Hərracın dünənki nəticəsi 3-cü devalvasiyanın xəbərçisidir? - AÇIQLAMALAR

15:52 | 25.02.2016
Hərracın dünənki nəticəsi 3-cü devalvasiyanın xəbərçisidir? - AÇIQLAMALAR

Hərracın dünənki nəticəsi 3-cü devalvasiyanın xəbərçisidir? - AÇIQLAMALAR

"Üçüncü devalvasiya nə mart ayında,  nə də yaxınlar da baş verəcək” - Vahid Əhmədov

"Elə inzibati yolla manatın məzənəsi yavaş - yavaş zəiflədiləcək” – Natiq Cəfərli

Dünən Mərkəzi Bank valyuta hərracı keçirib. Mərkəzi Bank satışa 30 milyon dollar vəsait çıxarıb. Hərracda iştirak edən 14 bank tərəfindən məcmu tələb 66,760 milyon dolları təşkil etdiyindən sifarişlər 44,9 faiz təmin olunub.
 
Mərkəzi Bankın bankları dollarla təmin edə bilməməsi üçüncü devalvasiyanın olacağına işarədirmi?

Milli Məclisin deputatı Vahid Əhmədov və iqtisadçı ekspert Natiq Cəfərli bu sualı ANN.Az oxucuları üçün cavablandırıblar.


Vahid Əhmədov: "Yaxın aylarda devalvasiyanın olacağı gözlənilmir”

Deputatın fikrincə, xarici valyuta məsələlərinə banklar həssaslıqla yanaşırlar: "Odur ki, "Mərkəzi Bank  bankları dollarla təmin edə bilmədi” demək düzgün deyil. Bu məsələ ilə bağlı Mərkəzi Bankda hər hansı problem olmamalıdır. Yəqin ki, Mərkəzi Bank lazım olan qədər banklara dollar satıb. Ola bilər, banklar özləri dolları götürməyiblər”. 

Deputatın sözlərinə görə, hazırda dollarla bağlı müəyyən problemlər var:  "Buna görə də əmanətlərin sığortalanması haqqında qanun qəbul etmişik. Bu qanun hələ imzalanmayıb, amma imzalananda bəzi məsələlər öz həllini tapacaq. Çünki bankların özlərinin də dövriyyə məsələləri və digər işlərlə bağlı problemləri var”. 

Vahid Əhmədov devalvasiyanın yaxın aylarda olacağını düşümədiyini vurğulayıb: "Üçüncü devalvasiya nə mart ayında, nə də yaxınlarda baş verəcək. Hələlik belə bir ehtimal yoxdur. Düşünmürəm ki, devalvasiya olacağı təqdirdə bu kəskin formada olsun”. 
 
 

Natiq Cəfərli: "Mart ayında iqtisadi proseslərin baş verəcəyi qaçılmazdır”

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Mərkəzi Bankın bankları dollarla təmin edə bilməməsi  bir başa olmasa da, dolayı yolla üçüncü devalvasiya olacağına bir işarədir: "Baxmayaraq ki, Mərkəzi Bank əlində olan bütün vəsaitlərdən istifadə edirdi ki, dollara olan tələbatı azaltsın. Amma buna tam qane olmadı. Əhalinin dollara olan təlabatını ödəyə bilmədi.   Belə deməyə əsas var ki, iki gün öncə Dövlət Neft Fondu da 177 milyon dollar satışa vəsait çıxarmışdı. Bu vəsait 11 bank tərəfindən alınmışdı. İndisə dollara olan tələbin bu dərəcədə yüksəlməsi ona işarədir ki, artıq Mərkəzi Bankın apardığı proses bir yerə qədər öz effektini göstərir. Artıq bu effekt öz dəyərini itirmək üzrədir. Mərkəzi Bank bir müddətdən sonra məcbur olacaq ki, sərbəst manat siyasəti yeritsinlər və manatın dövriyyəsini artırsın. Dövriyyə artandan sonra da dollara olan tələbat çoxalacaq. Bir müddət sonra dollara olan tələbatın artımı  manatın məzənnəsinə mənfi təsirini göstərəcək”. 

Natiq Cəfərli büdcəyə dəyişiklik edildikdən sonra, mart ayının əvvəlindən büdcə xərcləmələrinin də artacağını bildirib: "Büdcə xərclərinin artması, büdcəyə yenidən baxılması manatın dövriyyəsini də sürətləndirəcək. Mart ayında iqtisadi proseslərin baş verəcəyi isə qaçılmazdır. Amma bu kəskin devalvasiya olacağı anlamına da gəlmir. Yəni bundan öncə baş verən 34 faizlik, 48 fazilik devalvasiyalar kimi olmayacaq. Çünki iki devalvasiyanın olması Azərbaycan iqtisadiyyatına ağır zərbə vurdu. Düşünmürəm ki, üçüncü devalvasiya belə kəskin formada olsun. Gözlənilən devalvasiya daha yumşaq formada baş verəcək”. 

Ekspert əlavə edib ki, manatın hazırkı məzənnəsi inzibati yolla müəyyənləşdirilir: "Bu proseslərin adını "Üzən məzənnə” qoyublar, amma əslində Azərbaycanda belə bir şey yoxdur. Məzənnə inzibati yolla müəyyən edilir. Hesab edirəm ki, əvvəlki baş vermiş proseslərdən dərs çıxararaq elə inzibati yolla manatın məzənəsi yavaş- yavaş zəiflədiləcək. Kəskin addımların atılacağı ehtimalı isə çox aşağıdır. Çünki bu iki devalvasiyanın fəsadlarını iqtisadiyyatımız hələ də həzm edə bilməyib. Üçüncü kəskin devalvasiya Azərbaycan iqtisadiyyatını sadəcə məhv edər, çökdürər”.   

Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM