Hökumət enerji daşıyıcılarının qiymətini aşağı sala bilərmi?” - AÇIQLAMA

14:55 | 03.09.2015
Hökumət enerji daşıyıcılarının qiymətini aşağı sala bilərmi?” - AÇIQLAMA

Hökumət enerji daşıyıcılarının qiymətini aşağı sala bilərmi?” - AÇIQLAMA

Son günlər ölkə mediasının əsas gündəmini dünya bazarında neftin qiymətinin aşağı düşməməsi təşkil edir. Birjaların saatbasaat izlənilməsi, gün ərzində ən azı iki dəfə neftin qiyməti haqqında informasiya verilməsi adi hala çevrilib. Azərbaycan neftinin qiymətinin düşməsi fonunda ölkədə yanacağın, əsasən də benzinin qiymətində dəyişiklik olacağı gözlənilir. Bu gözləntini gücləndirən əsas faktor ondan ibarətdir ki, 2 dekabr 2013-cü ildə Azərbaycanda benzinin qiymətini qaldıran Tarif Şurasının ən başlıca arqumenti dünya bazarında neftin bahalaşması idi. O zaman bu səbəb əsas götürülərək qiymət 30 faizədək qaldırılmışdı. Həmin qərarla Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik olmuşdu. Hazırda dünyada əks proses getdiyindən əhali Azərbaycanda da benzinin qiymətinin aşağı salınmasını gözləyir.

"Azərbaycanda benzinin qiymətini dövlət tənzimləyir. Yəni bu, bazar qiyməti deyil”. İqtisadçı ekspert Azər Mehtiyev ANN.Az-a açıqlamasında çoxlarını maraqlandıran benzinin qiyməti mövzusuna toxunub: "Dünya bazarında neftin qiymətinin dəyişməsi Azərbaycandakı neft məhsullarının qiymətinin dəyişməsinə təsir etmir. Çünki Azərbaycanda neft və neft məhsullarının qiymətini Tarif Şurası müəyyən edir. Bu praktika 2007-ci ildən başlayıb. Belə ki, o vaxtacan Azərbaycanın enerji sektorunda geniş dolayı subsidiyalaşma mövcud idi. Enerji istifadəçiləri (ayrı-ayrı qurumlar və vətəndaşlar) istifadə etdikləri enerji daşıyıcılarının haqqını vaxtlı-vaxtında ödəmədiyindən Dövlət Neft Şirkətinin böyük borcları yaranırdı və bunların ödənilməsi üçün dövlət büdcəsindən vəsait ayrılırdı. Beynəlxalq qurumlar da tələb edirdilər ki, Azərbaycan enerji daşıyıcılarının qiymətini dünya bazarına uyğunlaşdırsın. Bu səbəbdən də 2007-ci ilin yanvarın 7-də Tarif Şurası yeni qiymətlər müəyyən etdi və bu qiymətlər dünya bazarı qiymətləri ilə uyğunlaşdırıldı. Eyni zamanda enerji daşıyıcılarının ixracı zamanı daxili topdansatış qiyməti ilə ixrac (müqavilə) qiymətləri arasındakı gəlir fərqinin bir hissəsini (30 faizini) Şirkət dövlət büdcəsinə ödəməlidir (ixracat vergisi)”.   

Ekspert əlavə edib ki, uzun müddət dünya bazarında neftin qiymətinin yüksək olmasına rəğmən ölkə daxilində benzinin qiyməti ucuz oldu: "2008-ci ilin ortalarınadək dünya bazarında neftin qiyməti yüksəldi, 2008-ci ilin ortalarından 2009-cu ilin ortalarınadək bir qədər aşağı enmə müşahidə edilsə də, 2010-2014-cü illərdə qiymət yüksək olaraq qaldı. 2013-cü ilin sonunadək Tarif Şurası neft məhsullarının qiymətində dəyişiklik etmədi, yəni ölkə daxilində neft məhsullarının qiyməti dünya bazarı ilə müqayisədə ucuz idi. Hökumət bunu yerli istehsalın və iqtisadiyyatın inkişafının dəstəklənməsi məqsədi ilə edildiyini bildirdi. Amma 2013-cü ilin dekabr ayında Tarif Şurası benzinin tariflərinə yenidən baxdı və neft məhsullarının qiymətlərinə daxil olan aksiz dərəcələrini artırmaqla onların qiymətləri bir qədər qaldırıldı. Hökumət bu addımı dünya neft bazarında olan yüksək qiymətlərlə əlaqələndirdi. Həmin tariflər hazırda da qüvvədədir”.

Ekspert qeyd edib ki, hökumət ölkə daxilində yerli istehsalın inkişafında və yerli məhsulların rəqabət qabiliyyətliliyinin artırılmasında maraqlıdırsa, enerji daşıyıcılarının qiymətinin aşağı salınmasını təmin etməlidir: "Çünki enerji daşıyıcıları məhsulun maya dəyərində çox önəmli rol oynayır. Dünyada enerji daşıyıcılarının qiyməti aşağı olanda onların məhsulları daha ucuz başa gəlir ki, bu da yerli məhsulları idxal məhsulları ilə rəqabətdə gücsüz edir”. Bununla yanaşı ekspert  xüsusi olaraq vurğuladı ki, hazırda ölkə daxilində satılan neft məhsullarının qiymətinin mühüm bir hissəsisi vergilər formasında dövlət büdcəsinə daxil olur. İndiki halda neft məhsullarının qiyməti aşağı salınarsa, bu, dövlət büdcəsinə daxilolmaların azalması ilə nəticələnə bilər. O baxımdan hökümət enerji daşıyıcıların qiymətinin aşağı salınmasında hər hansı bir addım atmır. Fikrimcə, belə addımın atacağı da gözlənilən deyil”.

İqtisadçı sonda qeyd edib: "Azərbaycanda neft məhsullarının qiyməti bazar tərəfindən deyil, Tarif Şurası tərəfindən müəyyən edildiyinə görə, hökumətin qiymətə baxışı bu məsələdə əsas rol oynayır. Azərbaycanda neft məhsullarının qiyməti hökumətin istəyindən asılıdır. Bununla belə, məlumdur ki, ötən ildən ölkəmizdə "Aİ-95” və "Premium” markalı benzin istehsal olunmur, bunları SOCAR xaricdən alır. Dünya bazarında neftin qiymətinin düşməsinə rəğmən həmin markalı benzinin qiymətinin ölkə daxilində düşməməsi maraq doğurur. Əslində, bu benzin markası tənzimlənən qiymətlər siyahısına daxil deyil və onun qiyməti bazarda baş verən proseslərə uyğunlaşdırılmalıdır”.
 
Xatırladaq ki, azvision.az saytının sorğusuna cavab olaraq Tarif Şurasında bildiriblər ki, Aİ-92 markalı benzin daxili istehsal olduğundan dünya bazarında baş verən proseslərin onun qiymətinə təsiri yoxdur: "Odur ki, hazırda Tarif (qiymət) Şurasında benzinin qiymətinin dəyişdirilməsi məsələsi müzakirə olunmur”.

Tarif Şurasından bildirilib ki, hazırda ümumi istehlakda payı çox az olan (təxminən 4-5%) "Premium Avro-95” benzini isə Azərbaycana idxal olunur və bu markalı benzinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmir.  
 

Orxan Aslanlı


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb