı olmayaraq sığortalanırdı. Bu, təbii ki müvəqqəti bir qanun idi. 5 aprel
tarixindən etibarən isə sözügedən qanun qüvvədən düşmüş sayılır və əmanətlərin
sığortalanması "Əmanətlərin
sığortalanması haqqında" Qanunla tənzimlənir. "Əmanətlərin
sığortalanması haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən 5 aprel 2021-ci
il tarixindən sonra sığortalanan əmanətlərin həcmi 100 min manat həcmində
olacaq. Qanuna edilən çox vacib və əhəmiyyətli dəyişikliklərdən ikincisi, sahibkarların
əmanətlərinin sığortalanması ilə bağlıdır. Azərbaycanda ilk dəfə olaraq
sahibkarların da əmanətinin sığortalanması baş verdi. Bu dəyişiklik fərdi
sahibkarların banklarda olan vəsaitlərinin
20 min manata qədər hissəsinin sığortalanmasını nəzərdə tutur. Üçüncü
ciddi dəyişiklik fiziki şəxslərin notariusların depozit hesabında olan vəsaitlərinin
sığortalanması ilə bağlıdır. Əmlakın alqı- satqısını aparanda mütləq şəkildə
notariusun depozit hesabına pul yerləşdiririk. Notariusların depozit hesabı
banklarda olmalıdır. Bank ləğv olunduğu halda, vəsait qoruma altında olmadığından
(notariusun depozit hesabı qorumaya düşmürdü) vətəndaşların pullarının qaytarılmasında
problemlər yaranırdı. Bu problemi aradan qaldırmaq üçün Qanuna edilən
dəyişiklik artıq notariusların hesabında olan fiziki şəxslərin vəsaitinin də
sığortalanmasını təmin etdi.
-
Dəyişikliklərə əsasən, qorunan əmanətin yuxarı həcminin məhz 100.000
manat müəyyənləşdirilməsi nə ilə bağlıdır?
Statistika göstərir ki, banklarda bu gün
olan əmanətçilərin sayının demək olar ki, 99%-dən çoxu 100.000 manatadək
əmanəti olan şəxslərdir. Əslində bu limiti müəyyən etməklə, dövlət əmanətçilərin
böyük əksəriyyətini yenə də sığortaladı. 100 min manatdan çox əmanəti olanlara
gəlincə, banka əmanət yerləşdirən zaman onların bankların, şəraitin
qiymətləndirilməsini həyata keçirmək üçün daha böyük imkanları var. Digər
tərəfdən yüksək məbləğdə depozit qoymaq istəyən şəxslər Azərbaycan reallığında
bir çox hallarda tanıdığı, etibar etdiyi şəxsin bankda olmasına da önəm verir.
Bu kimi amillər o insanlar üçün riskini də tənzimləməyə imkan verir.
Bildiyiniz kimi 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%, xarici valyutada isə 2,5% müəyyən edilib. Yəni əmanət sığortalıdırsa, burda heç bir vətəndaş itirə bilməz. Baş vermiş sığorta hadisələrinin dəyərləndirilməsi göstərdi ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən bu idarəetmə çox yaxşı şəkildə həyata keçirilir. Çox qısa bir müddətdə və problemsiz olaraq, vətəndaşlara ödənişlər olur. Digər tərəfdən vətəndaş özü də araşdırma apararaq daha uğurlu seçim edə bilər. Hazırda banklar rüblük, illik maliyyə hesabatlarını, auditor rəylərini açıqlayırlar. Bu məlumatlar bankların mövcud maliyyə vəziyyəti ilə bağlı daha ətraflı tanış olmaq imkanı yaradır. Vətəndaşlar bankın vəziyyətinin qiymətləndirilməsi zamanı ekspertlərin köməyindən də istifadə edə bilər.
-
Bu gün də öz vəsaitini evində saxlayıb banka əmanət
qoyuluşu etməyən vətəndaşlarımız da var. İnsanlar əmanət hesablarının
açılmasında niyə maraqlı olmalıdrlar?
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !