Həkim-travmotoloq: “Mən rəssamlıq adlı xəstəliyə yoluxmuşam” - MÜSAHİBƏ

18:38 | 26.10.2015
Həkim-travmotoloq: “Mən rəssamlıq adlı xəstəliyə yoluxmuşam” - MÜSAHİBƏ

Həkim-travmotoloq: “Mən rəssamlıq adlı xəstəliyə yoluxmuşam” - MÜSAHİBƏ

Rüstəm Qasımov

Azərbaycanın istedadlı rəssamı Rəhim Həşimovla müsahibə


- Rəhim oxucularımıza özünüz haqda məlumat verərdiz...

- Mən Sumqayıt şəhərində doğulmuşam. Uşaqlıqdan rəsm çəkirəm. Valideynlər rəsmə həvəsimin olduğunu görüb, ikinci məktəb kimi incəsənət məktəbinə göndərdilər. Ancaq rəsmə həvəsim olsa da, tale elə gətirdi ki, mən peşə kimi tamam fərqli seçim etdim. Rəssam olmağı arzulayırdım, amma həkim oldum (gülür). Dərslər uzun davam edirdi. Əvvəlcə tibb universitetində, sonra isə Ukraynada (klinik ordiunatura) təhsil aldım. Beləliklə, mən həkim-travmotoloq oldum. Təhsili başa vurduqdan sonra, Sumqayıtda xəstəxanada travmatologiya şöbəsində işə başladım, 10 ildən çoxdur burda işləyirəm.  
 


- Yaradıcılığa necə qayıtdınız? 

- Bizim Sumqayıt Tretyakovu adlandırdığımız dostumuz İqbal Həsənəlizadə Sumqayıtda ilk dəfə divarlarından rəsmlər asılan çayxanaya açmışdı. İqbal zövqü olan insandır, ona görə də həmişə digərlərindən fərqlənib. 2000-ci illərin əvvəlində Sumqayıtda rəsm əsərləri olan çayxana, restoran, kafe tapmaq müşkül məsələydi. Biz isə İqbalın çayxanasında oturub söhbətlər edir, ideyalarımızı paylaşırdıq. Söhbətlərimizdən biri zamanı mən rəssamlığa həvəsimdən, uşaq vaxtı incəsənət məktəbinə getməyimdən danışdım. Bu zaman İqbal mənə dedi ki, nəyə görə yenidən buna başlamırsan? 
 


- Siz ona nə cavab verdiniz? 

- Əvvəlcə mən fikrə getdim və təsəvvürümdə yaradıcılığa qayıtmaq kimi uzun prosesi canlandırdım. Mən uzun illər əlimə fırça almamışdım. İqbal inadkarlıq elədi, mən də müqavimət göstərməmək qərarına gəldim (gülür). Balaca kətan götürüb işə girişdim. İlk rəsm mənə əsl şedevr kimi göründü. Bir müddətdən sonra isə başa düşdüm ki, şəkildə çatışmazlıqların sayı çoxdur, ancaq mənimçün həmin an vacib olan başlamaq idi, 10-15 ildən yenə əvvəlki azartıma qayıtmaq. Dostlarıma da təşəkkür edirəm ki, məni ruhdan salmadılar, məni kəskin tənqid etmədilər. Vacib olan insanı lazımi anda dəstəkləmək və ilham verməkdir. 
 


- Bundan sonra həyatınızda daha bir tarixi tanışlıq verdi...

- Bəli, bir müddət sonra mən istedadlı rəssam İntiqam Əliyevlə tanış oldum, biz möhkəm dostlaşdıq. Mən İntiqamın timsalında fikirlərimi, ideyalarımı, dəyərlərimi bölüşəcək bir dost tapmışdım, bu tanışlıq mənim həyatıma çox ciddi təsir etdi. İlk vaxtlar mən saatlarla oturub İntiqamın üslubunu, maneralarını müşahidə edirdim. Vaxt vardı mən onun kimi çəkmək istəyirdim. Ola bilsin, üslubumuzdakı oxşarlıq buna görədir. 
 


- Oxşarlıq olsa da, sizin şəkilləriniz fərqlənir, özü də kifayət qədər...

- Razıyam. Mən İntiqamı müəlimim hesab edirəm, o mənim yaaradıcılığıma ciddi təsir göstərib. Yaradıcılığa yenidən başlayandan sonra, mən gün keçdikcə işə daha çox bağlanırdım.  Özümə də rəssam kimi formalaşma prosesim çox maraqlı gəlirdi. Əlbəttə, ilk vaxtlar çox çətin, amma necə deyərlər: "Moskva birdən yaranmayıb”. Ona görə də istənilən nəticəni almaq üçün yaxşıca tərləmək lazım gəlirdi. Və vaxt keçdikcə, işlərimin təkmilləşməyə doğru getdiyini fərq etdim. 
 


- Rəhim, şəkillərinizi harda çəkirdiniz? 

- Əvvəlcə evdə işləyirdim. Ancaq sonradan rəssam dostlarla birlikdə balaca bir emalatxananı icarəyə götürdük, bura mənim iş məkanıma çevrildi. Vaxtım yaranan kimi dərhal şəkil çəkəməyə girişirdim, kətan məni özünə tərəf dartırdı. Mənim yaşamağımın və işləməyimin bir mənası vardı artıq – işimin hansısa sərgidə, heç olmasa topluda göstərilməsi. Bir çox rəssamların yaşadığı hissləri mən də həyatımda heç olmasa bir dəfə yaşamaq istəyirdim. Mən rəssam kimi şöhrətlənməkdən daha çox sərgilənmək istəyirdim. 

- Siz arzunuzu reallaşdıra bildinizmi? 

- Bəli. Ümumilikdə mən 10-da çox kollektiv sərgidə iştirak etdim, mən hətta peşəkar rəssamlarla bir cərgədə iş nümayiş etməyə belə müvəffəq oldum, bu mənimçün böyük şərəf idi. Bir sözlə, mən "rəssamlıq” adlı xəstəliyə yoluxdum. 
 


- Rəhim, ilk sərginizi yəqin xatırlayırsınız...

- İlk dəfə Sumqayıtın 60 illiyinə həsr olunan sərgidə iştirak etdim, burda ilk dəfə ziyarətçiləri yaradıcılığımla tanış etdim. Sonra Mədəniyyət və turizm nazirliyinin Bakıda Muzey mərkəzində keçirdiyi sərgidə iştirak etdim.
 


- Ancaq hələ ki, fərdi sərginiz keçirilməyib. 

- Hələ yox. Ancaq indi mən bunun üzərində işləyirəm. Ümid edirəm bu il fərdi sərgi keçirməyə müvəffəq olacam. Yaradıcılığa böyük vaxt, enerji və sevgi həsr etməlisən. Ancaq çox təəssüf ki, mən çox boş vaxtım olmur. Xəstəxanada işləmək, növbələrdə dayanmaq bütün vaxtımı alır. Evdə olanda yorğunluqdan ayaq üstə dura bilmirəm, yaradıcılığa isə bütün konsentrasiyanı qoymalısan. Buna görə də yaradıcılığa bütün potensialımı qoya bilmirəm. Ona görə də vaxt oğurluğuynan məşğul oluram (gülür). Mən yaradıcılığa həvəsim yaranan kimi rəsm çəkirəm. Ən azı qara işi görürəm, kətanı doldururam, konturları cızıram və s. Sonrakı mərhələni isə mən ayıq başla görmək istəyirəm. 

- Sizin janrınızı necə adlandırmaq olar? 

- Mən portret çəkirəm. Amadeo Modilyani, Pablo Pikasso, Qustav Klimt, Remrandt, Anri Matis və digər rəssamların yaradıcılığı mənə ciddi təsir göstərib. Hər bir rəssam nəsə gözəl bir şey ortaya qoymağa çalışır. Kimisi peyzaj çəkir, kimisi natürmot, mənsə qadın rəsmləri çəkirəm. Axı qadın möhtəşəm yaradılış nümunəsidir, təkcə zahirən deyil, həm də daxilən. 

- Şəkillərinizdəki qadınlar gözəl və özlərinə məxsusdur...

- Gözəlliyi hər kəs bir cür başa düşür, qəbul edir. Rəssamlar qadın gözəlliyini eyni cür ifadə etmirlər. Hər bir rəssamın öz yanaşması var. Son vaxtlar işlərimdə musiqini cablandırmağa çalışıram. Məsələn, son rəsmlərimin demək olar hamısında qadınlar musiqi alətləriylə təsvir olunublar. Klassik musiqini çox sevirəm, ona saatlarla oturub qulaq asıram, onun müşayiətiylə rəsm çəkirəm. bundan başqa, musiqi mənə xəyal qurmağa kömək edir. 

- Bəs qadınlardan başqa, yaradıcılığınızda hansı mövzulara yer verirsiz? 

- Dəniz peyzajı, Abşeronun qızıl qumluqları, natürmot mövzuları çox xoşuma gəlir. 
 


- Sizin qadın portretlərinizə baxanda, məndə belə bir sual yaranır – bunlar şərq, yoxsa qərb gözəlləridir? 

- Mənim qəhrəmanlarım real insanlardır. Onları qərbə, yoxsa şərqə mənsub olduğunu ayırd etmək çətin məsələdir (gülür). Rəsmlərimdə qadını necə görürəmsə, elə təsvir etməyə çalışıram. Bir sözlə, mən ideal, obraz, siluet axtarıram. Real həyatda qadın-naturaçı idealın əksi ola bilər, ancaq şəkildə onu ideallaşdırmaq mümkündür. 

- Şəkillərinizdə parlaq rənglər üstünlük təşkil edir...

- Bəli. Şəkillər ekspressiv olsun deyə, mən parlaq rənglərə üstünlük verirəm. Mən sadə tonları sevmirəm, yoxsa şəkil mənə ruhsuz görünə bilər. Mən parlaqlıq, ifadəlilik, emosionallıq istəyirəm, istəyirəm ona baxan insana elə gəslin ki, sanki şəkil yanır. 

- Şəkillərinizdə müsbət enerji çoxdur. Siz hər zaman xoş şeylər çəkirsiz? 

- Mənə tez-tez bu barədə sual verirlər, hətta qınayırlar. İş burasındadır ki, müasir dünyamızda o qədər neqativ enerji var ki, müharibələr, münaqişələr – mən belə şeyləri ifadə eləmək istəmirəm. Xəstəxanada işləyərkən də mən hər gün kədər və ağrı görürəm. Açıq desəm, bunu çəkmək istəmirəm. Maraqlananlara belə cavab verirəm: "Əgər siz mənim yerimdə olsaydınız və hər gün mənim gördüklərimi görsəydiniz, siz ümumiyyətlə çəkmək istəməzdiniz”. 

- Ancaq rəsmlərinizin birində peşənizi əks etdirən bir rəsm var... 

- Bu şəkli mən Muzey mərkəzində baş tutan "Kofenin rəngi” sərgisində nümayiş etdirmişdim. Bu, çox təsadüfən baş verdi. Bu şəkildə mən səhər növbələrinin birindəki anı - kofe fincanıyla steteskopu təsvir etmişdim. Bu işə baxan ziyarətçilər onun kimə məxsus olduğunu başa düşmüşdülər (gülür). 

- Belə çıxır ki, sizin yaradıcılığını hobbi, sadə məşğuliyyət çərçivəsindən çıxıb? 

- Bəli. Mənim məşğuliyyətim artıq ciddi iş halını alıb. Mən böyük kollektiv sərgilərdə iştirak edirəm və fərdi sərgiyə hazırlaşıram. Bu o deməkdir ki, bu sənətə ciddi yanaşıram. Ona görə də dilim imkan verməz ki, işimi hobbi, yaxud adi məşğuliyyət adlandırım. Mən çoxdan bu mərhələni keçmişəm. 

- Rəhim, yaradıclığınızda insanlara çatdırmaq istədiyiniz əsas mesaj nədir? Şəkillərinizin arxasındakı məna nədir? 

- Mən insan şəkilləri çəkirəm, insanlara isə onu çatdırmaq istəyirəm ki, həyatda vacib olan nə qızıl, nə briliant, nə mənzil, nə də avtomobildir, ən vacib məfhum insandır. İnsan həyatı ən müqəddəs şeydir, onu təkcə yaradan bu həyatdan məhrum edə bilər. O qiymətsizdir! Hər şey insanda gizlənib. İnsan orqanizmi elə mürəkkəbdir ki, biz onu heç vaxt tam öyrənə bilmərik. İnsanda elə şeylər var, hər zaman sirr kimi qalacaq. Mən tamaşaçılara xoş hisslər bəxş etmək istəyirəm, istəyirəm onlar mənim işlərimə baxanda təkcə müsbət enerji alsınlar. Bu mənimçün çox vacibdir. Mən buna can atıram, istəyirəm sərgiyə gələn ziyarətçilər mənim işlərimi digər işlərdən ayırd edə bilsinlər. 

- Sonda, Rəhim Həşimov nə arzu edir? 

- Arzusu olmayan insan yoxdur. Əlbəttə, yaradıcı planda arzum odur ki, işlərim dünyaca məşhur qalereyarda sərgi salonlarında göstərilsin. Həkim kimi fəaliyyətimə gəldikdə isə, istərdim karyerada yüksəlim, daha çox öyrənim. 

- Rəhim, maraqlı söhbətə görə təşəkkür edirik. Sizə arzularınızı çin olmasını arzu edirik. 

- Təşəkkür!


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb