Firəngiz Əlizadə: "Yazmışdı ki, qalib gəldik!"

18:20 | 11.02.2015
Firəngiz Əlizadə:

Firəngiz Əlizadə: "Yazmışdı ki, qalib gəldik!"

"Mən bu xoş xəbəri səhər tezdən aldım. Bilirsiz ki, vaxt fərqi çoxdur Los-Anceleslə. Xoş bir sürpriz oldu mənim üçün. Xəbəri alanda Türkiyədən müəllif konsertimdən qayıdırdım. Sonra evdə gəlib interneti açdıqda Hillari xanımın çox gözəl emailini gördüm. Yazmışdı ki, qalib gəldik və çox gözəl işarələr göndərmişdi".

Bu sözlər əsərləri "Grammy"yə layiq görülən azərbaycanlı bəstəkar Firəngiz Əlizadəyə məxsusdur. 

Bəstəkarlar İttifaqının sədri ANS PRESS-ə açıqlamasında, əsərlərinin daxil olduğu albomun dünyada ən nüfuzlu müsiqi mükafatı almasının böyük hadisə hesab etsə də, bir nüansa aydınlıq gətirmək istədi: 

"Mən açıqlama gətirmək istəyirəm ki, mükafatı mən almamışam. Mənim əsərim Hillari xanımın skripkada ifasında "Grammy"yə layiq görülüb. Onun albomunda 3-4 bəstəkarın əsəri var, amma mənim əsərim orada çoxluq təşkil etdiyinə görə mükafatda mənim payımın daha çox olduğunu düşünürəm. Hər halda Hillari xanım bunu dəyərləndiyi üçün alboma mənim əsərimin adını verib. Kampakt diskin adı "İmpuls”dur. Bu çox fərəhli bir haldır. Məncə, Azərbaycanda hələ heç bir bəstəkarın əsəri belə bir mükafat almayıb. Bu mənim üçün çox xoşdur və mən inanıram ki, daha da çox qələbələrimiz olacaq”. 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin əsərlərinin də daxil olduğu Hillari Han (Hillary Han) adlı amerikalı skripkaçı "Deutsche Grammofon" albomu "Grammy" mükafatına layiq görülüb. Azərbaycanlı bəstəkarın əsərlərinin çoxluq təşkil etdiyi albom "İlin ən yaxşı kamera musiqisi" nominasiyasının qalibi seçilib.

Musiqi dünyasının ən nüfuzlu mükafatı olan "Grammy” laureatlarının 57-ci təqdimat mərasimi fevralın 8-də ABŞ-ın Los-Anceles şəhərində Staples Center idman kompleksində keçirilb.

Azərbaycan musiqisi tarixində ilk dəfədir ki, bəstəkar belə bir nüfuzlu mükafatın qalibi olur.

ANN.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM