İlqar Əkbərovun yubiley sərgisi – REPORTAJ

13:35 | 05.06.2015
İlqar Əkbərovun yubiley sərgisi – REPORTAJ

İlqar Əkbərovun yubiley sərgisi – REPORTAJ



Rüstəm Qasımov

İlqar Əkbərov – kimdir o? O, istedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının və "Uluslararası Aktivist Sanatçılar Birliği”nin üzvüdür. May ayının 29-da onun 55 yaşı tamam oldu. Rəssamın yubileyi dostlarını, həmkarlarını, rəsm həvəskarlarını sevindirməkdən ötrü şəxsi sərginin keçirilməsi üçün də yaxşı bir bəhanə oldu. «EXHIBITION» adlanan şəxsi sərginin təşkilatı işlərini "Dədə Qorqud” Milli fondu, Beynəlxalq incəsənət xadimləri assosiasiyasının Azərbaycan nümayəndəliyi və Bakı mərkəzi incəsənət mərkəzi olan «Yeni Gallery» həyata keçirirdilər. 

25 mayda qalereyanın qapıları yubilyarın doğum gününü təbrik etmək istəyənlər və istedadlı rəssamın gözəl işlərindən zövq almaq istəyənlər üçün açıq elan olundu. Sərgini "Yeni Gallery”nin rəhbəri Rafael Gülməmmədli açdı. O, İlqar Əkbərovu təbrik etdi və ona gələcək yaradıcılıq işlərində uğurlar arzuladı. Sonra Azərbaycan Rəssamlar İttifaqının katibi, respublikanın xalq artisti Ağali İbrahimov çıxış etdi, o, İlqar bəyin rəssam kimi formalaşması üçün keçdiyi yoldan, onun rəssamlıq sahəsindəki uğurlarından bəhs etdi və rəssama yaratmaq üçün tükənməz yaradıcılıq şövqü arzuladı. Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev isə İlqar Əkbərovun bir insan kimi məziyyətlərindən böyük coşğuyla danışdı, onun yaradıcılığını yüksək qiymətləndirdi və rəssama uzun illər yaradıcılıqla məşğul olmağı arzuladı. İlqar bəyi təbrik etməyə AR əməkdar artisti Tahir Məmmədov, istedadlı rəssam Məlik Məmmədxanov və digər yerli rəssamlar da gəlmişdilər. 
 


Daha sonra İlqar müəllim "Dədə Qorqud” milli fondunun, "Zirvə” intellekt təşkilatının və Azərbaycan Rəssamlar İttifaqının diplomları ilə təltif edildi.
Qalereyaya rəssamı şəxsi sərgi münsaibətiylə təbrik etməyə çox sayda gənc rəssam da gəlmişdi. Onlara misal kimi, Günel Ravilovanı, Gündüzə Hunlaranı, Könül İsmayılovanı, Lalə Ağayevanı, Məmməd Rəşidovu göstərmək olar. 
 


İlqar Əkbərov onu təbrik etməyə gələnlərə təşəkkür etdi, diplomalara görə minnətdarlığını bildirdi və qonaqlara şəkillərə baxmaq üçün xoş seyrlər arzuladı. Rəssamın işlərinin sayı çox olsa da, qalereyada cəmi 24 əsəri sərgilənirdi, səbəb isə "Yeni Gallery”nin çox sayda əsər nümayişi üçün kifayət qədər yerinin olmaması ilə əlaqədar idi, buna görə də rəssam əsərlərin nümayişini məhdudlaşdırmalı olmuşdu. Həm də, şəkillərin ölçüləri balaca deyil, kifayət qədər böyük idi. Əkbərov özü şəxsən əsərlərini qonaqlara nümayiş etdirir, onların necə çəkilməsi ilə bağlı şərhlər verirdi. Rəssam çox yüksək əhval ruhiyyədə, ünsiyyətcil və xoşrəftar idi. Heç kim onun diqqətindən kənarda qalmadı. Çoxları onun əsərləri və yaxud özüylə şəkillər çəkdirirdi. 
 


İlqar müəllim sərgidə müxtəlif süjetləri olan əsərlərini təqdim edirdi. Burada dəbdəbəli gül buketləri, lalələr var idi. 
 


İki tabloda iri, yetişmiş nar meyvəsi təsvir edilmişdi. 
 


Digər iki şəkil isə bizim şəhərimizin ürəyi köhnə İçərişəhərə həsr olunmuşdu. 
 


Abşeronun, dalğaların rəqs elədiyi Xəzər dənizimizin də təsvirləri vardı. 

İlqar Əkbərova abstraksionizm janrı yad deyil. Parlaq rənglərlə dolğun şəkillər işıq və xoş aura saçırdı. Mavi, sarı, tünd qırmızı, qara, ağ və narıncı rənglərin həkk olunduğu tablolardan parlaq rənglərin palitrası keçirdi. 
 

 

Azərbaycanın Göyçay, Qarabağ, Laçın və Abşeron kimi regionları tablolara xüsusi sevgi və zövqlə həkk olunmuşdu. Ancaq Bodrumun dəyirmanları da öz genişliyi, azadlığı və aydınlığı ilə qonaqların diqqətini cəlb etdi. 
 


İlqar müəllimin peyzajları - dağlar, düzənliklər və ağaclar xüsusi diqqətlə çəkilib. Hiss olunur ki, rəssam hər bir rəsmin çəkilməsi prosesinə xüsusi canfəşanlıqla yanaşır və özünün geniş daxili dünyasını bu şəkillərdə əks etdirir.  
 


«Firtino» adlı rəsm mənim çox xoşuma gəldi – parlaq, şən, təravətli. Burda qırmızı, mavi, tünd mavi, ağ, bənövşəyi rənglər elə qarışdırılmışdı ki, izləyici baxanda istər-istəməz onda həyat eşqi baş qaldırırdı. 
 


Ancaq sərgidə ən təsirli, ilk baxışdan gözə girən tablo qalereyanın arxa divarında sərgilənən «Zəngin sütür musiqisində» adlı rəsm əsəri idi. 
Qızmar günəşin altında hərəkət edən və bədəvilərin mindiyi dəvələrin təsviri böyük ustalıqla işlənmişdi. Tablo demək olar ki, hər bir qonağın diqqətini cəlb edirdi. Bu, əsl şedevr idi, ona baxdıqca baxmaq istəyirdin. 
 


Sərgi çox uğurlu alınmışdı və İlqar Əkbərovun əsərləri ilə tanış olan ziyarətçilərin hər biri məkandan gözəl təəssüratlarla ayrılırdılar. Biz də öz növbəmizdə istedadlı rəssamımıza uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Yubilyarı 55 yaşı və şəxsi sərgisi münasibətiylə təbrik edirik. 

ANN.Az xəbər portalı paytaxtımız Bakıda keçirilən mədəni tədbirləri diqqətdən kənarda qoymur və sizin diqqətinizə İlqar Əkbərovun şəxsi sərgisində çəkilmiş fotoları da təqdim edirik. 

Fotoların müəllifi: Lyubov Qasımova















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM