İmre Lasloski: “Macarıstan cənub istiqamətindən qazın əldə edilməsində maraqlıdır”

12:33 | 06.05.2016
İmre Lasloski: “Macarıstan cənub istiqamətindən qazın əldə edilməsində maraqlıdır”

İmre Lasloski: “Macarıstan cənub istiqamətindən qazın əldə edilməsində maraqlıdır”

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Lasloski Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

 Görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə və informasiya səviyyəsində əlaqələri genişləndirmək imkanlarına toxunulub. 

Səfirin sözlərinə görə, enerji təhlükəsizliyi Macarıstan üçün bir nömrəli problemdir. "Biz enerji daşıyıcılarımızın 53 faizini idxal edirik. O cümlədən, sərf olunan qazın 80 faizi Rusiyadan daxil olur”, - deyə İmre Lasloski qeyd edib.

Səfirin fikrincə, bununla əlaqədar, Macarıstan tədarük mənbələrini diversifikasiya etməyə çalışır və cənub istiqamətindən də qazın əldə olunmasına maraq göstərir.

"Ümidvarıq ki, biz cənub istiqamətindən də interkonnektor vasitəsilə qaz əldə edəcəyik. Bir çox ölkələr ümidini bu qaza bağlayıb, lakin Cənub Qaz Dəhlizinin (CQD) əsl mahiyyəti gələcəkdə ona İran və Mərkəzi Asiya ölkələrindən də qazın qoşulmasının mümkünlüyündən ibarətdir.  CQD nəhəng funksiyaya malikdir ki, buna da həmin layihənin təşəbbüskarlığını öz üzərinə götürən Azərbaycan sayəsində nail olunub. Bu addımı təkcə Macarıstan deyil, öz tədarük mənbələrini diversifikasiya etməkdə maraqlı olan bütün Avropa dövlətləri yüksək qiymətləndirir”, - deyə İmre Lasloski vurğulayıb.

 İkitərəfli əlaqələrdən bəhs edən səfir qeyd edib ki, Azərbaycan və Macarıstanın iqtisadiyyatı "tranzit mərhələsi”ni, yəni bazar iqtisadiyyatına keçid dövrünü yaşayır. Onun sözlərinə görə, bu iki ölkə qarşısında yaranan problemlər də eynidir. Səfirin fikrincə, bu baxımdan, Macarıstan və Azərbaycan bir-birləri üçün faydalı ola bilər.

Səfir çıxışı zamanı Azərbaycanda investisiya mühitini müsbət qiymətləndirib. "Liderlərimiz arasında böyük etimad yaranıb. 2013-cü ildən etibarən iki dövlət arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başlayıb. 2014-cü ildə Prezident İlham Əliyevin Budapeştə səfəri zamanı strateji partnyorluq barədə saziş imzalanıb. Macarıstanın Baş naziri Viktor Orbanın bu yaxınlarda baş tutan səfəri zamanı isə tərəflər hər il mütəmadi olaraq görüşmək və fikir mübadiləsi aparmaq barədə razılıq əldə ediblər”, - deyə səfir çıxışına davam edib.

"Əməkdaşlığı hansı istiqamətlər üzrə genişləndirəcəyimizi müəyyənləşdirmək mühüm məqamlardandır. Mənim arzum informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün ortaq investisiya fondunun yaradılmasıdır. Macarıstanın bu sahədə irəli sürə biləcəyi maraqlı təklifləri var. Sözügedən bazarın Hindistan, Rusiya, ABŞ, Kanada, Fransa və s. kimi nəhəng iştirakçıları ilə yanaşı, biz də öz xidmətlərimizi həmin səviyyədə, lakin daha sərfəli qiymətlərlə təklif edə bilərik. Bu yaxınlarda Macarıstanın hökumət başçısının Bakıya səfəri zamanı həmin istiqamətdə ilk addımlar atıldı”, - deyə o qeyd edib.

Bundan əlavə, Macarıstan ortaq layihələrin maliyyələşdirilməsi məqsədilə ExImBank vasitəsilə 200 milyon ABŞ dollarından yuxarı məbləğdə kredit xətti açıb. "Biz ortaq müəssisələrin yaradılmasını məqsədəuyğun və faydalı hesab edir, Azərbaycan şirkətləri ilə birgə işləməyin daha etibarlı olduğunu düşünürük”, - deyə o söyləyib.

Görüşün sonunda İmre Lasloski "Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli münasibətlərin, eləcə də iqtisadi və investisiya əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunub, enerji bazarının inkişaf perspektivlərindən danışıb, o cümlədən turizm sektoru və enerji əməkdaşlığından da bəhs edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM