Dekabrın
17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qarabağ”
futbol klubunun üzvlərini qəbul edib. Bu barədə ANN.Az AzərTAc-a
istinadən xəbər verir.
"Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə
təmsil edir”, - deyən Prezident İlham Əliyev futbolun inkişafının
Azərbaycanda dövlət siyasəti olduğunu, bununla bağlı Dövlət Proqramının
qəbul edildiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan dünyada idman
ölkəsi kimi tanınır və beynəlxalq idman qurumları uğurlarımızı yüksək
qiymətləndirirlər. İdmançılarımızın da mütəmadi olaraq xalqımızı
sevindirdiyini, Olimpiya Oyunlarında yüksək nəticələr göstərdiyini deyən
dövlətimizin başçısı London Yay Olimpiya Oyunlarında və Çində keçirilən
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimizin yüksək nəticələr
göstərdiklərini vurğuladı. Qeyd etdi ki, öz növbəsində dövlət də idmanın
inkişafı ilə bağlı ardıcıl siyasət aparır. Son illərdə ölkədə 50-dən
çox Olimpiya mərkəzi tikilib və onların da 40-dan çoxu bölgələrdə
yerləşir. Mövcud idman qurğuları da yenidən qurulur. Hazırda Bakıda
regionun ən böyük idman qurğusu - Olimpiya Stadionu tikilir. Stadionun
yerləşdiyi ərazidə Böyükşor gölünün təmizlənməsi prosesi gedir. Bununla
da ekoloji tarazlığın qorunması sahəsində ciddi addımlar atılır.
Prezident İlham Əliyev dekabrın 11-də İtaliyanın "İnter” komandası
ilə keçirilən oyunda "Qarabağ” komandasının vurduğu qolun hakim
tərəfindən hesaba alınmamasını hakim briqadasının qeyri-peşəkarlığı,
yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini bildirdi. "Siz böyük
qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında
sizin əlinizdən alındı”, - deyən dövlətimizin başçısı ədalətsizliklə
barışmağın çətin olduğunu, ölkəmizin də bir sıra məsələlərdə bu faktla
qarşılaşdığını vurğuladı. Qeyd etdi ki, bütün çətinliklərə baxmayaraq,
Azərbaycan azadlıq, müstəqillik yolu ilə gedir və heç bir qüvvə ölkəmizi
bu yoldan döndərə bilməz. Klubun adının "Qarabağ” olmasının da
komandanın üzərinə əlavə məsuliyyət qoyduğunu deyən Prezident İlham
Əliyev əmin olduğunu bildirdi ki, gələcəkdə bu komanda xalqımızı
sevindirməkdə davam edəcək.
Komandanın baş məşqçisi Qurban Qurbanov onların fəaliyyətinə
verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Qeyd etdi ki, dövlətimizin başçısının diqqət və qayğısı onların gələcək
işlərində mühüm stimul olacaq. Qurban Qurbanov komandanın yenə də eyni
əzmlə çalışacağına əminliyini ifadə etdi.
"Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl son oyunları
ilə azarkeşlərin rəğbətini qazanan komandanın hakim ədalətsizliyinə
baxmayaraq, ruhdan düşmədiyini dedi. Son hadisə ilə bağlı Avropa futbol
ictimaiyyətində də böyük narahatlıq hisslərinin yaşandığını deyən Tahir
Gözəl "Qarabağ” futbol klubuna, ümumilikdə ölkəmizdə idmanın inkişafına
göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.
Tahir Gözəl dövlətimizin başçısına klubun xatirə hədiyyələrini təqdim
etdi.
Prezident İlham Əliyev keçirilən son oyunda hakimlərin
ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət
nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü dedi. "İdman indi
dünyada ictimai fenomendir”, - deyən dövlətimizin başçısı gələn il ilk
Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Bakıda
keçiriləcəyini, bununla da Azərbaycanın sivilizasiyalararası dialoqun
daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirdi. 2020-ci ildə isə
Bakının futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi
şəhərlər sırasında olduğunu deyən Prezident İlham Əliyev bir daha
komandanın üzvlərini təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !